”Rasimin ölümü jurnalistikaya basqının nəticəsidir”

Avqustun 9-da jurnalist Rasim Əliyevin ölümündən bir il ötdü. Jurnalistin yaxınları, həmkarları, siyasi partiya liderləri onun qəbrini ziyarət ediblər.

 “Rasim azad söz yolunda, özünün ləyaqətli həyatı uğrunda ömrünü fəda elədi. Adicə bir mübahisənin üstündə cavan, həyat dolu bir gənci qətlə yetirmək nadanlıqdır. Nadanlığı edənlərin bir qismi həbsdədirlər. Amma hələ ki, haqq-ədalət yerini tutmayıb. Çünki kifayət qədər ciddi şübhələr var ki, bu sadə bir söz-söhbətin nəticəsi deyildi. Bu, həm də vətəndaş mövqeyi olan bir insanın sıradan çıxarılması idi”-deyə Milli Strateji Düşüncə Mərkəsinin sədri İsa Qəmbər vurğulayıb.

“Turan”İA-nın rəhbəri Mehman Əliyev hesab edir ki, Rasimin ölümü azad jurnalistikaya qarşı aparılan basqıların nəticəsidir:

“Jurnalist çoxdur. Lakin azad sözə, prinsiplərə sadiq olanlar çox azdır. Onlardan biri də Rasim Əliyev idi. Bu cinayəti törədən adamları məhkəmələrdə də gördük. Onlar təəssüf hissləri keçirmirdilər. Sanki bunu elədiklərinə görə fərəhlənirdilər. Bu gün bizim aramızda nə Mətbuat Şurası, nə də Prezident Administrasiyasının nümayəndələri var. Bu, Azərbaycan hökümətinin azad jurnalistikaya münasibətidir”.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyev bir gün sonra vəfat edib. Ölümündən sonra jurnalistin işi ilə əlaqədar cinayət işi açılıb. Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılova – 14 il, Arif Əliyevə – 14 il, Camal Məmmədova – 12 il, Samir Mustafayev və Kənan Mədətova da 11il 6 ay həbs cəzası verilib. Futbolçu Cavid Hüseynov isə ağır cinayəti bilib xəbər verməməkdə ittiham edilirdi. O, 4 il azadlıqdan məhrum edilib.

Jurnalistin valideynləri isə Cavid Hüseynovun bu qətldə sifarişçi olduğunu düşünür.

Ana səhifəVideo”Rasimin ölümü jurnalistikaya basqının nəticəsidir”