Kremldən deyiblər ki, bu, Kadırovun müstəsna səlahiyyətidir
Çeçenistan rəhbəri Ramzan Kadırovun 24 yaşlı qızı Ayşatın “Çeçenistanın Xalq artisti” adına layiq görüldüyü bildirilir.
Bu barədə Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, mükafatlandırma mərasimi oktyabrın 2-si axşam baş tutub.
Mərasim zamanı Ayşata həmçinin “Vətənə xidmətlərinə görə” ikinci dərəcəli orden təqdim edilib.
O, bu mükafata Rusiya Pezidentinin sentyabrın əvvəli imzaladığı fərmanla layiq görülüb.
“Podyom” nəşrinin jurnalistləri Putinin mətbuat katibi Dmitri Peskovdan Kadırovın qızına Çeçenistan Xalq artisti adı verilməsinə şərh verməsini xahiş ediblər.
“Bu, bölgə daxilində kadr təyinatıdır, bölgə rəhbərinin müstəsna səlahiyyətidir və hazırda Kadırov öz səlahiyyətindən istifadə edir”, – Peskov bəyan edib.
Oktyabrın 2-si Ramzan Kadırov məlumat yayıb ki, qızı Ayşatın baş nazirin sosial məsələlər üzrə müavini vəzifəsinə namizədliyini hökumət üzvləri təklif edib.
Kadırov bu təklifi dəstəklədiyini yazıb və əlavə edib ki, 24 yaşlı Ayşat Mədəniyyət Nazirliyinin fəaliyyətinin yaxşılaşmasına böyük töhfələr verib və bu sahədə iş təcrübəsi yığıb.
Ayşat Kadırova 2021-ci ilin oktyabrından Çeçenistan mədəniyyət naziri vəzifəsini tutub.
O, bundan əvvəl Çeçenistan mədəniyyət nazirinin birinci müavini olub.
Respublika rəhbərinin qızı dövlət xidmətinədək üç il “Firdaws” islam moda evini idarə edib