Həbsdə olan vəkil onlardan
aclığı dərhal dayandırmağı və bu rejimə qarşı, onun özünün tələb etdiyi və layiq olduğu mübarizə vasitələrilə siyasi fəaliyyəti davam etdirməyini xahiş edir
Həbsdə olan tanınmış vəkil Qurban Məmmədov 9 gündür aclıq aksiyası keçirən NİDA-çılara müraciət eidb. Qurban Məmmədov onlara xitabən bildirib ki, Azərbaycanın “Məhkəmə” adlı bazarına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığınız barədə xəbərdən sarsılıb və çox təəccüblənib. Çünki bu mübarizə metodu sivil, mədəni və qanunun ali olduğu, eləcə də insana dəyər verilən, təməl insan haqlarına hörmət olunan cəmiyyətlər üçün keçərlidir.
Qurban Məmmədov şübhə etmir ki, vaxt gələcək Azərbaycanda “8 Kişi Adam” adlı çoxseriyalı bir film çəkiləcək. Bu günə qədər apardığınız şərəfli və qəhrəman mübarizəniz, nümunəvi əxlaqınız, müasir dünyagörüşünüz, millətə məhəbbətiniz, dövlətə və dövlətçiliyə sədaqətiniz, eləcə də dövlətimizin və millətimizin bu gününə və sabahına yüksək vətəndaşlıq məsuliyyətinizlə, o filmin baş qəhrəmanı Sizlər olacaqsınız: “Sizə bu qanunsuzluğu edənlərlə ermənilərin məqsədləri eynidir. Əziz gənclər, milləti alcığa düçar etməklə, onu fiziki məhvə məhkum etmək, bunların əsas məqsədlərindən biridir. Indiki şəraitdə “aclıq”ı mübarizə üsulu seçmək, elə bunu istəyən rejimin özünə yardım etmək kimi bir şeydir. Siyasi mübarizədə adekvat vasitələr seçmək çox vacibdir. Hesab edirəm ki, aclığı dərhal dayandırmağınızı və bu rejimə qarşı, onun özünün tələb etdiyi və layiq olduğu mübarizə vasitələrilə siyasi fəaliyyətinizi davam etdirməyinizi xahiş edirəm. Kimin nə deyib, nə etməsindən asılı olmayaraq, Azərbaycanın gələcəyi gənclərə məxsusdur və onların istəyi üzərində formalaşacaq. Sizləri bu gəncliyin avanqardı kimi salamlamaqdan qürur duyur və apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm”.