Qubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadıldı

Qubad İbadoğlu. Foto: Meydan TV

Britaniya və İsveç parlamentinin deputatları onun durumuyla əlaqədar öz hökumətlərinə sanksiya çağırışı edib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlu haqqında ilkin istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb. Fevralın 15-də Nərimanov rayon Məhkəməsində istintaq orqanının həbs müddətinin uzadılmasıyla bağlı təqdimata baxılıb.

Məhkəmədə ADR sədri özü də iştirak edib.

Müstəntiq məhkəmədə Qubad İbadoğlu haqqında həbs müddətinin artırılmasıyla bağlı vəsatətini əsaslandırarkən deyib ki, hələ istintaq yekunlaşmayıb, görüləsi bir sıra işlər var, bunun üçün də vaxt tələb olunur. İstintaq getdiyi müddətdə Qubad İbadoğlunun həbsdə saxlanması məqsədəuyğundur. Çünki o, qaçıb gizlənə bilər, şahidlərə və istintaqın gedişinə təsir göstərmə ehtimalı var.

Qubad İbadoğlu özü də, vəkili Zibeydə Sadıqova da buna etiraz ediblər. Onlar bildirib ki, bundan öncə də bir dəfə ADR sədri haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb və onda da uzatma zərurəti istintaqın davam etməsilə əsaslandırılıb. Lakin ötən müddətdə Qubad İbadoğlunun özüylə bağlı heç bir istintaq hərəkəti aparılmayıb.

Vəkil təqsirləndirilən professorun səhhətindəki problemlərdən danışaraq bildirib ki, onun heç bir əsas olmadan qapalı şəraitdə saxlanması həyatına təhlükə yaradır.

Zibeydə Sadıqova. Foto: “Əkinçi”

Qubad İbadoğlu özü də heç bir cinayət törətmədiyini və sifarişlə həbsdə saxlandığını vurğulayıb.

Lakin hakim təqdimatı təmin edib və ADR sədrinin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Beynəlxalq təşkilatlar, insan haqları müdafiəçiləri və siyasətçilər də Qubad İbadoğlunun həbsi, onun səhhətindəki problemlərlə bağlı məsələləri diqqətdə saxlayır. Böyük Britaniya parlamentinin deputatı Marqaret Hodge xarici işlər naziri Devid Kamerona məktub yazaraq, Qubad İbadoğlunun sağlıq durumunun kəskin pisləşməsindən narahatlığını bildirib. O, ADR sədrinin azadlığa çıxması üçün Böyük Britaniya hökumətini əlindən gələni etməyə çağırıb:

Marqaret Hodge. Foto: “Turan”

Mən sizi Qubad İbadoğlunu qeyri-insani şəraitdə saxlayan, ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıranlara qarşı səlahiyyətləriniz daxilində olan bütün vasitələrdən, o cümlədən insan haqları və korrupsiyaya görə sanksiyalardan istifadə etməyə çağırıram”.

İsveç parlamentinin deputatı Erik Hellsborn da Qubad İbadoğlunun durumuyla əlaqədar ölkəsinin xarici işlər naziri Tobias Billstroma müraciət edib:

“Amnesty International” Qubad İbadoğlunu “vicdan məhbusu” sayır. Avropa Parlamenti isə onun azad olunması ilə bağlı qətnamə qəbul edib. Hələ ki, bu çağırışlar cavabsız qalıb. Əksinə, repressiv Azərbaycan rejimi müxalif fikirli insanların təqib olunmasını gücləndirib. Beynəlxlaq aləm, o cümlədən İsveç Azərbaycanın repressiv rejiminə təzyiq etməli və göstərməlidir ki, insan hüquq və azadlıqlarının bu şəkildə pozulması yolverilməzdir”.

Eyni zamanda, London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətQubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadıldı