Quaydo çevrilişdə ordunun onun yanında olduğunu deyir, hökumət təkzib edir (yenilənib)

Ancaq Quaydo elanını yaydıqdan iki saat sonra hər hansı bir başqa hərbi fəaliyyət olmayıb və hökumət hər hansı bir üsyan iddiasını rədd edir.

Source: meydan tv

***


Maduro ordunun sadiq olduğunu nümayiş etdirir


Venesuela Prezidenti ilə hərbçilər televiziya yayımına çıxıblar


Venesuela Prezidenti Nikolas Maduro və əsas hərbi şəxslər ABŞ və müxalifətin silahlı qüvvələrin ona qarşı çıxmasıyla bağlı iddialarını rədd etmək məqsədilə cümə axşamı televiziya yayımında birlik nümayiş etdiriblər, – “Reuters” xəbər verir.


Müdafiə naziri Vladimir Padrino və hərbi əməliyyatlar üzrə baş direktor Remigio Ceballos tərəfindən dəstəklənən Maduro ilk növbədə sosial mediada paylaşılan xalqa müraciətində deyib: “Silahlı qüvvələr birləşmiş, bütöv və konstitusiya mandatına tabedir." Bundan iki gün öncə isə müxalifət lideri Xuan Quaydo ordunu Maduronu devirmək üçün ona qatılmağa çağırmışdı.


Venesuelalılar Maduronun hakimiyyətdən zorla yola salmaqdan ötrü çərşənbə günü Quaydonun küçələrə çıxmaqla bağlı çağırışına qulaq versə də, bu, ölkədə mövcud olan siyasi böhran durumunda çox az dəyişiklik demək idi.


Müxalifət tərəfindən idarə edilən Milli Məclisin rəhbəri Quaydo bir çox ölkə, xüsusilə ABŞ, Avropa Birliyi və digər ölkələr tərəfindən dəstəklənir. Rusiya, Çin və Kuba isə Maduronun hakimiyyətinə dəstək verirlər.


ABŞ rəsmiləri deyib ki, ordu, ali məhkəmə və Quaydonun nümayəndələriylə müzakirələr aparırlar. Maduronun düşməsi müqabilində silahlı qüvvələrin üzvləri keçid hökumətində də indiki vəzifələrini qoruyub saxlaya biləcəklər.


Ordu Venesuelada Maduronun ən böyük dəstəkçisi hesab edilir.


ABŞ-ın Venesuelada xüsusi səfiri Elliot Abrams deyib ki, Maduro özü ordunun üst rəhbərlərinə güvənmir.


"Cənab Prezident, mən tamamən sizə sadiqəm deyəndə belə o, buna inanmır," – Abrams Çərşənbə günü VPİ-a verdiyi müsahibədə deyib:


"Demək olar ki, hər kəs bununla məşğul olub və Maduro bilir ki, yüksək rütbəlilər ona həqiqətən sadiq deyil və onlar dəyişiklik istəyir".


Venesuela OPEC üzvü olduğunda ölkədə baş verən siyasi böhran dünyada neftin qiymətinə təsirsiz ötüşmür.


Quaydo 2018-ci ildə Maduronun seçkilərdə yenidən seçilməsini qeyri-qanuni elan etdikdən sonra özünü ölkənin keçici lideri elan etmişdi. Maduro Quaydonu ölkədə devrim axtaran ABŞ kuklası adlandırır.


Quaydonun çərşənbə axşamı video ilə xalqı üsyan etməyə çağırması, – baxmayaraq ki, videoda, o, əsgərlərin əhatəsində görünür və iddia edir ki, onlar Quaydonun tərəfinə keçiblər,- dəyişikliklərə aparmasa da, ölkədə iki gün davam edən kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişlər zamanı dörd nəfər öldürülüb, yüzlərlə yaralı və həbs edilənlər var.

***


Müdafiə naziri: ''Biz ölkəni zorakılığa itələyən bu tip devrim hərəkatını rədd edirik''

Venesuela müxalifətinin lideri Xuan Quaydo (Juan Guaido) deyib ki, o, Prezident Nikolas Maduronu devirmək üçün həyata keçirdiyi planının "son mərhələsinə" başlayıb. O, venesuelalıları və ordunu Maduronun "qəsbinin" durdurulmasında ona dəstək olmağa çağırıb, – “Reuters” xəbər verir.

“Reuters”in jurnalisti daha sonra təhlükəsizlik qüvvələrinin Quaydoya və Karakasdakı La Carlota hava qüvvələri bazasının çölündə hərbi uniformada olan təxminən 70-dən çox gənc silahlı adama gözyaşardıcı qaz istifadə edərkən görüb. Qrupa yüzlərlə vətəndaş da qoşulub.

Ancaq Quaydo elanını yaydıqdan iki saat sonra hər hansı bir başqa hərbi fəaliyyət olmayıb və hökumət hər hansı bir üsyan iddiasını rədd edir.

Müdafiə naziri Vladimir Padrino "Biz ölkəni zorakılığa itələyən bu tip devrim hərəkatını rədd edirik,"- deyib.

O deyib ki, silahlı qüvvələr "milli konstitusiya və qanuni hakimiyyəti müdafiədədir" və Venesuelada olan bütün hərbi birliklər öz baraka və bazalarında "durumun normal" olduğunu bildirirlər.

Bu addım Quaydonun ordunu Maduroya qarşı qaldırmaq üçün atılmış ən cəsarətli addımıdır. Əgər uğursuz olsa, o, iddia etdiyi dəstəyə sahib olmadığını sübut etmiş olacaq.

İndiyə qədər ordu Venesuelada Maduronun ən sadiq dəstəkçisi olub.

Bu, həmçinin hakimiyyət orqanlarına Quaydonu həbs etmək imkanı verəcək. O, artıq parlamentdə toxunulmazlıq hüququndan məhrub olub və ona qarşı araşdırma başladılıb.

ABŞ da daxil olmaqla 50 ölkə Quaydonu Venesuelanın prezidenti olaraq tanıyır və Maduronu yerindən tərpətmək üçün indiyə qədər Venesuelaya bir sıra sanksiyalar tətbiq ediblər.

OPEC üzvü olan Venesueladakı qeyri-müəyyənliyə görə neftin qiyməti 73 dollara qalxıb. ABŞ-ın sanksiyaları və iqtisadi böhran Venesueladan neft ixracında ciddi təsir edib.

Ağ ev sözcüsü Sara Sanders bildirib ki, ABŞ prezidenti Donald Tramp Venesuelada gedən prosesləri yaxından izləyir. Ağ ev ABŞ administrasiyasının Quaydonun dövlət çevrilişindən öncədən xəbərdar olub-olmadığı haqda sualı cavabsız qoyub.

Ana səhifəDünyaQuaydo çevrilişdə ordunun onun yanında olduğunu deyir, hökumət təkzib edir (yenilənib)