Altay Göyüşov şübhə edir, İsa Qəmbər isə prosesin uğurla gedəcəyini düşünür
ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib. Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanunun təsir dairəsini qloballaşdırır.
2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, lakin dekabrın 8-də qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır. Qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.
“Qərb hökuməti vəziyyətdən çıxarmaq üçün əllərindən gələni edəcək”
Tarixçi-alim Altay Göyüşov qanunun Azərbaycan məmurlarına tətbiq ediləcəyinə şübhəylə yanaşır. O, bu barədə Meydan TV-yə danışarkən deyib.
Altay Göyüşov şübhəsini belə əsaslandırır ki, indiki şəraitdə Amerika hökumətinin Azərbaycan hakimiyyətinə sərt mövqe nümayiş etdirəcəyi inandırıcı deyil:
“Bəlkə repressiyaların ağır vaxtlarında, 2015-ci ilin əvvəllərində belə bir imkan vardı, hətta cənab Smit ayrıca sənəd də hazırlamışdı. Bu gün isə əksinə, Amerika, Qərb Azərbaycan hökumətini vəziyyətdən çıxarmaq üçün əllərindən gələni edəcək”.
Altay Göyüşov əsas səbəb kimi Trampın hansı şüarlarla hakimiyyətə gəlməsinə diqqət yetirməyi vacib sayır:
“Birinci şüar odur ki, Tramp ancaq Amerika haqqında düşünəcəklərini dedi. Onun ətrafındakılar da Vaşinqtonun xarici ölkələrə diqqət yetirməsi, maliyyə ayırmasının yeni administrasiya üçün prioritet olmadığını söylədilər. Onsuz da dövlətlərarası münasibətlərdə maraqlar birinci olurdu, yeni administrasiyanın siyasətində isə maraqlar dəyərləri, ümumiyyətlə, aşacaq. İkinci, etiraf etmək lazımdır, Tramp administrasiyasının Azərbaycan hakimiyyətilə əlaqələri var, biznes və s. Nəhayət, sonuncu amil geopolitikdir. Suriya olaylarından sonra Ağ Evə Kremllə qarşıdurma sərf etmir. Baxmayaq ki, Tramp Moskvayla münasibətləri başqa şəkildə qurmağa çalışacaq, amma burda təşəbbüs onda yox, Putindədir. Kreml sahibi özünü elə aparır ki, Amerikanın onunla yaxınlaşması olduqca çətin məsələdir”.
“Bu cür qeyri-müəyyən şəraitdə Azərbaycan məmurlarına hansısa sanksiyaların tətbiq olunacağı şübhəlidir”
Altay Göyüşov yeni administrasiya üzvlərindən olan Flini xatırladaraq bildirdi ki, bu adam hər gün “Rusiya bu gün” proqramında Amerikanın təbliğatı ilə məşğuldur. Belə şəraitdə Vaşinqtonun Moskva ilə necə münasibətlər quracağı sual altındadır.
“Bəzən Amerikada oturuşmuş sistemin və prezidentin müdaxiləsinin məhdud olduğu bildirilir, bu yanaşma hardasa doğrudur. Amma biz Trampın həmin dəyərlərin üstünə gedə-gedə seçkilərdə qalib gəldiyini gördük. Bu cür qeyri-müəyyən şəraitdə Azərbaycan məmurlarına hansısa sanksiyaların tətbiq olunacağı şübhəlidir”,-Göyüşov belə deyib.
Onun sözlərinə görə, adətən Amerika və Avropa arasında sanksiyalar məsələsində müttəfiqlik olur:
“Avropa strukturları isə indiki halda heç bir şəkildə Azərbaycana qarşı sanksiyaların tətbiqində maraqlı deyil. Rəsmi Bakı bütün “qırmızı xətləri” keçsə də, Avropa Şurası ötən ilin yanvarında saxta yolla seçilmiş Azərbaycan parlamentinin nümayəndələrinin təsdiqini gerçəkləşdirdi. Çox güman ki, qapalı görüşlərdə siyasi məhbuslar barədə danışıqlar aparılır. Amma həmin məhbusların çıxarılması, media azadlığı, demokratik institutların qorunması üçün Amerika və Avropanın sərt tədbirlərə əl atacağı indiki şəraitdə qeyri-mümkün görünür”.
“İnsan haqları təkcə Rusiyada deyil, başqa ölkələrdə də pozulur, o cümlədən, Azərbaycanda”
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər qanunun qəbul edilməsinin iki səbəbdən gözlənilən olduğunu dedi:
“Əvvəla, uzun illər idi Amerika korrupsiyaya qarşı mübarizəni ölkə sərhədlərindən kənarda aparırdı, bütün dünyaya aid edirdi. Bir sıra ölkələrdən fərqli olaraq ABŞ vətəndaşları hətta xarici ölkədə rüşvət verdikdə, yaxud aldıqda da Amerika qanunları ilə məsuliyyətə cəlb edilə bilərdi. Bu, bütövlükdə Vaşinqtonun rüşvətə və korrupsiyaya münasibətidir. Eyni zamanda, “Maqnitski Aktı” qanunu qəbul ediləndən sonra bir neçə il sənədin yalnız Rusiyaya yox, bütün dünya ölkələrinə aid edilməsi diskussiyası getdi. Çünki insan haqları təkcə Rusiyada deyil, başqa ölkələrdə də pozulur, o cümlədən, Azərbaycanda. Konqresin belə bir qanun qəbul etməsi həmin diskussiyaların nəticəsi kimi qiymətləndirilməlidir”.
Qanunu çox önəmli sayan İsa Qəmbər düşünür ki, sənəd həm indiki prezident Obamaya, həm də növbəti prezident Trampa korrupsiyaya qarşı mübarizədə məsuliyyət və imkanlar yaradır: “Bu prosesin uğurlu olacağını hesab edirəm”.
“ABŞ kimi böyük və lider bir dövlət yalnız Amerikanın daxili işlərilə məşğul ola bilməz”
İsa Qəmbər sənədin Azərbaycana da aid edilə biləcəyini düşünür:
“Əgər qanun bütün dünyaya aiddirsə, deməli, Azərbaycana da aiddir. İkinci, Azərbaycanda insan haqlarının pozulması iyrənc və kütləvi xarakter aldığından, bu da demokratik düşüncəli insanların diqqət mərkəzində olacaq. Ona görə də burda mübahisəlik heç nə yoxdur, sənəd Azərbaycan məmurlarına da tətbiq oluna bilər”.
İsa Qəmbər hesab etmir ki, yeni administrasiya təkcə Amerikanın maraqlarını düşünəcək: “ABŞ kimi böyük və lider bir dövlət yalnız Amerikanın daxili işlərilə məşğul ola bilməz. Yeni administrasiya da məhz Amerikanın təhlükəsizliyi, iqtisadi inkişafını təmin etmək məqsədilə dünyada ədalətsizliyə, insan haqlarının pozulmasına qarşı mübarizə aparmalı olacaq. Bu, təkcə demokratiya şüarlarından irəli gəlmir, həm də Amerikanın və azad dünyanın köklü maraqlarından doğan bir məsuliyyətdir ki, başqa ölkələrdə də demokratiya, azad mətbuat, sahibkarlıq olsun, şəffaf seçkilər keçirilsin və dünyanın qaydalarına uyğun proseslər getsin”