Qüdrət Həsənquliyev: Şadlıq evlərinə nəzarət olmalıdır

Spiker deputatları danladı

Source:


Spiker deputatları danladı

Fevralın 1-də Milli Məclisdə 2018-ci ilin yaz sessiyasının qanunvericilik işlərinin planı ilə bağlı müzakirələr aparılıb.

Parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib. Spiker deyib ki, qanunvericilik işləri planının müzakirəsi üçün çıxışa yazılan deputatlar 10 dəqiqənin 9 dəqiqəsini başqa məsələdən danışırlar:

“Gündəlikdən kənar müzakirələrə isə 9 dəqiqə vaxt ayırırsınız. Heç olmazsa, gündəliyə aid olan məsələlərdən danışaq, digər məsələlərə bir dəqiqəlik vaxt ayırın. Axı gündəlik kənarda qalır”.

Bundan sonra çıxış edən deputat Qüdrət Həsənquliyev şadlıq evlərində olan problemlərə toxunub. O qeyd edib ki, restoran sahibləri toyda zalın tez boşalması üçün müxtəlif addımlar atırlar:

“Hamımız toylarda iştirak edirik. Restoran sahibləri kondisionerləri tez söndürürlər ki, içəri isti olsun. Səs-küyü də çox edirlər ki, qonaqların hamısı maksimum 1 saatdan sonra oradan qaçıb getsin. Ya da kondisioneri söndürmürlər, camaatın boynu donur və onlar da məcbur olub zaldan tez çıxırlar. 400 nəfərlik sifariş qəbul ediblərsə, 1 saatdan sonra zalın yarısı boşalır. Bahalı yeməkləri də saxlayırlar ən axıra. Məsələn, balığın 1 şişi 35 manatdırsa, toya gələn 400 nəfərin hamısına hesablayıb pulunu aldıqları halda, axırda uzağı 200 qalanda balıq kababı verirlər”.

Deputat bildirib ki, bu kimi məsələlərə nəzarət olunmalıdır.

Oqtay Əsədov

Spiker Oqtay Əsədov da bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: “Çox sayda bahalı şadlıq sarayları olsa da, çoxunda şadlıq evi akustika normativə uyğunlaşdırılmayıb. Yemək məsələsini mən bilmirəm, amma bütün hallarda bu məsələyə də diqqət yetirmək lazımdır”.

Müzakirələrdən sonra 2018-ci ilin yaz sessiyasının qanunvericilik işlərinin planı təsdiq edilib. İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanunları, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Daxili qoşunlar haqqında”, “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşma haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Turizm haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Peşə təhsili haqqında” qanun layihələri daxil edilib.

Siyahıda həmçinin Azərbaycan prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri var.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyev: Şadlıq evlərinə nəzarət olmalıdır