Qubad İbadoğlu: Azərbaycanda qiymətlər sürətlə artır

İqtisadçı DSK-nın 4, 7 faiz bahalaşma olması ilə bağlı açıqlamasını inandırıcı saymır

Source: Specify Source


Nemət Əliyev: "Komitənin məlumatları reallığı əks etdirmir”

“Azərbaycanda qiymətlər çox sürətlə artır. 2021-ci ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksi Azərbaycanda ən yüksək səviyyədə artıb”.

İqtisadçı Qubad İbadoğlu belə deyir.

O bildirib ki, Azərbaycanda qiymət artımının səbəblərindən biri də mədən sənayesi bölməsində istehsal olunun məhsulların qiymətlərin bahalaşmasıdır.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, 2021-ci ilin yanvar-aprel aylarında inflyasiya 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4 faiz olub.

DSK həmin dövr ərzində ərzaq məhsullarının 4,7 faiz bahalaşdığını bildirir.

Qubad İbadoğlu deyir ki, MDB ölkələri üzrə açıqlanan statistikada ən çox bahalaşmanın Azərbaycanda olduğu göstərir.

İstehlak qiymətləri indeksinə gəlincə, iqtisadçı bildirir ki, Azərbaycanda 1 rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub: “Son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib”.

Qubad Ibadoglu (3).jpg
Qubad İbadoğlu

İqtisadçı qiymət artımının yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması ilə izah edir. O həmçinin artımda idxal olunan malların bəzilərinin mənşə qiymətininin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılmasının da rolunun olduğunu düşünür: “Beləliklə də, ərzaq məhsulları, tikinti materialları daha çox bahalaşmaya məruz qalıb. Elə bu səbəbdən də, adətən, mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınan aprel-may aylarında da qiymətlər bahalaşmaqda davam edir”.

Qubad İbadoğlunun sözlərinə görə, hazırda Azərbaycanda qiymət artımı gözləntisi yüksəkdir: "Buna görə də bahalaşma davamlı olacaq. Görünür ki, bu gedişlə Azərbaycan qiymət göstəriciləri üzrə MDB dövlətləri arasında liderliyi il ərzində əldən verməyəcək”.

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, idxal mallarının qiymət təsiri nəzərə alınsa, daxili bazarlarda 30 faiz qiymət artımıyla götürülsə, demək, 15-17 faiz bahalaşma var.

İqtisadçı sual edir: "60 faiz çəkisi olan idxal mallarının qiymətləri bahalaşanda 40 faiz çəkisi olan yerli malların qiymətləri yerində sayır, yoxsa aşağı düşür?"

"Əgər bunlarda da qiymət artımı baş verirsə, deməli, Azərbaycanda bahalaşma səviyyəsi 15-17 faiz civarındadır”, – Nemət Əliyev belə düşünür.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı DSK-nın 4, 7 faiz bahalaşma olması ilə bağlı açıqlamasını inandırıcı saymır: "Dəfələrlə tanınmış mütəxəssislər bu barədə xəbərdarlıqlar etsə də, komitə özünü eşitməməzliyə qoyub. Yaxşı olardı, komitə açıqladığı rəsmi rəqəmlərə hörmət etsin”.

Nemət Əliyev bundan sonra da ərzaq mallarının daha sürətlə bahalaşacağı qənaətindədir: “Marketlərdəki qiymətləri bir il əvvəlki qiymətlərlə müqayisə edin, o zaman bahalaşma səviyyəsinin nə qədər sürətlə davamlı olduğunu müşahidə edərdiniz. Onsuz da istehlakçılar qiymət səviyyəsinin necə sürətlə artdığını yaxşı bilirlər. Bu baxımdan komitənin məlumatları reallığı əks etdirmir”.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Azərbaycanda qiymətlər sürətlə artır