Avqustun 5-də şair, həkim, yazıçı Rafiq Tağının doğum günü münasibətilə qəbri ziyarət edilib. Onu ziyarət edənlər arasında dostları, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər də vardı.
Araşdırmaçı jurnalist Xədicə İsmayıla görə, yazıçıın qatilinin indiyə kimi tapılmaması, hamı üçün o qapını açıq qoyur:
“O adam ki sözə görə kimisə öldürür, deməli, onun intellekti çatmır, o sözdən fayda götürəcək halda deyil. Hansısa mövzunu üzgörənlik etdiyimizə, xətalı olduğuna görə açmırıqsa, bu, bizi ölümdən sığortalayacaq, bu da doğru deyil. Bizim qorxularımız artdıqca, onların immuniteti zəifləyir. Bizim tabu mövzularımız artdıqca, qadağan olunmuş mövzuların sayı artır”.
Yazıçının ziyarət edənlərdən Murad Köhnəqala isə Rafiq Tağının həkimliyindən söz açıb. O bildirib ki, bəzən Rafiq Tağı xəstələrinin xərclərini də özü qarşılayırdı:
“Rafiq Tağının istintaqı da alayarımçıq aparıldı. Qatilin videogörüntüləri danıldı. Hiss olunurdu ki, hansısa qüvvələrdən qorxurlar. Qüvvələr də, təbii ki, İran qüvvələri idi. Belə ki, yazıçının qətlinə fətva oradan gəlmişdi. Çox təəssüflər olsun ki, elə onun özünü xəstəxanada öldürdülər.
Rafiq Tağı “EQO” Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub. “Dalğa” Gənclər Hərəkatı Rafiq Tağının xatirəsinə “Rafiq Tağı Mükafatı” təsis edib.
Yazıçı 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxıb. Noyabrın 23-də isə yazar xəstəxanada dünyasını dəyişib.