Rauf Mirqədirov: “AŞPA-da baş verənlər Azərbaycan diplomatiyasının məğlubiyyətidir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti. Foto: “Azərtac”

Emil Məmmədli

Anar Məmmədli: “Qurumu tərk etmək Azərbaycanın reputasiyasına mənfi təsir edər”

Azərbaycan 23 il üzvü olduğu Avropa Şurası ilə münasibətlərinin ən gərgin dövrünü yaşayır.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Bəyanatı səsləndirən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, qərarı təşkilatda olan Azərbaycana qarşı ədalətsiz mövqe, islamafob, azərbaycanafob meyllərlə əlaqələndirib.

AŞPA-nın 2023-cü il payız sesiyasında Azərbaycanın Qarabağ regionunda keçirdiyi anti-terror əməliyyatı pislənmişdi. Buna cavab olaraq Azərbaycan AŞPA-ya fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərmədi. Bu da qurumda Azərbaycana qarşı münasibəti daha da kəskinləşdirdi. Monitorinq Komitəsinin çərşənbə axşamı keçirilən iclasında Azərbaycana qarşı qəbul olunan sənəddə, səbəblərdən biri kimi də, məhz bu göstərilib.

“Səməd Seyidov Azərbaycana qarşı sərt qərarın verilməsi üçün əlindən gələni etdi”

Hadisələri izləyən Ukrayna mətbuatı da, monitorinq Komitəsində Azərbaycanla bağlı nisbətən yumşaq qərarın çıxarıla biləcəyini qeyd edib, lakin vurğulayıb ki, rəsmi Bakı özü münasibətlərin gərginləşməsinə doğru addım atıb.

Ukrayna nəşri olan “Evropeyskaya pravda”nın müəllifi ilə söhbət edən avropalı parlamentarilər vurğulayıblar ki, Bakının belə addım atmasının səbəbini anlamırlar. Onlar bildiriblər ki, İlham Əliyevin Qarabağda qələbədən sonra ölkədə nüfuzu heç kimdə şübhə doğurmur və hər hansı bir saxtakarlıq etmədən belə seçkilərdə qalib olacaq. Bunun fonunda onlar AŞPA-nın müşahidəçi kimi dəvət edilməməsini təəccüblə qarşılayırlar və qeyd ediblər ki, Azərbaycan tərəfinə bunu bir neçə dəfə izah etsələr də, onlar razılıq verməyiblər.

Avropa Şurası Parlament Assambleyası
Foto: arxiv

Daha sonra qeyd olunub ki, Azərbaycanla AŞPA arasında konsensus tapmaq mümkün olardı, lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hər şeyi etdi ki, vəziyyət daha da gərginləşsin:

“Çərşənbə axşamı komitənin iclasına gələn Səməd Seyidov qarşıdurmanı elə orada bitirə bilərdi. Amma belə təəssürat yarandı ki, o, daha çox parlamentarinin Azərbaycana qarşı mövqe tutmasını istəyir. Əgər Azərbaycana qarşı ən ağır qərarın verilməsini istəyirdisə, o, buna nail oldu. Seçkiləri izləməklə bağlı kiçik bir məsələ Səməd Seyidovun çıxışı nəticəsində Azərbaycana qarşı ağır ittihamlara çevrildi”, – “Evropeyskaya pravda” yazır.

“7 fevraldan sonra Azərbaycan dialoq kanallarını açmağa çalışacaq”

Baş verənləri Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov deyib ki, bu hadisə Azərbaycan diplomatiyasının ən böyük məğlubiyyətlərindən biridir.

Ən azından ona görə ki, söhbət nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına cavab olaraq atılıb. Yəni Azərbaycan tərəfi qərarın qarşısını ala bilməyəcəyini düşünərək əvvəlcədən AŞ PA-nı qeyri-müəyyən müddətə tərk edir. Bu, onun göstəricisidir ki, Azərbaycan xarici siyasəti elan olunduğu kimi o qədər də uğurlu deyil”, – o deyib.

