Rafiq Tağıdan 2 il sonra

Bu yazımda mən düşüncələrimi bölüşərkən, üzümü mövcud hakimiyyətə tutub danışacağam…

Source:

Bu gün Rafiq Tağının qətlindən 2 il ötür və bu terrorun aydınlaşmaması bir çox sualı hələ də açıq saxlayır.

Bu yazımda mən düşüncələrimi bölüşərkən, üzümü mövcud hakimiyyətə tutub danışacağam.

***

Rafiq Tağı cinayətinin müəmmalı qalması bir çoxlarının yadına Ziya Bünyadov və Elmar Hüseynov cinayətlərini salır və sizə qarşı şübhələr haqlı olaraq artır. Mənim üçün məsələ çoxdan aydın olsa da, lakin siyasi motivli olduğu açıq-aşkar olan əvvəlki qətllərdən fərqli olaraq, Rafiq Tağının qətlində bir çoxları üçün iki şübhəli var: İran şəriətçiləri və siz.

Ancaq vaxt uzandıqca, hətta neytrallar da indiyəcən açılmamış bu cinayətlər arasında paralellik qururlar və beləcə şəriətçilər təmizə çıxmış kimi görünür, sizin susqunluğunuz fonunda onların dilləri uzanır, dünyəvilər isə qorxmağa başlayır və susurlar.

Çünki indiki şəraitdə dünyəvilər Azərbaycanda iki şeydən qorxurlar:

1) Həm birbaşa şəriətçilərdən gələ biləcək cəzalandırıcı zərbədən;

2) Həm də sizin özünüzdən; çünki şəriətçilərə qarşı özünüzə lazım olan hansısa hücumu bəhanələndirmək üçün, hər hansı bir islam tənqidçisinə ölümcül zərbə elə sizin özünüzdən də gələ bilər.

Zərbənin sizdən gəlmədiyini və gəlməyəcəyini sübut etmək və dünyəviləri cəsarətləndirmək və himayə etmək üçün Rafiq Tağı cinayətini mütləq açmalısınız.

Çox da ki, siz radikal şəriətçiləri təqib və həbs edirsiniz, amma məscidlər tikməklə yanaşı, dini ədəbiyyatın və dini medianın geniş miqyasda yayılmasına da əla şərait yaradırsınız.

Nəticədə, dünyəvilər çaşbaş vəziyyətdə qalıblar, çünki sizin dini mövqeyinizi və islamçılıq hərəkatına münasibətinizi anlamaq olmur. Rafiq Tağı qətlini açın ki, xalqda aydınlıq və qətilik yaransın.

İranla döş-döşə gəlməkdən çəkinirsinizsə, heç olmasa, cinayətin izini İran sərhəddinədək gedib çıxdığını inandırıcı dəlillərlə sübut edib, göstərin.

Beləliklə, indiki halda cinayətin açılmaması cəmiyyətdə re-islamizasiyaya qarşı qərarsızlıq və müqavimətsizlik yaradır.

Sizin hakimiyyətiniz dövründə, Qarabağdan sonra, xalqdan səmimi dəstək ala biləcəyiniz yeganə bir mövzu yaranıb: dünyəvilik.

Azərbaycanda Axundov-Zərdabi xəttini davam etdirmək istəyən və islama meyl etmək istəməyən, orta və yeni, böyük bir nəsil var. Dünyəvilik məsələsində onlar sizə dəstək verməyə hazırdır. Amma əgər onlar ölümə, ölkəni bir-bir tərk etməyə, qorxub susmağa və yaxud psixoloji əks-nəticə kimi dönüb dindarlaşmağa məhkum edilsələr, siz meydanda tamamilə dəstəksiz qalacaqsınız.

Bu cinayəti açın ki, cəmiyyətdə sekulyarist, humanist və ateist yazarlar cəsarətlənə bilsinlər. Siz onları tək qoysanız, onlar da sizi tək qoyacaqlar.

Dinçilik hərəkatını təhlükə olaraq görürsünüzsə, dünyəvi ictimai qüvvələrə dəstək və himayə olun.

Yox, əgər bütün bunları ona görə edirsinizsə ki, Qərbə Azərbaycanda yeganə dünyəvi güc olduğunuzu göstərəsiniz, onda unutmayın, ağacın iki başı var, sonda siyasi xilaskarınız kimi planlaşdırdığınız islamçılar özləri sizin cəlladınız ola bilər.

Xəbəriniz varmı ki, artıq islam əleyhinə yazıları demək olar ki, heç bir sayt dərc etmir, ya da qorxusundan bu mövzuda yazan artıq yoxdur.

Axı, nə üçün və niyə Azərbaycanda ateist, humanist, sekulyarist yazılar dərc edən saytlar, qəzetlər, teleproqramlar olmasın? Bunlara imkan vermirsinizsə, olanları da qapatdınızsa, bəs islamçılara nə üçün geniş özünütəbliğ imkanları yaradırsınız?

