“Qurtuluş-93”ün satış müdiri cəzalandırıldı
Bakının Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevə hökm oxunub. Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə təqsirli bilinib.
Hadisə 2021-ci il iyunun 14-də gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib. Onun idarə etdiyi “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas”la toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobildə olan daha üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur.
Məhkəmədə hökm elan olunmamışdan əvvəl vəkil Əli Hüseynov çıxış edərək, Elşad Kəlbəliyevə bəraət verilməsini istəyib. Vəkil bildirib ki, müvəkkilinin avtomobili sərxoş vəziyyətdə idarə etməsi məhkəmədə sübuta yetirilməyib. Protokolda bu məsələ əksini tapsa da, hadisədən bir neçə saat sonra keçirilən ekspertiza rəyində Elşad Kəlbəliyevdən götürülmüş qan və başqa nümunələrdə narkotik, alkoqol aşkarlanmadığı yazılıb: “Elşad Kəlbəliyevdə yüngül alkoqol sərxoşluğun müəyyənləşdirildiyi yazılan protokoldan görünmür ki, nəyin əsasında bu, müəyyən olunub. Halbuki, əlimizdə bunun əksini sübut edən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi var. Məhkəmədə təkrar avtotexniki ekspertiza keçirilməsi barədə vəsatət qaldırdıq. Yeganə vəsatətimiz də təmin olunmadı. Təəssüf ki, bizi məhkəmədə dinləyən olmadı. Yəqin ki, bu çıxışım da formal olacaq. Məhkəmə sərxoşluqla bağlı ittihamı da qüvvədə saxlayacaq. Əksi olsa, üzr istəməyə hazıram. Sanki məhkəmələr ittiham aktının hökmə çevrilməsi üçün bir mərhələdir. Bu qədər ədalətsizlik olmaz. Qanuna hörmət qoyaq…”
Elşad Kəlbəliyevin o biri vəkili isə bildirib ki, məhkəmənin onun haqqında uzunmüddətli həbs hökmü çıxarıb, cəmiyyətdən təcrid etməsinin cəmiyyətə ancaq ziyanı olacaq.: “Bu şəxs böyük bir kollektivə rəhbərlik edib, yüzlərlə işçi oradan ailəsinə çörək aparıb. Çoxsaylı adamlara yardım edib. İkinci Qarabağ döyüşlərində həm maddi, həm mənəvi baxımdan yardım edib – ərzaq, geyim daşınmasını həyata keçirib. Buna görə Müdafiə Nazirliyi tərəfindən təltif olunub. Belə olan halda, onu cəzalandırıb, həbsə göndərməklə nə əldə olunacaq? Əgər azadlıqda olarsa, zərərçəkmişlərə bundan sonra da yardım edəcək. Zərərçəkmişlərin hamısı ilə barışıq əldə olunub. Onu həbsdə saxlamaqla sosial ədalət bərpa olunmayacaq”.
Elşad Kəlbəliyev özü də son sözündə bildirib ki, ümumiyyətlə, spirtli içki qəbul eləmir:
“Özümü günahkar saymıram. Yola qaçan adamları vurmamaq üçün maşını sola çəkdim və bu hadisə baş verdi”.
O, ifadəsində də bildirmişdi ki, hadisə günü Novxanı qəsəbəsində avtomobillə hərəkət edəndə qəfildən yola piyada çıxıb:
“Novxanı ərazisində döngədə yol kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olub, həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki solda maşınla toqquşdum…”
İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən iki dəqiqəlik müşavirədən sonra Elşad Kəlbəliyevin 9 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi bildirildi.
Elşad Kəlbəliyev özü də “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri olub. O həm də kompleksin sahibi Məhərrəm Novruzovun bacısı oğludur.
Elşad Kəlbəliyev 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.