Rafael Cəbrayılov deputatlıqdan imtina edir

Ə.Hüseynli deyib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir.

Source: google.az


“O, seçicilərindən, həmkarlarından üzr istəyib”

300 min dollar borc qarşılığında III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyan

Rafael Cəbrayılov

mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib. Əli Hüseynli əlavə edib ki, R.Cəbrayılov seçicilərdən, deputat həmkarlarından və cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib.

Mandatdan imtina ilə bağlı protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilir, Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.

Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.

Rafael Cəbrayılovun özü parlamentin payız sessiyasının ilk iclasına qatılmayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov plenar iclasda çıxışı zamanı bildirib ki, Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapıb. O, məsələnin parlamentdə və mətbuatda müzakirəsinə ehtiyac olmadığını bildirib:

"Bu, dünyanın hər yerində baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb. Vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər. Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.

Deputat ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib. Məlumata görə, ona borc verən Təranə Rasim qızı Fətəliyeva ilə deputat ailəvi yaxın münasibətlərdə olub.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ana səhifəSiyasətRafael Cəbrayılov deputatlıqdan imtina edir