"2 milyondan çox azərbaycanlı ölkəni tərk edib"
“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il ötdü.
Rəsmi açıqlanan məlumatlara görə, indiyədək Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 150 milyard dollara yaxın vəsait əldə edib.
Sentyabrın 19-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerli mediaya verdiyi açıqlamada deyib ki, əgər Azərbaycan neft hasilatı başlayan dövrlər, XX əsrin əvvəllərində müstəqil ölkə olsaydı, dünyanın ən zəngin dövlətinə çevrilə bilərdi:
“Ancaq biz müstəqil deyildik. Odur ki, müstəqil olmadığımız dövrdə çıxarılan neft xalqımızın maraqlarına xidmət etmirdi. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev və s. Tağıyev Bakıya şollar suyu çəkmişdi, təhsilə yatırım edirdi, gəncləri oxudurdu. Mənim babam Əziz Əliyevə də təhsil alması üçün kömək etmişdi. Onun sayəsində oxuyub, həkim olmuşdu”.
Prezident vurğulayıb ki, bəli, neft maqnatları belə yaxşı işlər görürdülər. Amma hamıya kömək edə bilməzdilər: “Odur ki, Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri 0 səviyyəsində idi”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib ki, həqiqətən, o vaxt Bakı neftinin milyoner etdiyi Hacı Zeynalabdin Tağıyev qazadığının çox hissəsini təhsilə xərcləyib.
Onun sözlərinə görə, Tağıyev 1901-ci idə Bakıda qızlar məktəbi açıb, 100-dən çox istedadlı Azərbaycan gəncini xaricə oxumağa göndərib: “İlham Əliyev özü də vurğulayıb, onlardan biri də onun babası Əziz Əliyev idi. Baxın, XX əsrin əvvəllərindəki xeyriyyəçi neft milyonerlərini hörmət və ehtiramla xatırlanır. XXI əsrin neft milyoneri olan Rövnəq Abdullayev isə 100 ildən sonra belə xatırlanacaq: oğlunu xaricə oxumağa yox, İspaniyaya istirahətə göndərmişdi. Bu zaman oğrular onun “Riçard Mil” brendinə məxsus 1,35 milyon dollar (2,3 milyon manatlı) dəyəri olan saatı əlindən alıb qaçdılar. Neft maqnatı olan Rövnəq Abdillayev də "təki canı sağolsun, gedən neftdən gedir, onun da xalqa nə dəxli var ki" deyərək söhbəti bitirdi”.
Qubad İbadoğlu deyir bu dövr ərzində neft ixracatından Azərbaycana 158 milyard dollardan çox vəsait daxil olub: “Kosmosa 3 peyk buraxmışıq, amma hələ də ölkədə keyfiyyətsiz internet ucbatından distant tədrisə çıxış problemi var. Bölgələrdə işıqlar sönür, kəndlilər su üzünə həsrət qalır, sürücülərin 77,3 faizi 10 ildən çox istismar müddəti olan minik avtomobillərindən istifadə edir".
Qubad İbadoğlu qeyd edib ki, Heydər və İlham Əliyevlərin memarı olduğu müasir Azərbaycan dövlətinin hazırkı mənzərəsi budur: "Xəstələr müalicə üçün İrana üz tutur, yaxşı təhsil almaq istəyən kasıb və isteadlı gənclər xaricdə oxumaq üçün sponsor axtarır. Pensiyaçılar 250 manat təqaüd, səhiyyə işçiləri 350 manat, təhsil işçiləri isə 450 manat maaş alır. Baxmayaraq ki, 2 milyondan çox azərbaycanlı ölkəni tərk edib, yenə də əmək qabliyyətli əhalinin də hər üç nəfərindən biri işsizdir. Budur Heydər və İlham Əliyevlərin memarı olduğu müasir Azərbaycan dövlətinin hazırkı mənzərəsi".
1994-cü il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalanıb.
Müqavilə iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bəzi xarici neft şirkətləri olub. Saziş 30 il müddətinə imzalanıb və 1994-cü il dekabrın 2-də Milli Məclisdə ratifikasiya olunub. Prezident onu dekabrın 14-də təsdiq edib.
Onda layihəyə qatılanlar və onların payı belə olub: BP 35.78, Chevron – 11.27, ExxonMobil 8.0006, ONGC Videsh Limited – 2.72, Inpex-10.96, Itochu-4.3, SOCAR-11.65, Statoil-8.56 və TPAO-6.75 faiz. 2017-ci ildə isə bu sazişin müddəti 2050-ci ilə qədər uzadılıb və payda bəzi dəyişikliklər edilib.
Onda da AÇG üzrə iştirak payları beləolub: BP-30.37, SOCAR-25, Chevron-9.57, INPEX-9.31, Equinor-7,27, ExxonMobil-6.79, TPAO-5.73, ITOCHU-3.65 və ONGC Videsh Limited (OVL) – 2.31 faiz.