Qubad İbadoğlunun qardaşı: “Göndərdiyimiz sovqat və dərmanlar çatdırılmır”

Qubad İbadoğlu. Foto: Meydan TV

Qalib Bayramov Qubad İbadoğlunun səhhətində problemlərin olduğunu deyir

Yaxınları həbsdə olan iqtisadçı Qubad İbadoğluna göndərdikləri sovqatların bir hissəsinin ona çatdırılmadığını deyirlər.

Bu barədə qardaşı Qalib Bayramov “Facebook”səhifəsində məlumat yayıb.

Qalib Bayramov yazır ki, avqustun 16-da Qubad İbadoğluna göndərdikləri sovqatların bir hissəsi qəbul edilsə də, qardaşına çatdırılmayıb:

Kitab qorxunuzu başa düşürəm, elmdən, kitabdan, alimdən qaranlıq işıqdan qorxan kimi qorxursunuz. Bəs qarabaşağı (qreçkanı) niyə vermirsiniz? Bilirsiniz ki, Qubad müəllim şəkər, təzyiq xəstəsidir, dietik yeməklərlə qidalanmalıdır. Antisanitariya qovşağına çevirdiyiniz sanitar qovşağını təmizləmək məqsədilə göndərdiyimiz “Domestos”u niyə müsadirə edirsiniz?”.

Qalib Bayramov. Foto: “abzas.net”

Qalib Bayramov qardaşına dərmanlarının da verilmədiyini vurğulayıb:

Dərmanını niyə “öncə həkim baxmalıdır” bəhanəsi ilə götürürsünüz? Əminəm ki, bu suallara cavab vermək üçün min diliniz, min bir bəhanəniz var. Ondansa bir sifətiniz olsun, zamanı gələndə lazımınız olacaq”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi Qalib Bayramovun iddialarına reaksiya verməyib.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQubad İbadoğlunun qardaşı: “Göndərdiyimiz sovqat və dərmanlar çatdırılmır”