Qubad İbadoğlu ADR-in icra strukturlarını ləğv edib

Mənbə: Azərbaycan Demokratiya və Rifah Partiyası

Partiya sədri: “Bundan sonra ADR Hərəkatı olaraq fəaliyyət göstərəcəyik”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) mərkəzi icra strukturları buraxılıb.

Səbəb kimi dövlət başçısı İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” Qanunu göstərilib.

Bu barədə partiyanın sədri Qubad İbadoğlu “Facebook” səhifəsində məlumat paylaşıb.

Qubad İbadoğlu yazıb ki, mürtəce “Siyasi partiyalar haqqında” Qanunun fundamental azadlıqlara zidd olan 4.7.-ci maddəsinə görə siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir:

“Ona görə də icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzaladım. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı isə Ali Məclis verəcək”.

Q. İbadoğlu deyib ki, Prezident Adminstrasiyasının göstərişi ilə Ədliyyə Nazirliyi ADR Partiyasının dövlət qeydiyyatına alınmasından 4 dəfə  imtina edib:

“Bununla yanaşı, Apelyasiya Məhkəməsi işə baxmayıb, Ali Məhkəmə isə işi icraata götürməyib”.

O hesab edir ki, hakimiyyət bu yolla ADR Partiyasının fəaliyyətinə süni əngəl yaradıb.

“Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik. Azərbaycanda demokratik dəyərlərlə idarəolunan hüquqi dövlət və rifah cəmiyyəti quruculuğu həfədəfimizdir”, – deyə İbadoğlu yazıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb.

17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında partiya elan edilib.

Partiyanın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.

Ana səhifəSiyasətQubad İbadoğlu ADR-in icra strukturlarını ləğv edib