Qızı döyülən ana: Mənim uşağım öləndən sonra bu işə baxacaqlar?

İnzibati xəta törədən şəxs cəzalandırılacaq

Foto: Meydan.TV


''Vəfa adlı valideyn məktəbdə, hamının içində qızının üzünə yumruq vurub''

“3 ay bundan öncə bir valideyn 13 yaşlı qızımı məktəbin həyətində sürüyüb. Polisə şikayət etmişəm, işə baxılmır, araşdırılmır. Uşağım travma alıb, deyir, özümü öldürmək istəyirəm. Biz tez-tez oxuyuruq yeniyetmələrin intiharı ilə bağlı xəbərləri. Gərək mənim qızım da özünü öldürə, iş ondan sonra araşdırılsın?”

Abşeron məktəblərindən birinin 7-ci sinfində oxuyan A. Z-nin anası Cəmilə Muradova belə deyir. O, 3 ay öncə qızının başına gələnləri Meydan TV ilə bölüşüb. Deyir, qızı ilə oğlu dərsdən evə avtobusla gəlirlər. Həmin gün avtobus basabas olduğundan qızı arxa, oğlu pulu ödəmək üçün ön qapıdan düşməli olub:

“Qızım deyir ki, pulu qardaşı verib. Onlar keçidə doğru gedəndə sürücü siqnal çalıb. Qızım qayıdıb sürücüyə deyib ki, əmi, qardaşım pulumu ödəyib. Sürücü onunla olmadığını, qarşıda gedən uşaqları çağırdığını söyləyib. Qızım da yaxınlaşıb uşaqlara deyib ki, sürücü sizinlədir. Keçidə çatanda uşaqlardan böyük olanı qızımı təhqir edib. Deyib: “Ay itin balası, mən eşidirdim də, sən mənə niyə deyirsən?” Qızım da bildirib ki, təhqirə ehtiyac yoxdur, bilməyib, daha etməz. Uşaq dilini saxlamayınca, qızım onun sinəsindən tutub silkələyib ki, bir də söyüş söyməsin”.

Ana bildirir ki, uşaqların davası burada da bitib. Ancaq onların anası (adı Vəfadır, soyadını bilmir) səhərisi gün məktəbə gəlib, həyətdə, hamının içində qızının üzünə yumruq vurub. Sonra da saçından tutub sürüyüb. Köynəyi cırılıb, saxlayıram. Ayağı qanamışdı, sonradan çirk elədi. Yazıq qızım günlərlə özünə gələ bilmədi, məktəbdən soyudu, getmək istəmədi”.

C.Muradova deyir ki, bilən kimi 102-yə zəng edib, şikayət verib. Polis qızını məktəbdən götürüb xəstəxanaya, ekspertizaya aparıb:

“Direktor da həmin valideynə hirslənib ki, sözün var, valideynini çağır. Sən camaatın uşağını nə haqla döyürsən axı? Cavab verib ki, guya mənim qızım onun uşağını döyüb. Əvvəla döyməyib, sadəcə sözləri çəp gəlib. İkincisi, belə bir şey olsa belə uşaqlar arasındadır. Valideyn mənə şikayət edə bilər, daha mənim uşağımı döyə bilməz. Uşaqdırlar dalaşarlar da, barışarlar da. Böyük birinin buna qoşulması nə deməkdir?”

Ana əlavə edir ki, ekspertizadan sonra iş Xırdalan şəhər Polis İdarəsinə göndərilib. İş araşdırılması üçün müstəntiq Fuad Nəsirova verilib. Ancaq o, işə baxmır, araşdırmır:

“3 aydan artıq vaxt keçib, hələ bir nəticə yoxdur. Hər dəfə soruşuram ki, iş nə yerdə qalıb, məhkəməyə getməlidir axı. Bir söz demirlər. Mənim uşağım haqsızlığa uğrayıb və heç bir tədbir görülmür, iş araşdırılmır. Nə məqsədlə işi araşdırmırlar, mən bilmirəm. Axırıncı dəfə də dedi ki, işi martın 2-də məhkəməyə göndərmişik. Deyirəm, gəlim bu haqda danışaq. Hər dəfəsində də deyir ki, iş gedir, nəyi danışaq? Bu gün aprelin 16-dır. Bir ay keçib. Məhkəməyə gedibsə, baxılmalı idi. Fuad Nəsirovla görüşmək üçün polis bölməsinə də getdim. Məni qəbul etmədi. Telefondan dedi ki, araşdırılır, çıx get”.

C.Muradova işin gedişatından narazıdır. Bu ərəfədə qızının özünə nəsə edəcəyindən narahatdır:

“İnanın, mən qalmışam pis vəziyyətdə. Qızımın 13 yaşı var. Deyir, o qadını hər dəfə məktəbdə görəndə əl-ayağı əsir, özünü pis hiss edir. Uşağım deyir ki, onu görəndə özümü öldürmək istəyirəm. Mənim övladım özünə nəsə etsə, mən nə edəcəyəm? Fuad Nəsirov işimizə baxmır. Deyir, Samir adlı bir nəfər tədqiqatçıya yönləndirib. Ona da zəng edirəm, mənimlə kobud danışır. Deyir, belə bir iş gəlməyib ona. İndi mən nə edim, bilmirəm. Mənim uşağım öləndən sonra bu işə baxacaqlar? Görün, hər gün gənclər intihar edir, məktəblərdə hadisələr olur. Mən də qorxuram. Aidiyyatı qurumlar indidən tədbir görməlidirlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün müstəntiq Fuad Nəsirovla əlaqə saxlayıb. Müstəntiq bildirib ki, işi araşdırıb, hətta qərar qəbul edərək, sənədləri idarənin ictimai təhlükəsizlik bölməsinə verib:

“İnzibati xəta törədən şəxs cəzalandırılacaq. Qərar vermişik ki, iş məhkəməyə getsin, bu işlə bağlı bir tədbir görülsün. Mən daha məhkəmənin qərarını nə zaman elan edəcəyini deyə bilmərəm. Özümə adi olan işi görmüşəm. Mənlik nəsə qalmayıb”.

Ana səhifəXəbərlərQızı döyülən ana: Mənim uşağım öləndən sonra bu işə baxacaqlar?