Qubad İbadoğlu: Hökumət səmt qazını havayı alıb, xalqa baha satır

“Öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır”

“Azərbaycan hökuməti səmt qazını BP-dən havayı alıb, xalqa baha satır. Hətta Gürcüstana satdığı qaz xalqa satdığından 1,6 dəfə ucuzdur”.

İqtisadçı Qubad İbadoğlu “Facebook” hesabında belə deyir.

Dövlət Gömrük Komitəsi (DGK) bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmini açıqlayıb.

Azərbaycan bu 9 ayda İtaliyaya 1 milyard 267,9 milyon dollarlıq (3 milyard 995,4 milyon kubmetr), Yunanıstana 163,7 milyon dollarlıq (501,7 milyon kubmetr), Bolqarıstana isə 25,5 milyon dollarlıq (166 milyon kubmetr) təbii qaz ixrac edib.

Həmin dövr ərzində Türkiyəyə 1 milyard 206,7 milyon dollarlıq (7 milyard 832,9 milyon kubmetr), Gürcüstana 280,9 milyon dollarlıq (2 milyard 261,5 milyon kubmetr) qaz ixrac olunub.
Ümumilikdə ixrac edilən qazın miqdarı 14 milyard 927,1 milyon kubmetr olub. Dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib.

Qubad İbadoğlu DGK-nın açıqladığı rəqəmlər əsasında Azərbaycanın hansı ölkəyə qazın hər 1000 kubmetrini neçəyə satdığını və əldə etdiyi gəliri hesablayıb: “Məlum olub ki, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır. Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə demək olar ki, eynidir. Adını çəkdiyim ölkələrin hamısı qaz idxalçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun?”

İqtisadçı deyir ki, bu ədalətli deyil, çünki daşınma xərclərivə əlavə işçi qüvvəsi nəzərə alınsa, Azərbaycan xalqına satılan qaz Gürcüstandan baha olmazdı: “Beləliklə, hökumət Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satır. İndi “akademik”lər deyəcəklər ki, bəs Avropaya qazı spot qiyməti ilə, Gürcüstana və Türkiyəyə də uzunmüddətli müqavilələrlə satırlar axı. Nə olsun? Onda nədən İlham Əliyev Azərbaycanda əhali istehlakçı qrupuna qazın qiymətini bir gecədə bahalaşdırdı? Olmazdımı bizə də elan olunaydı ki, qazın qiyməti gələn ildən bahalaşacaq, əməkhaqqı və pensiyalar artandan sonra?”

Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

Oktyabrın 16-da Tarif Şurasının qərarı ilə Azərbaycanda təbii qazın qiymətləri artırıldı.

Qiymət artımı həm əhaliyə, həm də digər qrup istehlakçılara şamil olundu. Beləliklə, noyabrın 1-dən əhalinin 1200 kubmetrədək istifadə etdiyi təbii qazın qiyməti 2 qəpik bahalaşıb 12 qəpiyə yüksəldi. İndiyə kimi bu qiymət 10 qəpik idi. Bahalaşma 20 faizdir.

Eyni zamanda, sənaye, kənd təsərrüfatı sahələri və “Azəristiliktəchizat” ASC-yə satılan qazın qiyməti də artırıldı.

Tarif Şurası bu qərarını enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik, intensiv inkişafına əlverişli şəraitin yaradılması, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və başqa amillərlə izah edib.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Hökumət səmt qazını havayı alıb, xalqa baha satır