"Baş verənlərə hüquqi qiymət verilməlidir"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev bəzi institut direktorlarının islahat keçirməyə maneə yaratdıqlarını deyib.
Məlumatı APA AMEA-ya istinadən yayıb.
Bildirilir ki, Ramiz Mehdiyev bu fikirləri Rəyasət Heyətinin hibrid rejimdə Ümumi yığıncağında söyləyib, ancaq Ramiz Mehdiyev həmin institut rəhbərlərinə xəbərdarlıq etsə də, fikrini konkretləşdirməyib.
O, pandemiyadan söz açaraq deyib ki, ölkədə vaxtında görülən tədbirlər müsbət dinamikaya yol açıb: "Pandemiya dövründə elmi fəaliyyətin tam təşkili mümkün olmayıb. Bununla belə işlərimiz davam etdirilib. Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm: akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir".
Mehidiyev qeyd edib ki, akademiyada olan qüsurlar aradan qaldırılmalıdır: "Ötən illər nöqsanların yaranmasına gətirib çıxarmış amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutur. İdarəçiliyin zəif və pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəifliyi akademiyada ciddi problemlərə, özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifədə kimlərinsə ayrı-ayrı şəxslərin təsirində olması üzərlərinə düşən vəzifələri yerinə yetirmələrinə səbəb olub. Vitse-prezidentlər bölmələri ciddi idarə etməli və nəzarət etməlidirlər. Yersiz çəkişmələr, məsuliyyəti bir-birinin üstünə atmaq, dedi-qodu kimi hallar məni dərindən narahat edir. Rəhbərlikdə təmsil olunanların bəzilərində də belə hallar müşahidə olunur. Bu xəstəliyə düçar olanlar bundan əl çəksinlər”.
"Heç kəsə qayda qanunları pozmaq hüququ verilmir. Direktorlar kollektiv qarşında daşıdığı məsuliyyəti unutmamalıdır. Təəssüf ki, bunu qavramayan bəzi direktorlar akademiyada qalmaqdadır. İşə köhnə təfəkkürlə yanaşmaq, dünya təcrübəsini görməzdən gəlmək həmin müəssisələrin rəhbərlərini gündəmə gətirir", – Ramiz Mehdiyev belə deyib.
AMEA prezidenti Yüksək Texnologiyalar Parkında (YTP) aparılan araşdırmalar nəticəsində ortaya çıxan qanunsuzluqlara hüquqi qiymətin veriməsini vacib sayıb: "Ortaya çıxan mənzərə hüquq mühazirə orqanlarına müraciət etməyə imkan yaradıb. Baş verənlərə hüquqi qiymətin verilməsi vacibdir. Yaranmış vəziyyətə görə məsuliyyət sabiq müdiri Fətəli Abdullayevin üzərinə düşür".
"Araşdırmalar zamanı bəzi avadanlıqların ərazidən çıxarıldığı müəyyən olunub. Park rəhbərliyi qarşısında qısa müddətdə parkda dönüş yaratmaq tapşırığı qoyulub. Məni ən çox narahat edən məsələ inventarlaşma və akademiyanın balansında olan torpaqlarla bağlıdır. Mənə məlumat verilib ki ötən illərdə akademiyanın balansındakı bəzi torpaqlar qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şirkətlərə satılıb. Bu məsələ təsdiqini tapsa, ölkə rəhbərliyinə məlumat veriləcək. Düşünürəm ki, bunun üçün yeni komissiya yaradılmalıdır", – deyə Ramiz Mehdiyev vurğulayıb.
İclasda akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin ediləcəyi, Nizamnamə Komissiyasının yeni tərkibinin seçiləcəyi də qeyd olunub: "AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçiriləcək, Rəyasət Heyətinin yeni tərkibi təsdiq ediləcək".
AMEA-nin 35 institutu var. Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nin prezidentidir.