Ramil Babayev: “Cavid Güləliyevin işgəncələrini kimsə dayandıra bilmir”

Ramil Babayev. Foto: Toplum TV

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.

Toplum TV-nin yaydığı müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Fərid bəy, mən Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin təcridxanada təqsirləndirilən şəxsləri vəhşicəsinə döyməyinə etiraz olaraq 5 gün quru aclıq olmaqla, ümumilikdə 17 gün aclıq etmişəm. Yekunda təcridxananın rəisi Elnur İsmayılov Cavid Güləliyevin bir daha təcridxanada heç kimi döyməyəcəyi ilə bağlı söz verib.

Bundan əlavə, Penitensiar Xidmətin rəisi general Mirsaleh Seyidov da “Niyə təcridxanadan olan şikayətlərin hamısı səninlə bağlıdır?” sualı ilə Güləliyevə qanunsuz davranışları ilə bağlı iradını bildirib. Buna baxmayaraq, Güləliyev öz rəisinin verdiyi sözü heçə sayır.

Onun göstərişlərinə zidd hərəkət edərək Elnur İsmayılovun təcridxanadakı nüfuz sahəsini qəbul etmir (və bu, ilk belə hal deyil). Həmçinin o, general Mirsaleh Seyidovun da iradına məhəl qoymur. Belə ki, yaxın günlərdə şəxsi tanışlığım olan, ictimaiyyətin də yaxından tanıdığı, lakin siyasi məhbus olmayan bir şəxs Güləliyevin ötən həftə ona qarşı fiziki zorakılıq etməsi ilə bağlı mənə məlumat çatdırıb.

Həmin şəxsin təhlükəsizliyi baxımından kimliyini açıqlamıram, lakin təcridxana xaricindən hansısa bir qurumun bu hadisəni araşdırmaq istəyəcəyi halda onlarla dəqiq tarix də daxil olmaqla bütün təfərrüatları bölüşməyə hazıram. Mən artıq bilmirəm ki, bu mağara insanı aqressivliyi ilə hansı üsulla mübarizə aparmaq mümkündür.

Güləliyevi nə aclıq aksiyaları, nə BMT-nin insan hüquqları ilə məşğul olan qurumlarına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinə ünvanladığım şikayət ərizələri dayandıra bilir, nə də generallar və polkovniklər tabeliklərindəki bu şəxsə söz keçirə bilir. Əgər səlahiyyətləriniz daxilindədirsə, rəislərini dinləməyən bu şəxs tabe olduğu naziri dinləyəcəksə, təcridxanadakı təqsirləndirilən şəxslər adından xahiş edirəm, Cavid Güləliyevin qanunun tələbləri çərçivəsində hərəkət etməsini təmin edin”.

Ramil Babayev “Toplum TV işi” üzrə cinayət məsuliyyətinə cəlb edilmiş 10 nəfərdən biridir. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəTövsiyəRamil Babayev: “Cavid Güləliyevin işgəncələrini kimsə dayandıra bilmir”