Ramiz Rövşən və Raskolnikov

Vətəni sevməyin çətin olduğu Bəxtiyarlıq

Source:

Dünənki gün, deyəsən ictimai həyata “poeziya axşamı” ovqatı ilə düşəsi oldu. Zatən bu ovqat bizi heç zaman tərk etmir.

Demək, bir aparıcı qəzetimiz vətənsevər “narahat şair” haqda odlu-alovlu “Bəxtiyarlıq” (Allahsızlar, heç olmazsa məqalənin başlığını bir az fərqli edin, birdən kimsə yüz dəfə deyilmiş bu klişeni növbəti dəfə kopyalamaq istəyər, klaviaturada barmağı səhv düşər, biabır olluq külli-aləmdə, nəsə) məqaləsi dərc etdi,

O biri tərəfdən də artıq neçə gündür “zorlanmış qızı sevməyə utanan” “atam balasının” “vətəni sevməyin çətin olduğu haqdakı” məşhur şeiri tirajlanır, ona da atmosferdə “bəh-bəh” tipli şərhlər uçuşurdu. Bunların haqqında necə deyərlər, “çox yazılıb, çox deyilib, hələ bundan sonra da çox yazılacaq və çox deyiləcək.” Sitat yuxarıda ismi çəkilən məqalədəndir.

Nəsə, tam doğru buyurulubdur, allah xeyir eləsin, poeziyamızın canın sağ eləsin. Azar-bezar bizim poeziyanın canından uzaq olsun, dərdi-bəlası getsin iraqlara, vobşe bizi istəməyənlərin də cigərürinə azzar olsun. Bunu da elə-belə dedim.

Əslində, elə-belədən deyildi, bizim folklorda kiməsə qarğış edəndə onun ölümünü arzu etmək də var, bu da çox-çox mənfi haldır, düşünürəm. Əgər kimsə kiməsə qızıbsa, əksinə, ona çox-çox uzun bir ömür arzulamalıdır ki, həqiqi sifətini aça bilsin, bunun üçün zaman olsun.

Bu mənada doğrusunu deyim ki, Tanrıya şükürlər olsun ki, “Bəxtiyarlıq” məqaləsinin baş qəhrəmanı həyatını kifayət qədər sürə bildi. Əks halda, içi elə mən də qarışıq, o dövrün gəncliyi elə bir təkərə düşəcəkdi ki, daha külli-aləm də yığılıb bizi oradan çıxara bilməzdi. Allah eləməmiş, tutalım 1992-nin yayında-filanında birdən Bəxtiyar müəllim bu dünyanı tərk etsəydi, bitmişdi məsələ, indi bizim baş sakral qəhrəmanımız o idi, daha heç bir yaradıcılığa-filana da baxan deyildik, əsla. Yaxşı ki, Tanrı ömür verdi, yaşadı, biz də gördük, anladıq, başa düşdük, buna da şükür.

Əgər kimsə desə ki, bir yaradıcının həyat tərzi, ictimai mövqeyi ilə onun yaradıcılığı arasında belə paralellər aparmaq gərək deyil, həyat ayrı, yaradıcılıq ayrı, o zaman bu şairin yaradıcılığından bəhs etməyin elə bir mənası yoxdur, çünki 2000-cı illərin ortalarında Nərmin Kamal bu şairin yaradıcılığı haqda kifayət qədər dərin bir esse yazmışdı, lakin təbii ki, heç bir effekti olmadı, bir neçə dəfə tirajlansa da (Ağ və Qara Bəxtiyar Vahabzadə), kiçicik dairədən kənar bir kimsə ona fikir də vermədi, düşünürəm. Bu məqaləyə kiçicik göz atmaqla bir çox həqiqətləri özünüz üçün aça bilərsiniz.

Əlbəttə ki, indi bunu oxuyanların etiraz-arqumentlərini indidən görürəm və zatən Nərminin məqaləsinin son abzası da bu cümlə ilə başlanır: “Deyirlər, hər şeylə yaxından maraqlansan, müqəddəs heç bir şey qalmaz.” Deyə bilərlər ki, o öz dövrü üçün aktual idi, o zaman edilənləri indi anlamaq çətindir və s. Lakin bu adama artıq klassik adı verilib, onun haqda elə klassik kimi də danışılır və yuxarıdakı məqalədə də məhz elə təqdim olunur. Klassika isə daima aktual olmalıdır,  istənilən təhlil (boşundan tərif yox) isə onun aktuallığını yalnız daha bir dəfə təsdiqə çevrilir.

Ramiz Rövşənin də ismi yuxarıda çəkilən “Vətən” şeiri isə hamıya çox gözəl tanışdır. Bu günlərdə cəmiyyətin keçirdiyi ağır sarsıntılarla bağlı bu şeir dəfələrlə paylaşıldı, sitatlandı. Şerini ən məşhur və təsirli qafiyələri:


Bilirsən səni sevmək



bu saat nəyə bənzər?

Zorlanmış bir qızı sevməyə bənzər.


O sevgidən için-için



gizlicə yanar adam.



Amma açıb deməyə



qorxar, utanar adam.

Bu misralar haqda çox mübahisələrimiz olub dostlarla belə. Bu haqda az qala bütün cəmiyyətdə şairin tam səmimiyyətlə həqiqəti dediyi haqda bir razılıq var.

Amma şəxsən mən heç bir halda bunu anlamamışam, çox saxta gəlib mənə bu misralar hər zaman. Yaxşı, insan olan, xüsusən şair olan zorlanmış qızı sevməkdən niyə utansın ki? İnsan olan biri zorlanmış qızı sevməkdən niyə utanmalıdır ki? Yoxsa “Cinayət və cəza”dakı Raskolnikov da balaca qardaşlarını aclıqdan xilas etmək üçün fahişəliklə məşğul olan Soneçka Marmeladovanı sevməkdən utanmalı idi? Onda demək bizim ziyalıların təbiricə belə çıxır ki, sevgi yalnız uğurlu-pardaqlı-zəngin olanlara yönəlməlidir, zorlanan-təhqir edilən və alçaldılan insanlara qarşı əsla yox? “Ayıbdır”?

Deyəcəksiniz, yox e, o allegorik bir obraz kimi nəzərdə tutulub?

Canım-gözüm, bəs ədəbiyyat elə başdan-ayağa obrazların reallıqdan alleqoriyaya gətirilməsi deyilmi? Ya da lap Mopassanın məşhur “Gombul” hekayəsi düşür. Bütün cəmiyyətin təhrikiylə və onun xilası üçün bir fransız fahişə qadın məcburi Prussiya zabitinin qucağına atılır və bundan sonra ondan hamı, hətta hekayədəki iki rahibə belə ondan imtina edir, iyrənir demək. Amma oxucuya aydındır ki, əgər iyrənc olan varsa, o “Gombul” yox, elə həmin qıza əyri baxan, “zorlanmış vətəni də” sevməkdən utanan cəmiyyətin və xüsusən də ziyalının özüdür.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəRamiz Rövşən və Raskolnikov