Rahim Hacıyev istintaqa çağrılıb

Baş redaktorun müavini dekabrın 29-da idarədə olacaq

Source:


Baş redaktorun müavini dekabrın 29-da idarədə olacaq

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu haqda “Turan”-a jurnalistin özü məlumat verib.

R.Hacıyevin bildirdiyinə görə, dekabrın 29-da saat 14.00-da adıçəkilən idarədə olmalıdır. Onu idarənin müstəntiqi Anar Dəmirçiyev dəvət edib.

Rahim Hacıyev sentyabr ayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə vermişdi. O zaman R.Hacıyev ifadəsi ilə bağlı detallı bilgi verə bilməyəcəyini demişdi. Yalnız onu bildirmişdi ki, suallar «Azadlıq» qəzetinin fəaliyyəti ilə bağlıdır.

R. Hacıyevdən əvvəl «Azadlıq» qəzetinin əməkdaşlarından Vidadi Məmmədov, Xəyal Babayev və redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində dindirilmişdilər.

Onlar hazırda həbsdə olan «Azadlıq» qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı dindirildiklərini açıqlamışdılar.

Faiq Əmirli isə avqustun 20-da saxlanıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fetullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

Ana səhifəXəbərlərRahim Hacıyev istintaqa çağrılıb