DİM Ellada Əhmədovanın ittihamlarına cavab verib, şagirdə güzəşt olunmayacağını deyib
Aktrisa Ellada Əhmədova qızı Nur Əliyevanın imtahandan xaric edilməsinə görə Dövlət İmtahan Mərkəzindən (DİM) şikayətçidir.
Aktrisa Meydan TV-yə deyib ki, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi olan qızı Nur Əliyeva gödəkçəsinin cibində yadından çıxıb qalan telefonu nəzarətçiyə təhvil versə də, imtahandan xaric olunub:
“Uşaq yoxlanışdan sonra imtahan zalına daxil olub. Gödəkcəsini soyunanda cibində nəsə olduğunu hiss edib. Əlini atıb ki, cibində telefon var. Bu telefon da atasının köhnə “Nokia”sıdır. Bəzən Nur məktəbdə tədbir olanda, götürürdü ki, atasına zəng etsin, onu qarşılamağa getsin. Çünki məktəb evimizdən uzaqdır”.
Valideyn bildirir ki, övladı telefonu cibindən çıxarıb, unutduğunu bildirib və imtahan nəzarətçisi olan bir qadına verib:
“Uşaq deyir ki, fikirləşdim, telefon cibimdə qalsa, problem olar. Tez telefonu çıxarıb, nəzarətçi qadına verib. Deyib ki, bilməmişəm, telefon cibimdə qalıb. Nur telefonu nəzarətçi qadına verəndə başqa bir kişi nəzarətçi içəri daxil olub. Deyib ki, telefon burada nə gəzir? Dalımca gəl. Uşağı aparıb, akt yazdırıblar, qol çəkdiriblər. Nur deyir ki, düşündüm, bundan sonra yenidən məni imtahan zalına qaytaracaqlar”.
“Sonra Nurun telefonu verdiyi nəzarətçi qadının üzərinə düşüblər, sən necə yoxlamısan ki, şagirdin üzərindən telefon çıxıb. O, da Nurla kobud davranıb. Deyib ki, mən onu necə lazımdır, yoxlamışam. Allah bilir, telefonu harasından çıxarıb. Nur da ağlayıb ki, siz nə danışırsınız? Həmin qadına deyib ki, axı mən telefonu özüm sizə verdim. Qadın üzünü yana çevirib. Sonra da uşağa başqa bir nəzarətçi acıqlanıb, təlimatı gətirib ki, bunu diqqətlə oxumalı idin. Beləcə, uşağı imtahandan çıxarıblar. Çox böyük, stress, zərbə alıb. Ağlayıb, özünü öldürür ki, budur düzgünlük, budur ədalət? Bilsəydim, telefonu göstərməzdim, sakitcə, imtahanımı yazıb, çıxardım”.
Valideynin sözlərinə görə, qızı hadisədən psixoloji sarsıntı keçirib:
“Uşaq güclü stress yaşadı. Deyir ki, ölmək istəyirəm. Sinif nümayəndəsidir. Hər bir tədbirdə aktiv iştirak edir. Mahnı oxumaq lazımdır, Nuru çağırırlar. Şeir demək lazımdır, Nuru çağırırlar. İdman yarışlarında iştirak edir. Yaxşı oxuyan, həmçinin lider xüsusiyyətləri olan uşaqdır. Mənim istəyim odur ki, aidiyyəti orqanlarda, rəhbər vəzifələrdə oturanlara sözümüz-ünümüz yetsin, heç olmasa yoxlasınlar. Həqiqəti aşkar etsinlər. Tələb edirəm ki, mənim uşağıma şərait yaratsınlar, imtahanı versin. İmtahanın cavabından sonra qərar verilsin. Uşaq ağlayıb, özünü öldürür ki, mən gecə-gündüz oxuyuram, niyə axı sıfır almalıyam?”
Ellada Əhmədova bildirib ki, məsələ ilə əlaqədar DİM-ə müraciət edib.
Məsələyə ədalətli baxılmasını və video görüntülərin onlara təqdim olunmasını istəyib:
“Məktəbdən kameradakı görüntüləri istədik. Məlum oldu ki, kamera yoxdur. Üç dəfə DİM-ə müraciət etmişəm. Deyirlər ki, telefon aşağıda yoxlama zamanı aşkarlansaydı, yenə hardasa güzəşt olunardı. Bu sistem necə qurulub, mənə aydın deyil. Haqlı ilə haqsız olanı necə müəyyən edirlər? Qanunlar vətəndaşın müəyyən yerdə, çətinliklərdə hüquqlarını qorumaq üçündür. DİM-də deyirəm ki, ərizə yazım, müraciət edim. Bildirirlər ki, ərizə qəbul etmirik. Bəs yaxşı, mən hara gedim, hara müraciət edim?”.
DİM-dən Meydan TV-yə bildirilib ki, şagirdin telefonla imtahana girməsi qayda pozuntusudur:
“Dəfələrlə xəbərdarlıq olunur ki, imtahan binasına qadağan olunmuş vasitələr, o cümlədən mobil telefon gətirmək olmaz. Bu, birmənalı qaydadır. Fərqi yoxdur, nə vaxt aşkar olunub, imtahan iştirakçısı istifadə edib və ya etməyib. Bəzən iştirakçı görür nəzarət güclüdür, istifadə edə bilməyəcək və çıxarıb özü təhvil verir”.
“Üzərinizdə mobil telefon olduqda siz imtahandan xaric olunursunuz. Burada kiməsə güzəşt olunmur. İmtahanda hamı üçün bərabər imkanlar yaradılır. Kimsə əlavə vasitələrdən istifadə edib, süni üstünlük əldə etməyə cəhd etməməlidir”, – deyə DİM-dən bildirilib.
Dövlət İmtahan Mərkəzi aprelin 16-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə Bakının Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.