Mən hakimiyyət və müxalifətdən deyil, sadə və təbii şeylərdən yazmaq istəyirəm. Mən bizim rayonu yağmalayıb modern yad paltara bürüyən balaşlardan deyil, onlara təzim etmədiklərinə görə məşəqqətli, ağır bir ömür yaşamağa məhkum edilmiş ləyaqətli insanlardan yazmaq istəyirəm. Mənim kasıb, lakin qürurlu qəhrəmanlarım buralarda, öz ətrafımdadırlar. Onların arasındayam deyə taleyimə minnətdar olummu, ondan inciyimmi bilmirəm. Bildiyim yalnız odur ki, burda adam içindəyəm.
Dünyada heç bir qüvvə məni əsil İnsan qədər sevindirə bilməz. O əsil İnsandan yaxşı yazılar yazmaq üçün ürəyim uçunur, barmaqlarım darıxır. – Çalış, “pis yazılar” yazma, bala, – deyən anamın ruhu üçün, həmin o əsil insanların haqq etdiklərinə görə yaxşı yazılar yazmağa köklənirəm. Amma bunun onlara ziyan gətirəcəyindən qorxub niyyətimi içimdəcə boğuram. Çünki həmin yazıların müəllifi olacaq mən çoxdan bu hakimiyyətin qara siyahısına atılmışam. Bildiyim qədəriylə günahım hər şeyə doğru hesab etdiyim kimi yanşmaqdan ibarətdir.
Bu, lap çoxdan, özümü anladığım gündən belədir. Həm də o qədər çoxdan ki, estafeti bir-birinə ötürənlər daha bunu nə üçün etdiklərinin fərqində belə deyillər. Yəni, növbənöv iqtidar başçılarının heç ağlına də gəlmir ki, bəlkə bu cəza bu adam üçün bir az çoxdur və yaxud ümumiyyətlə artıqdır. Üstəlik uzun bir müddətdə adam islah olub, zərərsizləşdirilə də bilər axı… Məsələn, düçar olduğu qəzadan iş əmsalı aşağı düşər və adam əvvəllərdəki kimi sürətlə “dağıdıcı” fəaliyyət göstərə bilməz. Deməli ki, bu dəyişiklik cəzanın da müddətində, növündə və sairəsində öz əksini tapmalı idi. Əks təqdirdə ilahi ədalət pozulur. Bu ölkədə isə ilahi nədir, heç ibtidai ədalət axtarmağın mənasız olduğunu çoxdan sübut ediblər.
Lakin bu halda belə, rastlaşdığımız yaxşı insanlar, xoş hadisələr necə olsun bəs? Şəhərin, kəndin yüzlərlə biganə, laqeyd sakinləri arasındakı nadir insanlara məxsus xeyirxah əməllər, ağır həyat şərtlərinə baxmayaraq başqaları üçün göstərdikləri çabalar eləcə unudulub getsinmi? Bu fədakar, vicdanlı nümunələr heç deyilsə, xırda bir dairəyə, auditoriyaya tanıdılmasınmı? Bəs kim edəcək bunu? Qələmi, mikrafonu aftafaya çevirib asan xidmət göstərən media məddahlarımı? Onların mövzu obyektləri aşağıdan-yuxarıya sığalladıqları kabinet tayfasıdır ki, başlarını o qapalı ərazidən çıxarıb real həyatı görmürlər. Heç istəmirlər də. Çünki, bu yolla qazandıqları geniş imkanları itirməkdən qorxurlar. Hətta təhlükə olmadıqda da bircə müstəqil addım ata bilmirlər.
Onda yaxşı yazıları qara siyahıdakı bizlərmi yazaq? Əlimin altında o qədər belə mövzular var ki! Amma yaza bilmirəm. İlk dəfədir ki, yazacağım yazının nəticəsindən qorxuram. Çünki o yazıdan sonra müdüri, müdirinin müdiri mənim qəhrəmanımı gözümçıxdıya salacaq. Adam bundan sonrakı fəaliyyətində üzərindəki şübhəni götürmək üçün əlindən gəldiyi qədər amansız və ədalətsiz olmağa çalışacaq. Üstəlik yaltaqlıq etməyə də məcbur olacaq ki, heç olmasa quruca işindən olmasın. O yazıya görə o adam o qədər əziyyət çəkəcək ki, axırda içindəki insan sevgisindən də, tanrı eşqindən də, məndən də imtina edəcək. Və biz daha bir insan itirəcəyik. Yaxud həmin bir insan hər şeyini itirəcək.
“Rəiyyət üçün kredit dərsləri”…
Bir də var tragikomediyalar… Heç gözləmədiyin halda görürsən Məmmədhəsən əmi gəlib qapını döyür ki, – Ay müxbir, bəs filankəs müəllim mənim şikayətimə baxıb işimi düzəltdi. Üstəlik ürəyimdən tikan da çıxartdı. Amandır, bir yaxşı yazı yaz, qoy hamı bilsin ki, kişi yaxşı rəhbərdir, kasıb-kusubun adamıdır.
Mat-məəttəl qalırsan, əcaba dünyanın harasıdır ki, bizim məmurlar fağırın birinə təmənnasız yardım etsinlər? Etməyinə tutaq ki, lap etdilər, bəs hansı məmur razı olar ki, bunu mən qələmə alım? Keçmişdə bir dəfə doğrudan belə bir xırda möcüzə baş verəndə səbəbkar məmur qayıtdı ki: – “Allah xətrinə, mənim barəmdə lazımdırsa pis yazın, amma yaxşı heç nə yazmayın. Sizin əl boyda məqalənizə görə yuxarının etimadını itirə bilmərəm”. – “Bəs onda necə olsun, vətəndaş sizə minnətdarlıq etmək istəyir axı?” deyə sona qədər getmək istədim. – “Bilmirəm, mən sözümü dedim, istəsəniz lap yazın ki, əclafın biriyəm”, dedi. Düz sözə nə deyəsən? Adam haqlı idi.
Neçə ildən sonra da gəl, Məmmədhəsən əmiyə iliş, amma bu dəfə məsələ tam fərqli idi:
“Heç demə, qonşusu iri yük avtomobilini çevirəndə onun hasarının xeyli hissəsi dağılıbmış. O da eləmə tənbəllik, qəza baş verən kimi üz tutub yerli hökümətin divanxanasına. Qapıda dərdini dinləyəndən sonra zərərçəkmişə ərizə yazdırıblar. Bu zaman ona hətta havayı tibbi ekspert də təklif edilib. Əzilənin hasar olduğunu təkrar deyəndən sonra vətəndaşı yumşaq kresloda əyləşdirən insaflı müdrük rəhbər barmağını silkələyərək deyib ki: – Narahat olma, ağsaqqal, dünya dərəbəylik deyil! Tapşıraram o “xuliqan”ın dərsini layiqincə verərlər . Qoy görsün, dinc vətəndaşı incitmək necə olur?”
…Ertəsi gün həmin “xuliqan” dərsinin layiqli versiyasını anasının pensiya vəsiqəsini girov qoyaraq bank vasitəsilə ödəyir.
– Bəs hasar?… – soruşuram.
– Hasarı özümüz kreditnən tikdik.
– Bəs yaxşılıq bunun harasındadır?! – deyə soruşmuram…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…