Daşdan ovulan qum dənələri bu işıqlı masada həm portret, həm də təbiət təsvirlərinə çevrilir. Onun əlləri Qız Qalasını çəkir və axırda çəkdiyi əziyyəti silir. Rəssam, “yaratdığını silmək çətindir” deyir.
Emin Məmmədov Rəssamlıq Akademiyasını bitirib. Ukraynada qum sənəti ilə bağlı dərslər alıb. O, 4 ildir rəsmlərini qumla çəkir. Deyir ki, qumla çəkmək fırça ilə çəkməkdən daha çətindir. Bu sənətdə cəldlik, diqqət tələb olunur. Səhv etsən, bunu düzəltmək müşkülə çevrilir.
Rəssamın istifadə etdiyi qum Ukraynadan gətirilib. Emin Məmmədov deyir ki, Bakıda adi qumdan istifadə edirlər. Rəsmin gözəl alınması üçün qum ələ yapışmamalı və narın olmalıdır. Üyüdülmüş düyü, un və quru çayla da rəsmlər çəkmək mümkündür. Amma rəssam deyir ki, bunların hər birinin ayrı texnikası var. O, çəkdiklərini tədbirlərdə, ad günlərində, toylarda nümayiş etdirir. Deyir ki, xarici ölkələrdə bu sənətə başqa münasibət var.