Daxili işlər naziri İnsan haqları komissarına məktub yazıb
Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieksin LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) üzvlərinə edilən təzyiqlə bağlı sorğusuna cavab göndərib.
Nazir məktubunda bildirir ki, bu ilin ötən dövründə ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə inzibati xətalar törədən və o cümlədən avaralıqla məşğul olan, xırda oğurluq, yaxud dilənçilik yolu ilə dolanan 600-dək şəxs saxlanılıb. Onların arasında LGBT üzvləri də var.
R.Usubov yazıb ki, həmin şəxslər axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edib, imtina edənləri təhqirə məruz qoyub və münaqişəyə təhrik edib. Bu barədə zərərçəkənlərdən və cinsi azlıqların mütəmadi toplaşdığı yerlərə yaxın ərazilərdə yaşayan şəxslərdən şikayətlər daxil olub:
“Bütün bunlara görə 600-ə yaxın şəxs barədə məsuliyyət tədbirləri görülüb. O cümlədən paytaxtın müxtəlif ərazilərində toplaşan cinsi azlıqların 100-lərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud sürətdə pozaraq xırda xuliqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayan 83 nəfər saxlanılıb və barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. 56 nəfər barəsində İnzibati Xətalar Məcəlləsində 510 (xırda xuliqanlıq), 535.1 (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub (sentyabrın 16-da 46 nəfər, 18-də 5 nəfər, 26-da 5 nəfər), 18 nəfər cərimələnib və 9 nəfərə xəbərdarlıq edilib.
Həbs olunanlar müayinə üçün aidiyyati tibb müəssisələrinə göndərilib. Tibbi laborator müayinələrin nəticələrinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə
AİDS, 6 nəfərdə HİV, 2 nəfərdə “kəskin uretrit”, “kandida albikans”, “trixomoniz”, daha 2 nəfərdə “hepatit HCV” virusu aşkarlanıb.
Bununla belə, humanizm prinsipini rəhbər tutaraq həmin şəxslərin müalicə olunmasına şərait yaratmaq məqsədilə, eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq, onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl azad olunublar”.
Saxlanılan şəxslərin hüquqlarının pozulmasına gəldikdə, Ramil Usubov hesab edir ki, bu cür iddiaların heç bir əsası yoxdur:
“Həmin şəxslərin saxlanılmasında məqsəd yalnız vətəndaş şikayətlərini doğuran halları müəyyənləşdirib qarşısını almaq, insan və vətəndaş hüquq və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji salamatlığını, ictimai qaydanı, ictimai təhlükəsizliyi qorumaq olub. Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı mövzud vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu cür məsələlər isə Azərbaycanda yalnız müvafiq beynəlxalq təşkilatların da hüquqi ekspertizasından keçmiş qanunvericilik aktları çərçivəsində həll edilir. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”.
2017-ci ilin sentyabrında Azərbaycanda LGBT fərdlərinə qarşı təzyiq və təqiblərin başladığı bildirilir.Ayrı-ayrı fərdlər küçəyə çıxa bilmədiklərini, zorla polis bölmələrinə aparıldıqlarını, orada təhqirə, təzyiqə məruz qaldıqlarını, işgəncə altında digər yoldaşlarının əleyhinə ifadə alındığını, onların yaşadığı ünvanları söyləmək məcburiyyətinə qaldıqlarını bildiriblər.
Bundan sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakının mərkəzində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb.