Ramin Musayev hakimlərin təyinatına müdaxiləsini etiraf edib

“Hansısa hakimin hansısa komandanın oyununa təyinat almaması heç nəyi dəyişmir”

Source:


“Hansısa hakimin hansısa komandanın oyununa təyinat almaması heç nəyi dəyişmir”

Ölkənin idman mətbuatı mütəmadi olaraq Azərbaycanın futbol təsərrüfatında idarəetmə sisteminin qeyri-peşəkar səviyyədə olmasından yazır. İddia olunur ki, futbol sahəsində bir neçə müstəqil qurumun varlığına baxmayaraq, AFFA bir-iki nəfərin şəxsi göstərişləri ilə idarə edilir. O şəxslərdən biri də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdi.

Peşəkar Futbol Liqası qeyri-hökumət təşkilatıdı. AFFA bu qurumla müqavilə bağlayaraq, Azərbaycan çempionatının təşkilini PFL-ə həvalə edib. Yəni PFL-in vəzifəsi yalnız və yalnız çempionatın təşkilinə cavadehlikdən ibarətdi. Ancaq mətbuatda Ramin Musayevin bütövlükdə futbol təsərrüfatına nəzarət etdiyi iddia olunur. Bu da Musayevin AFFA prezidenti Rövnəq Abdullayevə yaxın şəxs hesab olunması ilə əlaqələndirilir. Rövnəq Abdullayev hələ “Neftçi”də prezident işləyərkən, Ramin Musayev “ağ-qaralar”da vitse-prezident postunu tuturdu. Sonradan AFFA prezidenti seçilən Abdullayev inandığı kadrını da PFL-in prezidenti postuna gətirdi.

Ramin Musayevin xüsusən də hakimlərin işinə qarışdığı, onlara göstərişlər verdiyi barədə mətbuatda çoxsaylı yazılar dərc olunur.

Azərbaycanın bir neçə istedadlı FİFA hakiminin  karyerasına qalmaqallı şəkildə son qoyulub. Babək Quliyev, Anar Salmanov kimi hakimlər bu məsələdə daim Ramin Musayevi günahlandırıblar. Onlar məhz PFL prezidentinin qərəzkarlığı nəticəsində hakimlikdən uzaqlaşdırıldıqlarını bildiriblər. Babək Quliyevlə Anar Salmanov bu məsələ ilə bağlı ölkə prezidentinə də müraciət ediblər.

Ramin Musayevin adı hakimlərin təyinatına müdaxilədə də hallanıb. Mətbuatda iddia olunur ki, hansı oyuna hansı hakimin təyinat alacağını Musayev müəyyənləşdirir. Baxmayaraq ki, Hakimlər Komitəsi müstəqil qurum sayılır və PFL prezidentinin bu qurumun işinə müdaxil etmək hüququ yoxdu.

Ramin Musayev isə mətbuata verdiyi açıqlamalarda bu ittihamları həmişə təkzib edib. O, hakimlərin təyinatına qarışmadığını, Hakimlər Komitəsinin müstəqil qurum olduğunu qeyd edib.

Ancaq yanvarın 4-də “Xəzər” telekanalında yayımlanan “Futbol saatı” proqramının qonağı olan Ramin Musayev hakimlərin təyinatına müdaxilə etdiyini etiraf edib. O, bu müdaxiləni  bəzi klub rəhbərlərinin xahişi ilə etdiyini də deyib:

“Bəzi klub rəhbərləri var ki, hansısa hakimin onların oyununa təyinat almamasını istəyirlər. Həmin klub rəhbərləri iddia edirlər ki, bu hakim onlar üçün düşərli deyil, o, oyun idarə edəndə daim uduzurlar. Mən də onların bu istəyini nəzərə alıram və o hakimlərin həmin komandaların oyununa təyinat almasına mane oluram”.

Proqramın aparıcısının “bu addım qeyri-peşəkarlıq deyilmi” sualına Ramin Musayev belə cavab verib: “Sponsorlar klublara vəsait ayırırlar, əziyyət çəkirlər, pul xərcləyirlər. Hansısa hakimin hansısa komandanın oyununa təyinat almaması heç nəyi dəyişmir. Ancaq biz bununla əlavə söz-söhbətə rəvac vermirik”.

Ramin Musayevin hakim təyinatlarına müdaxilə etdiyini açıqlaması, AFFA-dakı qeyri-peşəkar idarəçiliyin etirafı ilə yanaşı, Hakimlər Komitəsinin də nüfuzuna vurulan zərbədi. Bunu nəzərə alaraq, Ramin Musayevin açıqlamasına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun münasibətini öyrənmək istədik. Ancaq komitə sədri telefon zənglərimizə cavab vermədi. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə suala cavab vermək istəməyib:

“Hakimləri oyunlara Hakimlər Komitəsi təyin edir. Ona görə də mən bu suala cavab verə bilmərəm”.

Nərimanoğlu “Hakimlər Komitəsi AFFA-ya, yoxsa PFL-ə tabe komitədi” sualına belə cavab verib:

“Bəli, Hakimlər Komitəsi AFFA-nın komitəsidi. Amma müstəqil komitəsidi. Sədrini də konfrans təsdiq edir”.

Ana səhifəXəbərlərRamin Musayev hakimlərin təyinatına müdaxiləsini etiraf edib