Ramiz Mehdiyevdən onu tənqid edənlərə cavab: “Avtobus, cib müxlifəti”, saxta deputat, “troll”…

Ramiz Mehdiyev, Mənbə: https://science.gov.az/

Fəzail Ağamalı: “Akademiya Ramiz Mehdiyevin gəlişindən sonra daha böyük bataqlığa düşüb”

“Son günlər bəzi KİV-lərdə AMEA-ya və şəxsən onun prezidenti akademik Ramiz Mehdiyevə qarşı növbəti qaralama və böhtan kampaniyası həyata keçirilməkdədir”.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat Xidmətinin 10 fevral tarixli açıqlamasında yer alıb.

Mətbuat xidməti Ramiz Mehdiyevə qarşı kampaniyanı sifarişli tamaşa hesab edir: “Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox “avtobus, yaxud cib müxalifəti” kimi tanınan müxtəlif partiya liderləri, eləcə də Milli Məclisin ənənəvi növbətçi trolları olan Fəzail Ağamalı və Etibar Əliyev kimi saxta deputatlarına ayrılmışdı”.

“Maraqlıdır ki, Fəzail Ağamalı Ramiz Mehdiyevə AMEA prezidenti postundan getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir. Axı bütün Azərbaycan onun hansı biabırçılıqla deputat seçildiyinin şahidi olub”, – mətbuat xidmətinin yazısında qeyd olunur, – “Yaxşı olardı ki, Fəzail Ağamalı baş verənlərdən sonra ümumiyyətlə danışmasın və seçicilərin “rədd ol” çağırışına əməl edib, özünü buraxmış parlamentin bir üzvü kimi kürsüsünü üzüsulu təhvil verib, xalqdan üzr istəyərək birdəfəlik Azərbaycanın ictimai-siyasi həyatından yox olsun”.

“Etibar Əliyevə gəlincə isə o, elə bir məşhur personajdır ki, haqqında uzun-uzadı danışmağa belə lüzum yoxdur. Etibar Əliyev də həmkarı Fəzail Ağamalı kimi Milli Məclisə biabırçı şəkildə düşüb. Digər tərəfdən bu adamın pul müqabilində illərlə ona-buna qarşı sifarişli yazılar yazdığı, böhtanlar atdığı bilinən bir həqiqətdir”, – məqalədə yazılıb.

““Cib müxalifəti” kateqoriyasına aid olan partiya rəhbərlərinin də akademik Ramiz Mehdiyevin vasitəsilə gündəmi dəyişmək cəhdləri cəmiyyətdə gülüş doğurub”, – deyə açıqlamada qeyd olunub. Daha sonra diqqət rus məktəblərinin açılmasına və bunun genişlənməsində Ramiz Mehdiyevin rolunun olmamasına çəkilir. “Azərbaycan təhsilinin tarixi ilə ən azı məktəb kursu səviyyəsində tanış olanlar yaxşı bilirlər ki, ölkəmizdə rusdilli məktəblərin açılmasının tarixi Çar Rusiyası ilə bağlıdır. Sovet dövründə isə bu ənənə bir qədər də möhkəmlənmiş və bütün ölkəni əhatə etmişdi. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra da rusdilli məktəblər ləğv edilməyib və öz fəaliyyətlərini davam etdiriblər”, – deyə yazılıb.

Açıqlama müəllifi bunun yaxşı, yaxud pis bir hal olduğuna qiymət vermək istəmir. Hesab edir ki, bu məktəblərin mövcudluğu və populyarlığı faktdır:

“O ki qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir. Bu məntiqlə ölkənin siyasi elitasının əksəriyyəti, onların övladları potensial vətən xainləri kimi damğalanmalı və həbs edilməlidir. Belə düşüncədə olan şəxsdən sağlam təfəkkür, Vətənə və millətə hər hansı fayda gözləmək olarmı? Bu adamlara qulaq asdıqca qeyri-ixtiyari da olsa yada Samuel Consonun “Millətçilik yaramazların sonuncu sığınacağıdır” sözləri düşür”.

“Efirlərdə ağzı köpüklənərək rus bölməsində təhsil alan azərbaycanlılara hücum edən həmin psevdomüxalifətçilər rus bölməsində yetişmiş Azərbaycanın görkəmli şəxsiyyətlərinin elmimizə, mədəniyyətimizə, səhiyyəmizə, idmanımıza, ictimai-siyasi həyatımıza verdiyi misilsiz töhfələri yada salsın”, – mətbuat xidməti məsləhət görür.

“Bu düşüncədə olanların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb, onların fəaliyyəti də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab edirik ki, bu, çox uğurlu təşəbbüsdür və bizim gənclərimiz elmin sirlərinə bütün mümkün kanallarla sahib olmalı, inkişaf etməlidirlər. Mağara millətçiliyi xalqı ancaq tənəzzülə apara bilər. Sağlam rasional millətçilik isə elmə, təhsilə, dünya təcrübəsindən bəhrələnməyə yol açır”, – deyə Mətbuat xidməti qeyd edir.