R.Mirqədirovun fikrincə, rəsmi Bakının müttəfiqlərinin sayı o qədər azalıb ki, Azərbaycana qarşı müəyyən sanksiyaların tətbiqi gerçəkliyə çevrilib.

Digər tərəfdən, o qeyd edib ki, demokratik vəziyyət, mətbuatın durumu sözsüz ki, çox ağırdır, 10-dan çox jurnalist həbsdədir, onlardan üçü xanımdır, əgər məhkəmə olsa, onların hər birini uzunmüddətli həbs gözləyir.

“Qərb dövlətləri, ilk növbədə ABŞ Azərbaycana mesaj göndərsə də, bunlar simvolik sanksiyalar idi, yəni 907-ci Düzəlişin bərpa olunması və s. Ardınca Avropa Birliyinin bəyanatı oldu və nəhayət, Avropa Şurasının addımı özü-özlüyündə mesajlardır. Bu gün azadlıqla köləlik arasında qlobal savaş gedir, təəssüf ki, Azərbaycan öz yerini dəqiq müəyyənləşdirə bilməyib. Vəziyyəti indiki hala gətirən Azərbaycanın danışıq prosesindən yayınması, Rusiyaya meyl etməsi, yəni təcavüzkarla daha da yaxınlaşması Qərbi narahat edir”, – ekspert deyib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

R.Mirqədirov bəyanatda “Avropa Şurası Ermənistandan işğalçı siyasətinə görə cavab tələb etməyib”, müddəasına istinad edərək, qeyd edib ki, Avropa Şurası qurumun üzvü olan bir dövlətin digər üzvü olan başqa bir dövlətin ərazisini işğalını dözülməz və yolverilməz olduğunu bəyan edən ilk beynəlxalq təşkilatdır.

“Ermənistana qarşı hər hansı sanksiyalar tətbiq etməsinə gəlincə, bu, Azərbaycan diplomatiyasının fəal olması, mövcud istiqamətlərdən istifadə etməsinə bağlı məsələdir. Mən xatırlamıram ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası qarşısında Ermənistanın səlahiyyətlərinin dayandırılması haqda məsələ qaldırsın”, – o deyib.

Bununla belə, siyasi icmalçı hesab edir ki, Azərbaycan qurumdan çıxmağa hazır deyil və bu hadisə müvəqqəti demarşdır.

Onun fikrincə, indiki gərginlik seçkilərə qədər davam edəcək, 7 fevraldan sonra Azərbaycan dialoq kanallarını açmağa və ya bərpa etməyə çalışacaq.

Bunun səbəblərindən biri Bakının iqtisadi cəhətdən Qərbdən asılılığıdır. Ölkənin valyuta ehtiyatlarını bərpa etməyə, investisiyaya çox böyük ehtiyacı var. Bu isə Qərblə əməkdaşlıq çərçivəsində mümkündür. Eyni zamanda, Azərbaycan siyasi elitasının Qərb ölkələrində ən azı mülkiyyət səviyyəsində yatırımları var. Düşünmürəm ki, Qərblə münasibətləri tamamilə pozaraq Azərbaycan neft-qaz gəlirlərindən tamamilə məhrum olmağa və siyasi elitanın nümayəndələri də mülkiyyətlərini itirməyə hazırdır”, – R.Mirqədirov deyib.

O hesab edir ki, Bakı 7 fevraldan sonra sülh danışıqlarını sürətləndirərsə, qısa müddətdə sülh müqaviləsini imzalayarsa, Rusiya və İranla münasibətlərdə əvvəlki tarazlığı bərpa edərsə, əlaqələr bərpa olunacaq.


“Avropa Şurasından çıxmağın fəsadları ola bilər”

İnsan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli də hesab edir ki, nümayəndə heyətinin bəyanatı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını birmənalı şəkildə dayandırmaq anlamına gəlmir.

