Rasim Əkbərova sui-qəsd ilə əlaqədar məhkəmə prosesi başlayır

Rasim Əkbərov, Foto: Axar.az

Təqsirləndirilən şəxs Gəncədə mühakimə olunacaq

Goranboydakı N saylı hərbi hissənin komandiri olmuş və Qarabağ döyüşlərindəki xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Rasim Əkbərova qarı sui-qəsd ilə əlaqədar məhkəmə prosesi başlayır. Sabiq Milli Qəhrəmanı yaralamaqda ittiham olunan Xaliq Məmmədovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılacaq.

Meydan TV-nin əldə etdiyi məlumatda bildirilir ki, dekabrın 28-də bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Xaliq Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. O bildirib ki, yaxın qohumu olan qadına qarşı baş verənlərə görə Rasim Əkbərovu bıçaqla vurub. Hadisə sentyabrın 8-də Goranboy şəhərində baş verib.

6 bıçaq zərbəsilə xəsarət alan 64 yaşlı Rasim Əkbərov Gəncədəki xəstəxanaya yerləşdirilib.

Rasim Əkbərov 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bir neçə il sonra dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Rasim Əkbərova 15 il cəza kəsilib. Həmçinin mərhum prezident Heydər Əliyev 2001-ci ildə onun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum olunması barədə fərman imzalayıb.

Rasim Əkbərov 2008-ci ildə əfv sərəncamıyla həbsdən buraxılıb. Azadlığa çıxandan sonra onun doğulduğu Goranboy rayonunda bizneslə məşğul olduğu bildirilir.

Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. Qayınatası Səfiyar Musayev isə Milli Məclisin keçmiş deputatı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı olub. O, həm də “91-lər”dən (1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalı) biri olub.

Ana səhifəSosialRasim Əkbərova sui-qəsd ilə əlaqədar məhkəmə prosesi başlayır