Bildirilir ki, akademik Ramiz Mehdiyevə qarşı təşkil edilən qarayaxma tamaşasının ikinci pərdəsində isə səhnəyə AMEA-nın özünə alim deyən, ancaq Azərbaycan elminə zərrə qədər də xeyri dəyməyən bəzi obrazları çıxarılıb. Hesab edilir ki, bu cür adamlara cavab vermək də doğru deyil. Çünki sifarişlə təşkil edilən kampaniyaya cəlb edilmiş şəxslərin kimliyi akademik Ramiz Mehdiyevin lehinə işləyən amil idi:

“Azərbaycan xalqı bu gün AMEA prezidentinə riyakarcasına hücum edən həmin şəxslərin dəfələrlə müxtəlif cildlərə girdiyinin şahidi olub. Dünən Ramiz Mehdiyevin kitablarının təqdimatında danışmaq üçün sıraya düzülən, məclislərdə, qəzet səhifələrində ona mədhiyyələr oxuyan insanların bu gün hücum çəkməsi bu kampaniyanı təşkil edənlərin səriştəsizliyindən xəbər verir. Bir nümunə ilə – Musa Qasımlı ilə kifayətlənəcəyik. Bütün AMEA Ramiz müəllimin PA rəhbəri olarkən bu şəxsin onun ünvanına söylədiyi hədsiz-hüdudsuz təriflərin şahididir. Azərbaycan mətbuatının arxivi, internet Musa Qasımlının Ramiz Mehdiyev barəsində müxtəlif vaxtlarda səsləndirdiyi bər-bəzəkli təriflərlə doludur”.

Açıqlamada sabiq təhsil naziri Misir Mərdanov da hədəfə alınıb: “Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, sabiq təhsil naziri Misir Mərdanovun AMEA prezidenti haqqında dedikləri isə ən yaxşı halda gülüş doğura bilər. Uzun illər təhsil naziri işləmiş bu insan akademik Ramiz Mehdiyevin silahlı mühafizə tərəfindən qorunduğunu böyük bir sensasiya kimi cəmiyyətə çatdırmağa çalışır”.

“Məlumdur ki, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür və uzun illər həm PA rəhbəri, həm də Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutub. Belə şəxslərin dövlət tərəfindən ayrılmış mühafizə ilə qorunması bütün dövlətlərdə mövcud olan adi bir praktikadır. O ki qaldı Ramiz Mehdiyevin təkbaşına Rəyasət Heyətinin binasındakı liftdən istifadə etməsinə, bu da ağ yalandır. Birincisi, AMEA Rəyasət Heyətinin binasında lift 2015-ci ildən mövcud olub və ondan ancaq rəhbərlik istifadə edib. Ramiz Mehdiyev isə 2020-ci ilin yayında aparılmış təmir işləri zamanı liftin müasirləşdirilməsinə və genişləndirilməsinə tapşırıq verib”, – açıqlamada vurğulanır.

Açıqlamada Ramiz Mehdiyevə qarşı hücumların nə ilə bağlı olması sualına da aydınlıq gətirilib:

“Açıq deyək ki, bu hücumlar 2019-cu ilin oktyabrından bəri AMEA-da şəffaflığın təmin edilməsi istiqamətində aparılan yoxlamalarla bağlıdır. Bu yoxlamalar AMEA-da çoxmilyonluq yeyintiləri aşkara çıxarmaqla yanaşı, həm də cəmiyyətdə nüfuz qazanmış, yüksək vəzifələrdə təmsil olunan bir sıra şəxslərin iç üzünü ortaya qoydu, onların qanunsuz əməllərini ifşa etdi. Həmin şəxslərin yaşı, həmçinin daşıdıqları alim ünvanları nəzərə alınaraq yoxlamaların geniş ictimaiyyətə açıqlanmaması üstün tutuldu”.

“Ancaq görünən odur ki, AMEA prezidentinin güzəştli mövqeyindən bəzi şəxslər sui-istifadə etmək qərarına gəliblər. Bu adamlar bilsinlər ki, şər-böhtan kampaniyasına davam edəcəkləri təqdirdə AMEA-nın kimlər tərəfindən bu cür acınacaqlı vəziyyətə salındığı açıq şəkildə qeyd olunacaq”, – deyə Mətbuat xidməti bildirir.

“Onun mənliyinə toxunulacaq heç nə deməmişəm, amma məni “troll” adlandırır”

AMEA-nin Mətbuat Xidmətinin açıqamasında adıçəkilən deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Prime TV” internet televiziyasına yazılanlardan təəssüfləndiyini deyib.

Fəzail Ağamalı Ramiz Mehdiyevlə şəxsi-qərəzi olmadığını söyləyərək əlavə edib ki, məqsədləri akademiyada yaranan ağır durumun aradan qaldırılmasıdır: “Onsuz da problemlər içində olan akademiya Ramiz Mehdiyevin gəlişindən sonra daha böyük bataqlığa düşüb. Bu bataqlıdan çıxmaq üçün Mehdiyev istefaya getməlidir. Siz mənim dediklərimə bir daha baxın, onun mənliyinə toxunulacaq heç nə deməmişəm. Amma məni “troll” adlandırır. İkinci, mən seçkilərdə uğurlu kampaniya aparmışam, seçicilərlə də çox xoş münasibətim olub”.

