Asif Abdullayev: “Düşərgədə kimsəsiz qalan 19 yaşlı qızı Azərbaycana keçirə bilmirik”
“Dağıstanın Qullar yaşayış məntəqəsində məskunlaşan 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilsə də, düşərgədə hələ 310 nəfər qalır. Onlardan 250-i çadırlarda, qalanları isə düşərgədən kənarda yaşayır”.
Bu barədə “Turan” İnformasiya Agentliyinə Azərbaycanlıların Rusiyada Milli Mədəni Muxtariyyətinin sədr müavini Afiq Allahverdiyev danışıb.
O təmsil olunduğu təşkilatın bir ay yarımdan üç ayadək düşərgədə olan 130-dan çox adamın siyahısını tərtib etdiyini deyib. O, siyahıların Azərbaycan səfirliyinə təqdim olunduğunu, amma sonradan siyahıdan yalnız 15 nəfərin çıxarıldığını əlavə edib.
Afiq Allahverdiyevin sözlərinə görə, siyahılar tərəflərin nümayəndələri tərəfindən şəffaf şəkildə hazırlanmır və bu məsələdə də sui-istifadə halları var. Ona görə də düşərgədə qalanlar arasında narazılıq yaranır.
“Orada vəziyyət gərgindir. Adamlarla insan kimi danışmaqdan imtina edirlər. Dünən az qala dava vəziyyətinə çatmışdı. İnsanlara bu siyahıların necə tərtib edildiyini izah etmək istəmirlər. Onlar, sadəcə, kobud şəkildə deyirlər ki, öz növbələrini gözləsinlər. Biz onlara bacardığımız qədər kömək edirik ki, heç olmasa siqaret və sərinləşdirici içkiləri olsun. Orada isti dözülməzdir, nəfəs almaq mümkün deyil”, -deyə A.Allahverdiyev bildirib.
Afiq Allahverdiyev Rusiyada tək qalan və artıq iki həftədən çoxdur ki, düşərgədə yaşayan 19 yaşlı qızın Azərbaycana buraxılmamasına toxunub və bu olayı xüsusilə hiddətləndirici adlandırıb.
Həmin qızın adını çəkməyən Allahverdiyev bildirib ki, iyulun 21-də onun buraxılmasına çalışsalar da, nəticə olmayıb:
“Mən üç dəfə Azərbaycan nümayəndələri ilə əlaqə saxladım, amma yenə də qız düşərgədə qaldı”.
Afiq Allahverdiyev hesab edir ki, sərhədin Azərbaycan tərəfində 1200 nəfərlik çadır düşərgəsi yaradılıb və hökumət hamını birdən keçirə bilər. Amma görünür, Qullar qəsəbəsində düşərgənin qalması kiməsə sərfəlidir. Azərbaycan dövləti vətəndaşların orada saxlanmasına vəsait ayırır, həmin vəsaitlə bağlı isə məmurlar sərəncam verirlər:
“Düşərgə sakinləri geri dönənlər qrupuna növbədənkənar daxil olmaq üçün hər iki tərəfdən məmurların rüşvət almasından danışırlar. Nəzərə alsaq ki, Azərbaycanda çadır düşərgəsində adamların qəbulu üçün yerlər var, bu şayiələr inandırıcı görünür”.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Rusiya ilə sərhədləri bağlandıqdan sonra mart ayından Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstanda toplaşıblar. Rusiya FHN-nin yaratdığı çadır düşərgəsində müxtəlif vaxtlarda 900-ə yaxın Azərbaycan vətəndaşı olub. Azərbaycanlıların ayrı-ayrı zamanlarda 100-120 nəfərlik qruplarla ölkəyə qayıtması təmin edilsə də, çadır düşərgəsində şəraitdən narazılıq edənlər media və sosial şəbəkələr vasitəsilə Azərbaycan hökumətinə çağırışlar ediblər.
İyunun 15-də
düşərgədə vəziyyət gərginləşib. Ölkəyə qayıdacaq şəxslərin siyahısının tərtib edilməsi prinsiplərindən narazı qalanlar magistral yolu kəsməyə cəhd göstəriblər. Onların qarşısını Rusiyanın hüquq-mühafizə orqanlarının nümayəndələri alıblar. Qarşıdurma nəticəsində çoxlu sayda xəsarət alanlar olub. Bir-neçə Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə zorakılıq və digər maddələr üzrə ittiham irəli sürülüb.