Bu, müzakirəöncəsi verilən bəyanatdır və müzakirənin nəticəsindən çox şey asılıdır. Əgər Parlament Assambleyasının müzakirəsi zamanı hər hansı şərtlər irəli sürülərsə, müəyyən zamanda əməkdaşlığın bərpa olunması mümkündür. Hazırkı böhranda Azərbaycan tərəfi müzakirələrdə iştirak etmək istəməyib, müzakirələri boykot edib və fəaliyyətini dondurub. Güman edirəm, bu, Parlament Assambleyasının hər hansı qətnamə və ya tövsiyələr sənədindən asılıdır ki, bundan sonrakı gedişat necə olacaq”, – o bildirib.

A.Məmmədlinin fikrincə, bütövlükdə Azərbaycanın bir gündə qurumu tərk etməsi heç də mümkün deyil. O qeyd edib ki, elə bir proses başlayarsa, bu, uzun çəkəcək.

Çünki Azərbaycan Avropa Şurasının bir sıra sənədlərinə qoşulub, strukturları ilə əməkdaşlıq edir. Əgər üzvlükdən çıxmaq məsələsi aktuallaşarsa, təbii ki, fəsadları ola bilər. İlk növbədə Azərbaycan vətəndaşları bundan əziyyət çəkəcək, çünki Avropa Şurası Avropa məkanında ən mükkəməl insan haqları təşkilatıdır”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

O hesab edir ki, Avropa Şurasına üzv olmaq bir prestij məsələsidir, bundan həm vətəndaşlar, həm də dövlət qurumları istifadə edir. A.Məmmədlinin sözlərinə görə, gedişat belə davam edərsə, Azərbaycan üçün mənfi imic yarada bilər.

“Təsəvvür edin ki, Azərbaycan musiqi yarışması, idman və başqa mədəni tədbirləri keçirir, Avropa bankları ilə əlaqələr genişlənir. Yəni bütün bunların formalaşmasında Avropa Şurasının böyük rolu var. Birdən-birə belə bir qərar Azərbaycanın reputasiyasına mənfi təsir edər ki, bundan da vətəndaşlar əziyyət çəkər”.

Ekspert yaranmış vəziyyətin daha da kritik hala keçəcəyini düşünmədiyini də deyib.

“Məncə, yaxın zamanlarda bu məsələlərə aydınlıq gələcək. Heç də hesab etmirəm ki, Bakının Avropa Şurasından incikliyi məhz Qarabağ ermənilərinin Azərbaycanı tərk etməsi haqda ittihamlarla bağlıdır. Bu ittihamları yerində oturtmağa Azərbaycanın kifayət qədər resursları var. Məsələ həm də Beynəlxaq Ədalət Məhkəməsindədir, Ermənistanın məhkəməyə şikayəti var, ona baxılır. Hökumət kifayət qədər ciddi arqumentlər qoya bilər ki, bunlar gündəlikdən çıxarılsın”.

Onun sözlərinə görə, əsas səbəb daha çox Azərbaycanın monitorinq altında olan ölkə kimi əməkdaşlıq etməməsidir. A.Məmmədli xatırladıb ki, həmməruzəçilər uzun müddət ölkəyə buraxılmayıb, onlar sonuncu dəfə Azərbaycan gələndə məhbuslarla da görüşlərinə icazə verilməyib.

“Sonuncu dəfə 7 fevral növbədənkənar Prezident seçkisinə də dəvət etmədilər. Yəni saymazyana, etinasız münasibət göstərildi. Bütün bunlar da istər-istəməz münasibətləri gərginləşdirib. Amma çıxış yolu var və daha çox AŞPA-nın verəcəyi qərardan asılıdır ki, Azərbaycanla bağlı məsələlərdə nələri əsas götürür və hansı şərtləri irəli sürür”.

Ana səhifəSiyasətRauf Mirqədirov: “AŞPA-da baş verənlər Azərbaycan diplomatiyasının məğlubiyyətidir”