Elə adamlar var ki, onlar bizim həyatımızda olmasaydılar, tale bizi o adamlarla vaxtında görüşdürməsəydi, həyatımız tamam başqa cür olardı. Bəli, bəzi insanlara başqalarının talelərinin axarını dəyşmək bacarığı verilib. Onlar bizim həyatımızda peyda olur, hər şeyi dəyişir, darmadağın edir, təzədən qurur və təvazökarcasına kənara çəkilirlər.
On il əvvəl biz, təzə-təzə yazmağa başlayan, əsl ədəbiyyatın, əsl yaradıcılığın harada, nədə olduğunu hələ tapa bilməyən bir dəstə gənc yazar, Rasim Qaraca ilə tanış olduq. Onun söhbətləri, məsləhət gördüyü kitablar, gözümüzü açdığı dünya ədəbiyyatı baxışlarımızı, zövqümüzü dəyişdi. Ədəbiyyata azdan-çoxdan dəxli olanların çoxu AYB-də qocaların yedəyində qoşulub, ağır romanlarla, tirajlarla, pafoslu yazıçıların tarixçələri ilə, AYB kahinlərinin saxta və ucuz şöhrəti ilə gözümüzü qırmağa çalışanda, Rasim Qaraca bizi ürəkləndirdi. Əsl ədəbiyyatın pafosdan, hoqqabazlıqdan çox uzaqda olduğunu başa saldı. Ciddi, yeni ədəbiyyat oxutdurdu. Danışdığımız ən sadə şeyləri «bunların yazın» deyib, yazı, roman, nəsr xofumuzu məhv elədi.
O illərdə, o kasıb, boz, maraqsız illərdə, AYB-nin ədəbiyyata ayrılan bütün imkanları mənimsəyib, ortaya heç bir ədəbiyyat, heç bir imza çıxarmadığı o illərdə Rasim Qaraca təkbaşına özü bir ədəbi mühit, özü bir ədəbi təşkilat, özü bir ədəbi cərəyan idi.
Baş redaktordan birtəhər, birini utandıra-utandıra, birini qılıqlaya-qılıqlaya qəzetlərində aldığı səhifələrdə, min bir qapı dolaşıb, tapdığı cüzi pullarla çıxardığı almanaxlarda, jurnallarda bizi çap elədi. Məhz Rasimin zəhmətinin sayəsində bizim nəsil çap olunmaq problemini yaşamadı. Ağlınız indiyə getməsin. On il əvvəl belə deyildi. Onlarla sayt, sosial şəbəkələr-filan yox idi. Ancaq AYB-nin nəşrlərində çap olunmaq imkanı var idi ki, onun üçün də olduqca aşağı sort, milli şeylər yazmaq, ya da o nəşrlərə rəhbərlik edənlərə yaltaqlanmaq lazım idi. Çünki həmin nəşrlər əsl ədəbiyyatın da, istedadlı gəncliyin də üzünə qapalı idi. Bizə qədər neçə adam o qapılarda illərlə gözləyib, uğursuz, şöhrətsiz qocalmış, uğursuzluqdan içkiyə qurşanmış, həyatlarını məhv eləmişdilər.
Rasim heç birimizi çap olunmaq, uğur qazanmaq, imzamızı tanıtdırmaq üçün ədəbiyyata, yaradıcılığa dəxli olmayan o adamlara, o nəşrlərə möhtac olmağa qoymadı. Bir neçə qəzetin baş redaktorlarını birəhər dilə tutub, həftədə bir səhifə alırdı. Ən keyfiyyətsiz kağızla jurnal, almanax çıxarır, bizim yazıları çap edirdi. Bəzən şeirlərimizi, yazılarımızı bizdən zorla alır, ərki çatan bir baş redaktoru məcbur edirdi ki, öz qəzetində çap eləsin.
Rasim bəlkə də ən çox oxucunu şairə, yazıçıya, publisistə çevirmiş adamdı. İçində bir damcı işıq, istedad, bacarıq olan heç bir gənc onun gözündən yayınmayıb, diqqətindən kənarda qalmayıb. Birinə əməlli-başlı necə yazmaq, nədən yazmaq lazım olduğunu öyrədib, birinin əlindən tutub, internetə girməyi başa salıb, birinə daha çox kitab oxutdurub, birinə mövzu verib, birinin ilk kitabını nəşr elətdirib. Rasim şair, yazıçı, publisist yetişdirmiş deyil, şair, yazıçı, publisistlər yaratmış adamdır.
Bununla belə, yaratdığı şairlərin, yazıçıların, publisistlərin uğuru, şöhrəti onun uğurunu, şöhrətini üstələyəndə, o təmkinini pozmadı. Yaratdığı şairlər, yazıçılar, publisistlər ona qarşı nəsə yazanda da, əsl kişi kimi davrandı, heç kimə minnət qoymadı. Onun bir əlinin verdiyini o biri əli heç vaxt bilmədi. O, balığı dəryaya atdı və nə balığın, nə də Xalıqın bunu qiymətləndirməyini ummadı. O öz yoluna arxayın, təmkinlə, sakitcə davam elədi.
Bu gün Rasim bəyin doğum günüdür. Açığı, neçə yaşı tamam olur, bilmirəm. Amma bilirəm ki, hələ uzun müddət onun yaşı ilə maraqlanmaya bilərik. Geyimi, yaraşığı, xoşagəlimliliyi, durmadan yenilənməyi yerindədi. Ədəbi hadisə yaratmaq bacarığı, təkbaşına ədəbi mühit ola bilmək fərasəti yerindədi. O hər şeyi, hər addımı ilə örnək olmaqdadı.
Rasim bəy, bir vaxtlar gözümüzü açdığınıza, əlimizdən tutub kömək elədiyinizə, doğru yolu göstərdiyinizə görə çox sağ olun. Siz tanıdığım ən maraqlı kişi, ən yaxşı yazıçı, ən gözəl şair, ən fədakar ədəbiyyat adamlarından birisiniz.