Qüdrət Həsənquliyevin parlament rəhbərliyindən tələbi mübahisəyə səbəb olub

Deputat: “Büdcədə hansı obyektə nə qədər vəsaitin ayrılacağı barədə məlumat verilmir”

Qüdrət Həsənquliyev. Foto: arxiv


Deputat: “Büdcədə hansı obyektə nə qədər vəsaitin ayrılacağı barədə məlumat verilmir”

“Milli Məclis rəhbərliyindən tələb edirəm, həm də xahiş edirəm ki, Nazirlər Kabinetindən büdcə sənədləri daxil olanda “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinin tələbinə uyğun olaraq bütün sənədlər bizə verilmədiyi halda onu qəbul etməsinlər”.

Milli Məclisin iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev belə deyib.

O bildirib ki, həmin maddədə Milli Məclisə təqdim edilməsi zəruri olan sənədlərin siyahısı verilib: “Sənədlərə növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı 3 il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi də təqdim edilməlidir. Çox təəssüf ki, büdcə sənədləri bizə təqdim olunanda həmin layihələrin siyahısı bizə təqdim olunmur. Yenə də Hesablama Palatası öz rəyində ümumi formada bizə məlumat verir. Məsələn, 2019-cu ilin büdcəsi ilə bağlı verdiyi rəydə ümumi məlumatlar verilir və ayrılmış ümumi məbləğ göstərilir. Amma konkret olaraq hansı obyektə nə qədər vəsaitin ayrılacağı ilə bağlı bizə bir kəlmə də məlumat verilmir. O cümlədən Hesablama Palatasına da deyilməlidir ki, həmin investisiya layihələrində tikintisinə vəsait ayrılan obyektləri dəqiq göstərin, bilinsin ki, hansı obyekt neçəyə başa gəlir, dövlət bura nə qədər vəsait ayırır. Bu yaxınlarda cənab Prezident keçirdiyi müşavirədə xüsusi vurğuladı kı, büdcə layihəsi hazırlanarkən bir çox halda xərclər məqsədyönlü şəkildə şişirdilir. Düşünürəm ki, biz, Milli Məclis olaraq prezidentə bu işdə dəstək verməliyik və şişirdilən xərclərin qarşısını almalıyıq.

Çıxışdan sonra vitse-spiker Ziyafət Əsgərov isə millət vəkili Qüdrət Həsənquliyevə sual verib: “Qüdrət müəllim, bir məsələni istəyirəm sizinlə aydınlaşdıraq. Siz Milli Məclisdən tələb etdiniz və Milli Məclis sizin tələbinizi yerinə yetirmədi. Hansı hüquqi hərəkət edəcəksiniz?”

Deputat yerindən belə cavab verib “Ziyafət müəllim, əgər vəzifəli şəxs qanuni vəzifələrini yerinə yetirmirsə deməli, o həmin vəzifəyə layiq deyil”.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyevin parlament rəhbərliyindən tələbi mübahisəyə səbəb olub