Qoca Səmədov məhkəmə zalında həbs olunub, hökm oxunub

Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir.

Foto: Yevlax şəhər İcra Hakimiyyəti


Keçmiş icra başçısının məhkəməsi yekunlaşıb

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun bu ilin yanvarından başlayan məhkəməsi sentyabrın 30-da yekunlaşıb. İki həftə əvvəl səhhətindəki problemlər əsas gətirilərək həbsdən buraxılan sabiq icra başçısı yenidən məhkəmə zalında həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinərək, 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sentyabrın 14-də məhkəmə keçmiş icra başçısının səhhətinin pisləşməsini nəzərə alaraq, onun vəkili Elnur Vəliyevin vəsatətini təmin edib, barəsindəki həbs qətimkan tədbirini dəyişmişdi. Haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilən Qoca Səmədov xəstəxanaya yerləşdirilmişdi.

Vəkil Meydan TV-yə bildirib ki, Qoca Səmədov hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirmişdi. Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı 1 il 9 ay ərzində durumu dəfələrlə pisləşib. Qoca Səmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib. Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.

Qoca Səmədov həbsindən bir müddət əvvəl 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Həbs olunan icra başçılarından uzun illər Goranboy, daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Nizaməddin Quliyevin məhkəməsi bu ilin avqustunda yekunlaşıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 6 ay azadlıqdan məhrum edilib. Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı sentyabrın 5-də Gəncədə modul tipli xəstəxanada vəfat edib.

Ana səhifəSiyasətQoca Səmədov məhkəmə zalında həbs olunub, hökm oxunub