Qoca və mitinq

Hərəmiz ayrı-ayrı vaxtlarda təxminən eyni yolu gəlib Bakıda görüşəsiydik

Foto: Meydan TV

Hərəmiz ayrı-ayrı vaxtlarda təxminən eyni yolu gəlib Bakıda görüşəsiydik. İki dost kimi də ola bilərdi, bir qadın, bir kişi kimi də. Dünyanın poetik, romantik, görüşlərin tərtəmiz, saf vaxtlarıydı…

Əvvəlcədən təyin etdiyimiz yerə çatmışdıq ki, qarşı tərəfdən gələn hay-küylü izdihamın içinə düşdük.

Düşünmədən yürüşçülərə qoşulduq. Aclıq-susuzluq, yorğunluq da vardı o yürüşdə, adamın qəlbinə sığmayıb ovuclarının içinə axan həyəcan da. Amma biz tərəddüd etmədən taleyin apardığı qeyri-adi səmtə gedirdik.

Günlərlə üstündə baş sındırıb özümə yaraşdırdığım ağ koftamın çiyninə neçə əl o tərəfdən ötürülmüş şirədən düşən ləkəni vecimə almayıb deyib-gülürdüm. Normalda belə təsadüflərdən çox sıxılsam da, o gün bir udum suyu bölüşdüyümüz adamlardan yüz ilin doğması kimi utanıb eləmədim. Bəlkə bu üzdən yad məkanda axşamın düşməsindən yaranan bir təşviş də yox idi. Hansı ki, qarşıda əyalət əhlinin üzünü çox qapılarda qızardan şəhərdə gecələmək problemi vardı.

Biz o gecə rayona qayıtmadıq. Əlimizə seçmə bazar meyvələri alıb “flan ağacın məhsuludur” deyə şəhər komfortunda “yurd həsrəti çəkən” hansısa qohumla qarşılıqlı fantaziyalar uydurmadıq. Yürüşdən çıxıb birbaşa dəmiryolu vağzalına tərəf addımladıq.

Bir dəfə soyuq evdən qaçıb rəfiqəmin təşəbbüsü ilə səhəri isti vağzalda açmışdıq. Rayona qatarla gedib-gəldikləri üçün vağzalın dilini-sirrini o bilirdi. İntizarla qatarın vaxtını gözləyib son anda oturacaqdan qopmaq istəməyən və yaxud göz qırpımında qalxıb gözdən itən müxtəlif adamların arasında oturmaq xoşuma gəlmişdi.

Bir də əlimizi yandıran qaynar kakao içə-içə özümüzü uzaq səfərlərə çıxası adamların yerinə qoymaq…

O möhtəşəm saatların çılğın təəssüratını başqa harda yaşamaq olardı ki? O gecə o vağzalda bizim qədər havalı, xoşbəxt adam tapılmazdı. Gedib-gələn, ötürüb-qarşılayan hər kəsə qollarımızı açıb mitinqimizdən danışmaq istəyirdik. Ölkədə təzəcə başlanan azadlıq yürüşündə suluqlamış ayaqlarımızın şirin sızıltısından duyduğumuz məmnuniyyəti hər kəslə bölüşməyə tələsirdik.

Paytaxtdan üz-gözümüz şişkin, əyin-başımız bərbad, üstəlik bir az axsaya-axsaya çıxsaq da, əhvalımız o qədər gözəl idi ki, evə tez çatıb bunlardan qurtulmaq istəmirdik. Əksinə, başlanan hərəkata davamlı qatılmaq barədə planlar qururduq. Artıq paytaxta gedən yollarımız ayrılmayacaqdı, ora daha çox hansı səbəblə getdiyimiz barədə düşünməyəcəkdik. Artıq amalımız, məqsədimiz bəlli idi. Biz azadlıq, meydan sevdalıları olmuşduq. Mən öz payıma o vaxtdan özümü harda axtardımsa, Azadlıq meydanında tapdım.

****

Bugünlərdə tanış olmayan nömrədən zəng gəldi:

– Mitinqə gedəkmi?

Səsini dərhal tanıya bilmədim. Ölkənin ağır həyat şərtləri hərəmizi bir tərəfə atandan demək olar ki, görüşmürdük. Ayaqqabı barədə nəsə işarə vuranda kim olduğunu anladım. Neçə-neçə illər keçmişdi o mitinq-yürüşümüzdən. Ondan sonra da ayaqlarımız bu yolda az qanamamışdı. Amma bəlli bir vaxtdan bəri üzürlü səbəblərdən mitinq dəftərini bağlayıb yaddaşımın “qızıl fonduna” qoymuşdum.

Xəttin o başındakı köhnə dost cavab gözləyirdi. Amma o cavab çox mətləblərdən keçməliydi. Onlardan ki:

– Artıq nə meydan o meydandı, nə dövran o dövran. Koftama tökülən o dadlı, ucuz limonad indi bahalı “Jalə”lərə çevrilib adamın çiynini yandırır. Qara köynək geyinirəm daha, qaranın ləkədən, atəşdən qorxusu olmaz.

“Ayaqqabılarımız incitsə, axsaya-axsaya gəzərik”, dedin. Neçə illərdir elə ayaqqabısız da axsayıram. İndiki mitinqlərdə gecəyə qalmaq imkanı yoxdu, hökumət “Məhsul” stadionunda vaxtı futbol hakimindən betər dəqiqliklə sayır. Dəmiryolu vağzalında isə o qatarın dalınca baxmırlar…

Olsun, əvəzində o doğma meydan ən xırda cizgilərinə qədər bizlərin ruhuna, canına hopub. Və ordan başlayan azadlıq ruhunu ən sonuncu iştirakçıya qədər kimsənin qəlbindən söküb atmaq mümkün deyil.

– Gedək mitinqə…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəQoca və mitinq