Fəzail Ağamalı
Fəzail Ağamalı, Mənbə: Report.az

Deputatın sözlərinə görə, o, tarixçi-alim Kərim Şükürova olan hücumdan sonra bir yazı yazıb və hər hansı qərəzi də olmayıb: “Eyni zamanda, akademiyanın bir sıra içiləri Mehdiyev haqqında elə faktlar ortaya qoydular ki, “adamın ayağının altından yer qaçırdı”. Elmlər ocağında dostbazlıq, intriqa, korrupsiya, dövlət vəsaitinin səmərəsiz xərclənməsi məlum oldu. Bütün bunlara rəğmən Ramiz Mehdiyev xasiyyətinə uyğun olaraq aşağılayıcı fikirlər işlədir. Həm də dövləti ittiham edir”.

F.Ağamalı hesab edir ki, AMEA-nin Mətbuat Xidmətinin açıqlaması akademiyanın ağır durumdan çıxış yolu sayıla bilməz.

“Bunu edənlər düşünür ki, Ramiz Mehdiyevə yaxşılıq edirlər”

Professor Əli Abbasov AMEA-nin saytında əsas trendin siyasi olmasını müsbət qarşılamır: “Əslində, bu məsələyə cavabdeh şəxslər münasibət bildirməlidir. Amma onlar da bunda maraqlı deyil. Görünür, kimsə belə tələblər irəli sürür və saytda belə yazılar əsas trendə çevrilir. Bunu edənlər düşünür ki, Ramiz Mehdiyevə yaxşılıq edirlər. Baxmayaraq ki, saytda bu cür yazıların davamlı olması, yaxşılıq sayıla bilməz”.

Əli Abbasov
Əli Abbasov, Mənbə: “Turan”

Əli Abbasov bildirib ki, AMEA-nın saytında siyasi yox, elmi diskussiyalar olmalıdır: “Akademiyanın o qədər problemləri var ki, onlar müzakirəyə çıxarılmalıdır. Məsələn, adi bir şey, alimlərin maaşlarını qaldırmaq, bunlar olduğu halda, elm niyə görə siyasətlə məşğul olmalıdır?!”.

“Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür…”

Politoloq Ərəstun Oruclu AMEA-nin saytının Ramiz Mehdiyevi müdafiə etməsində qeyri-adi heç nə görmür: “Çünki Ramiz Mehdiyev akademiyanı öz obyekti kimi idarə edir və o formal olaraq elm ocağının prezidentidir. Mən onun siyasətdən getdiyini düşünmürəm və nəzərə alın ki, Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür”.

“İkincisi, Ramiz Mehdiyev böyük bir şəbəkənin və klanın lideridir. Üçüncüsü, Mehdiyev böyük bir dövlətin qarşısında öhdəliyi olduğu üçün missiya yerinə yetirir. Ona görə də onun AMEA-da, yaxud Prezident Administrasiyasında oturmasının elə bir fərqi yoxdur. Ona görə ki, Mehdiyev siyasi proseslərin mərkəzindədir. Hesab etməyin ki, Ramiz Mehdiyev pensiyaya çıxmış yaşlı insandır. Onun “beşinci kalon”unun uzantıları yalnız hakimiyyət daxilində yox, elə müxalifət, media, vətəndaş cəmiyyətinin içində də var. İndi onlar təlaş içindədir”, – politoloq vurğulayıb.

Ə.Oruclu AMEA-nin saytının siyasi olmadığı fikriylə razılaşır, ancaq əlavə edir ki, akademiyanın prezidenti siyasətçidir:

Ərəstun Oruclu
Ərəstun Oruclu, Mənbə: Meydan TV

“Bir daha təkrar edirəm, Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür. Beləliklə, o, siyasətçi kimi AMEA-nin saytından istifadə edir. 10 fevral açıqlaması da siyasi tutumluydu və Ramiz Mehdiyev geri çəkilmək niyyətinin olmadığı mesajını verdi. Elə həmin açıqlamayla da AMEA-nin elm ocağı olması söhbətinə son qoymaq olar. Mehdiyevin rəhbərlik etdiyi AMEA elmi yox, siyasi mərkəzdir. Məhz ona görə akademiyanın saytı Mehdiyevi müdafiə edir. Düşünmürəm ki, Azərbaycanda Mehdiyevi müdafiə edəcək media resursları yoxdur, sadəcə, onları üzə çıxarıb, zərbə altına qoymaq istəmirlər”.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

O, 2019-cu ildə vəzifəsindən çıxarılaraq, “Heydər Əliyev” ordeniyə mükafatlandırılıb.

Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nin prezidentidir.

AMEA-nin 35 institutu var.

Ana səhifəSiyasətRamiz Mehdiyevdən onu tənqid edənlərə cavab: “Avtobus, cib müxlifəti”, saxta deputat, “troll”…