Siz iqtidar yox, hakimiyyətsiniz. Çünki Azərbaycanda hakimiyyətin formalaşmasından etibarən idarəetmənin heç bir məqamında cəmiyyət özü əslində iştirak etmir. Son seçkilər də bunu açıq-aydın göstərdi.

Fəqət cəmiyyəti uzaqda saxlamaq vərdişiniz o həddə çatıb ki, özünüzə lazım olduqda belə, cəmiyyətin iştirakına demək olar ki, heç nədə imkan yaratmırsınız. Hər şeyi zorakılıq yolu ilə, qaba metodlarla həll etmək yolunu tutubsunuz.

Düşüncə tərziniz budur: “Cəmiyyətin xeyrindənsə, zorakılığın şəri yaxşıdır”. Amma unutmayın, islam burada istisnadır. Bəlli bir nöqtədən sonra islama zor tətbiq etməyin də xeyri olmayacaq.

Siz sovet ateistlərisiniz. Buna görə də islamı yaxşı bilmirsiniz. İslamın psixologiyasından, xüsusilə, son 30-40 ildə bu ideologiyanın necə qlobal xərçəngə çevrilməsindən də bixəbərsiniz. İslam dünyasında baş verən proseslər mövzusunda sizə məlumat verə biləcək kadrlarınız və araşdırmaçılarınız da yoxdur.

Hər kültürdə bir-birinə əks iki, bəzən üç vektor olur. Azərbaycan kültüründə iki kontrast vektor var: maarifçi-avropaçı vektora qarşı ənənəçi-dinçi vektor. İslamçılıq indi özünü Azərbaycanda milli modernləşmə modeli kimi təqdim edir.

Siz artıq bu iki əks vector arasında yaranan burulğana düşmüsünüz. Və şəxsən mən inanmıram ki, siz Azərbaycanı bu burulğanda düzgün idarə edə biləcəksiniz, amma heç olmasa buna çalışın ki, hakimiyyətdən düşərkən, Azərbaycanı şəriətçilərin əlinə buraxmayasınız, şəriətçilərə qalacaq bir Azərbaycan qoyub getməyəsiniz. Çünki Azərbaycan dini quyuya düşsə, oradan bir daha çıxa bilməyəcəkdir.

Yaxın illərdə meydanda şəriətçilərlə baş-başa və üz-üzə qalmamaq, dünyəvi qüvvələri səfərbər etmək və yeni dünyəvi müxalifətin formalaşması üçün Rafiq Tağı cinayətini mütləq açmalısınız.

Unutmayın, yaxın illərdə ənənəvi müxalifətin də köməkliyi ilə sosial etirazlar dini məcraya sarı axa bilər. Sonda qarşınızda “Allahu Əkbər!” bağıran dünənki dünyəvi müxalifətçiləri görə bilərsiniz. Necə ki, artıq indidən onlar o cürdür.

Şərləyib həbs etdiyiniz şəriətçilərin hər biri bir neçə il sonra həbsxanadan cahil islamçı kütlənin gözündə bir qəhrəman kimi çıxacaqlar. Siz onlara çox səhv olaraq qəhrəman imici bəxş edirsiniz.

Halbuki, hakimiyyətdə qalmaq üçün şəriətçiləri gücləndirmək yox, dünyəvi müxalifətin formalaşmasına kömək etmək lazımdır. Siz isə onları həbs edirsiniz. Rafiq Tağı cinayətini açın ki, dünyəvilər güclənsin və cəsarətlənsinlər.

Praqmatik olun, şəriətçilər güclənsələr, onlarla bacarmayacaqsınız. Çünki şəriətçilərdəki qəzəb və eşq sizin pula, təntənəli yaşayışa və seksə olan hərisliyinizdən və özünü reproduksiya edə bilməyən ənənəvi müxalifətin idealistliyindən daha şiddətlidir. Bu, mənada şəriətçilər sizdən də, sizin polislərinizdən də mənəvi baxımdan güclüdürlər.

Bəlkə də Rafiq Tağının öldürülməsini sifariş edənlər, hətta cinayəti yerinə yetirənlər də artıq müəyyənləşdirilib, amma bu, İrana, ya da Azərbaycandakı irançı qüvvələrə qarşı nə vaxtsa kontrafaktik zərbə vurmaq üçün ehtiyatda saxlanılır, kim bilir.

Rafiq Tağı o qədər gur işıqlı insan idi ki, o, təkcə yazar və həkim ömrü ilə deyil, qətli ilə də cəmiyyətdə gizli gedən bir çox prosesin üstünə işıq sala bildi. Onun qətlinin açılması da ictimai şüur və gələcəyimiz üçün böyük aydınlıq olacaqdır.

Ana səhifəMənim FikrimcəRafiq Tağıdan 2 il sonra