”Sənaye sektorunda yeni açılan müəssisələrin fəaliyyət göstərə bilməməsi milli iqtisadiyyatın bu vacib bölməsində tənəzzülü şərtləndirib”
“Azərbaycan sənayesi 2016-cı ili tənəzüllə başa vurub”.
Bunu Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir.
İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq “Facebook” səhifəsində yazır ki, 2016-cı ildə əvvəlki illə müqayisədə sənaye istehsalı 0,4 faiz, neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb. Halbuki 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artıb, neft hasilatı 0,3 faiz, əmtəəlik qaz hasilatı isə 1,6 faiz azalıb.
“Göründüyü kimi, ötən ilin son rübündə sənaye istehsalında artan tənəzzülün əsas səbəbi neft və qaz hasilatında məhsul istehsalının əvvəlki rübə nisbətən azalma tempinin yüksəlməsidir. Bununla yanaşı, sənaye sektorunda yeni açılan müəssisələrin fəaliyyət göstərə bilməməsi, eləcə də mövcud müəssisələrin istehsal gücünün aşağı düşməsi də milli iqtisadiyyatın bu vacib bölməsində tənəzzülü şərtləndirib. Bu da öz növbəsində ümumi daxili məhsulun tənəzzülünü daha da dərinləşdirib, çünki hazırda milli gəlirin beşdə iki hissəsi sənayedə formalaşır”.
İqtisadçının sözlərinə görə, ötən il Azərbaycan iqtisadiyyatının 4 faiz ətrafında kiçilməsi o deməkdir ki, 2015-ci il səviyyəsinə qayıtmaq üçün bu il ərzində ÜDM-in artımı ən azı 4 faiz olmalıdır. Lakin Dünya Bankı Azərbaycanda 2017-ci il ərzində 1,2 faiz artım proqnoz edib.