“European Human Rights Advocacy Centre”nin hüquqşünası iqtisadçının vəziyyətindən danışıb
“Saxta ittihamlarla həbs edilən iqtisadçı Qubad İbadoğlu saxlanılarkən sağlamlıq vəziyyəti nəzərə alınmayıb. Onun sağlamlığında ciddi problem var. Buna baxmayaraq ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar göstərilib”.
“European Human Rights Advocacy Centre”nin (EHRAC- Avropa İnsan Hüquqları Vəkillik Mərkəzi) hüquqşünası Tobi Kollis (Toby Collis) belə deyib.
Onun sözlərinə görə, Qubad İbadoğlunun həbsi, ona qarşı davranış Azərbaycanın siyasi məhbuslarla pis rəftarına sübutdur. Azərbaycan tezliklə bu məsələni həll etməlidir.
EHRAC Qubad İbadoğlunun həbsindən sonra onun müdafiəsi ilə bağlı atılan addımlar haqda yazıb.
Yazıda Avropa Məhkəməsinin 39-cu qaydaya uyğun olaraq səhhəti kəskin pisləşən Qubad İbadoğlunun məsələsini növbədənkənar icraata götürdüyü və qətnamə qəbul edərək Azərbaycan hökumətinin üzərinə öhdəliklər qoyduğu bildirilir.
Qubad İbadoğlunun hüquqlarını müdafiə edən vəkil Tobi Kollis həmçinin bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi onların vəsatətlərini təmin edib.
“Qubad İbadoğlu Azərbaycanda qurama ittihamlarla həbs edilib, hakimiyyətin ən parlaq tənqidçisinin həbsi zamanı onun sağlamlığı ilə bağlı ciddi problemləri olduğu nəzərə alınmayıb və onunla ləyaqəti alçaldan, qeyri-insani rəftar olunub”.
Vəkil bildirib ki, Avropa Məhkəməsinin qərarından sonra o, Azərbaycandakı tərədaşı, vəkillər Zibeydə Sadıqova, Şəhla Hümbətova və Səməd Rəhimli ilə birlikdə məhkəməyə iki yeni vəsatət veriblər:
“Birinci vəsatətimiz həbsdə olan İbadoğlunun tibbi yardımla əhatə olunmaması (bu, qeyri-insani rəftar deməkdir) və tibbi xidmətin yaxşılaşdırılması üçün effektiv hüquqi vasitələrin olmaması ilə bağlıdır. İkinci vəsatətimiz isə Qubad İbadoğlunun tutulması və həbsdə saxlanılmasının qanunsuz olması, onun susdurulmasına hesablanılması və professorun ofisində və evində aparılan axtarışın qanunsuz olması, şəxsi mülkiyyət hüuqunun pozulması məsələlərini əhatə edir”.
Məqalədə professor Qubad İbadoğlunun xüsusi zorakılıqla həbs olunması, saxlanma şəraitinin və tibbi xidmətlə əhatə olunmasının bərbadlığı, Beynəlxalq Qızıl Xaç Komitəsinin professoru təcridxanada ziyarət etməsinə qadağa qoyulması və digər məsələlərdən də yazılıb.
“Həm həbsdən əvvəl, həm də sonra İbadoğlu təhsil fondu və Gülənçi hərəkatı ilə əlaqəsi haqqında hökumətin qarayaxma kampaniyasına məruz qalıb. O, saxta ittihamlarla bu gün istintaq təcridxanasındadır. Həbs olunduğu zaman o, artıq bir sıra sağlamlıq vəziyyətlərindən, o cümlədən 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkirdi. İlkin dinləmədən sonrakı həftələrdə İbadoğlunun vəkili Zibeydə Sadıqova məhkəməyə apelyasiya şikayəti və vəsatətlər təqdim edərək bildirdi ki, ev dustaqlığı və ya zaminə buraxılma daha məqsədəuyğun seçimdir, çünki onun müdafiəçisi həbsxanada onun sağlamlığına daha da bərpaolunmaz ziyan vura bilər. Onun bu müraciətləri rədd edildi”, – məqalədə bildirilir.
Sayt yazır ki, Qubad İbadoğlunun bu gün səhhətinin pis olmasının səbəbi həbsxanadakı şəraitsizlik, normal müalicə və həkim müayinəsindən keçə bilməməsidir.
Qubad İbadoğlu ötən il iyulun 23-də həbs olunub. Onun barəsində əvvəlcə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.
Daha sonra, noyabrın 16-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti daha 3 ay uzadılıb.
O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə əlavə ittiham da irəli sürülüb.
Hüquq-mühafizə orqanları Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu isə ona qarşı olan ittihamları qəbul etmir, məhkəmədə onları “saxta” adlandırıb.