Deputat büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsinə etirazını bildirib
“Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalət prinsipi tam təmin edilməyib".
2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev belə deyib.
O bildirib ki, ölkə başçısı dəfələrlə çıxışında büdcə layihələrinin qənaətlə və səmərəli istifadə edilməli olduğunu, investisiya layihələrinin şişirdilməməsini deyib:
"Təəssüf ki, biz millət vəkilləri bu məsələdə prezidentə kömək etmək imkanı xaricindəyik. Çünki büdcə sistemi haqqında qanuna zidd olaraq dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib. Ona görə də bizim neçə obyekt tikiləcəyi, hansı obyektin tikintisinə nə qədər vəsait ayrılacağı barədə ən kiçik məlumatımız belə yoxdur".
Deputat əlavə edib ki, Hesablama Palatasının rəyinə əsasən, qurum 34 dövlət proqramı, 4 tədbirlər proqramı, 7 tədbirlər planı ilə əlaqədar olaraq, 15 icraçı quruma məktub göndərib və icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılıb, konkret hədəflər göstərilməyib.
"Bununla Hesablama Palatası əslində Prezidentin dediklərini təsdiq edib. Söhbət büdcə xərclərinin 37,9 faizini təşkil edən 10 milyard 209, 9 milyon manatın xərclənməsindən gedir. Bununla yanaşı, gələn il 951 milyon manat xarici kredit hesabına dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Xarici borc üzrə büdcədən 1 milyard 828 milyon vəsaitin geri qaytarılması göstərilib. Biz bilirik ki, götürülən kreditlər də əsasən tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisdə təsdiq olunmalıdır. Çünki o pulları biz büdcədən qaytarırıq".
Deputat misal olaraq bildirib ki, “Azərenerji”yə böyük məbləğdə vəsait ayrılmasına baxmayaraq, keçən ilin yayında Mingəçevirdə baş verən qəza nəticəsində ölkənin yarısı qaranlığa qərq oldu:
"Biz xarici dövlətlərdən elektrik enerjisi almaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, yeni rəhbərlik orada da köklü dəyişikliklərə nail olacaq".
Qüdrət Həsənquliyev onu da deyib ki, qeyri-neft sektorunun və özəl sektorun inkişafına xüsusi diqqət yetirilməlidir:
"Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır. İqtisadiyyatda proteksianizmə son qoyulmalıdır. Biz böyük özəlləşməyə getməliyik. Gələn il özəlləşmədən büdcəyə 62 milyon vəsaitin daxil oması proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Məsələn bu günlərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə fəaliyyət göstərən özəl sektorun nümayəndələri mənə müraciət edərək dedilər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlətə məxsus kabel kanalizasiya qurğularından istifadəyə Bakı Telefon Rabitəsi MMC və Aztelekom MMC vasitəsilə qadağa qoyub. Özləri isə artıq müasir dünyada istifadə olunmayan və köhnəlmiş qurğulardan istifadə etməklə keyfiyyətli xidmət göstərə bilmirlər. Söhbət 21 özəl şirkətə yaradılan problemlərdən gedir. Hesab edirəm ki, müvafiq strukturlar bu məsələni aydınlaşdırıb tədbir görəcəklər".
Deputat sonda əlavə edib ki, büdcə layihəsində islahatlarla bağlı xərclərə 878 milyon manat, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə 226 milyon manat, Prezidentin Ehtiyat Fonduna 300 milyon manat ayrılıb. Əslində bu vəsaitlərə biz nəzarət edə bilmirik". Q.Həsənquliyev siyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaitin artırılması ilə bağlı təklifləri də dəstəkləyib.