Axır vaxtlar Azərbaycanda siyasi məhbuslardan danışmaq və yazmaq bir xeyli riskli hal alıb. Çünki həbsdən çıxacaq siyasi məhbusun sonra hansı mənsəbə qulluq edəcəyini bilmək olmur. Bu illər ərzində həbsdən çıxıb keçmiş yoldaşlarını məyus edənlərin sayı yarı-yarıya oldu. Bir çox siyasi məhbusun həyat yolu göstərir ki, hökumət bir neçə illik həbslə istədiyi şeyə nail olur.
Bir də baxırsan ki, yaxın zamanın hamı tərəfindən sevilən gənc və alovlu lideri həbsdən çıxıb hökümət medalı alan media orqanına müsahibə verir və bu müsahibə az qala kameralar qarşısındakı peşmançılıq və üzr nitqinə oxşayır. Ya başqa bir siyasi aktivist həbsdən çıxıb, nə isə anlaşılmaz, çox uzaq mətləblərdən danışır. Hədəflərini, fikirlərini tamamilə dəyişib.
Ona görə də bir vaxtlar haqqında qəhraman kimi bəhs edilən adamların həbsdən çıxıb dəyilişməsi siyasi məhbuslar haqqında danışmağı çətin edir. Əlbəttə, sonradan nə baş verməsindən asılı olmayaraq, Azərbaycan kimi ölkədə hər bir siyasi məhbusun fəaliyyəti və məhbus həyatı ümumi anlamda böyük əhəmiyyət kəsb edir. Heç biri dəyərsiz və təsirsiz deyildir.
Ancaq bu mənada bu gün sonuncu siyasi məhbuslar var ki, onlar haqqında bütün ola biləcək riskləri gözə alaraq danışmaq vacibdir. Bunu pafoslu səslənsə də, tarix tələb edir. Bu kiçik və gənc ölkənin kiçik və qısa tarixi bu gəncləri onlara çox baha başa gələn əməllərinə görə öz ictimai-siyasi tarixində uzun müddət saxlayacaq.
Qiyasəddin İbrahimov və Bayram Məmmədov cəsarətləri ilə, elə bir çıxış etdilər ki, bu qədər gənc yaşda belə bir ölkədə, bunun necə gerçək olmasına uzun zaman heç birimiz inanmadıq. İndiyə qədər də ağlımız almır ki, onlar bunu hansı ağılla etdilər? Elə ona görə də, ilkin reaksiyalar çaş-başlıq içində, panikada onları günahlandırmağımız oldu. “Niyə belə elədilər”, “nəyə lazım idi” və s.
Gənclərin həbs xəbəri çıxan günlərdə Azərbaycanda yeganə açıq müzakirəsi olan Facebook cəmiyyətində əksəriyyət hadisənin əsl mahiyyətini dərk edə bilmədi. Ən yaxşı halda gənclərin özlərinin gözlərini qırpmadan, dərk edərək getdikləri işə görə onlar üçün təssüfləndilər.
Azərbaycanda son illərdə vəziyyətlə barışmış xalq, kimlərinsə hələ də vəziyyətlə barışmayıb, bu həyati təhlükəli siyasi prosesə baş qoşmağını anlaya bilmir. Doğrudan da, xalqın iştirak etmədiyi, kənardan sakitcə müşahidə etdiyi prosesdə iştirak etmək, orda azadlığını, həyatını riskə atmaq çoxları üçün dəlilik hesab edilir. Ancaq elə belə bir mühitdə də zaman-zaman məhz belə ağlasığmaz, məntiqsiz şeylər baş verdi.
O şeylər ki, insanların fərdi mübarizə əzmi, cəsarəti idi və onlar gələcəkdə xalqın tam sınmadığının göstəricisi kimi təqdim ediləcək, sabah bütöv bir xalqın ləyaqətini xilas edəcək.
Bu baxımdan Qiyasın belə bir vaxtda ictimai-siyasi səhnəyə çıxması təkcə yeni nəslin yaradıcı etirazı kimi maraqlı deyil. Bu hadisənin əhəmiyyəti heç təkcə onda da deyil ki, Azərbaycan hökuməti növbəti dəfə beynəlxalq təşkilatlara hesabatları üçün özünün xarakteristikasını verdi. Daxili auditoriya bir daha polisi, məhkəməni, obdusmanın kim olduğunu, necə xidmət etdiyini gördü.
Məsələnin mahiyyəti ondadır ki, Gül Bayramı adlandırılan bu gün, əlsində isə rüsvayçılıq günü artıq 14 ildir ki, keçirilirdi. Bu illər ərzində onlar milyonlarla pulu bizim-yəni vətəndaşların cibi olan büdcədən götürüb bu büt şənliyinə xərcləyir və bunu da bizə toy-bayram kimi təqdim edirdi. Bunu həm də Azərbaycan xalqının xoşbəxtliyi və firvanlığının əsası hesab edirdilər.
Camaat – yekə-yekə kişilər, qadınlar bəzənib-düzənir, köhnəsin-cırığın geyinib, uşaqlarını da yanına alıb, o parklara doluşur, ağzı açıq güllərə baxırdı. Beləcə, bir qul xalq yetişdirilir, bir büt aşılanırdı. Gecə düşən kimi də vəhşicəsinə güllərə darışıb didib-tökürdülər. İllərdə hökümətin apardığı siyasətin yaratdığı cahil bir toplum.
Hər dəfə o mənzərələri gördükcə yadıma Şimali Koreyada adamların mərhum prezidentləri üçün ağlaşma səhnələri düşürdü. Bizdə adamları parklara, küçələrə töküb, televiziyalara danışdırmaq, onları bundan xoşbəxt etmək Şimalı Koreyada insanların küçələrə tökülüb ağladılmasının başqa forması idi.
Həmin o 10 may günü indiyə qədər də bizim bir xalq kimi hər il təntənəli şəkildə alçaldıldığımız günlərdən biridi. Ancaq məhz bu il Qiyas və Bayram lazımı məqamda və lazımı yerdə illər sonra bu ümumxalq alçalmasının əsl mahiyyətini məhkəmə zalından vüqarla qalxan əllərilə xalqın və hökümətin sifətinə sillə kimi çırpdı.
Məsələnin mahiyyəti, onu tarixə yazan fakt da bundan ibarətdir. İllərlə bu ölkədə bu şəkildə insanların pulunu xərcləyir və onları axmaq yerinə qoyurdular. Yaşadığımız 21-ci əsr dəyərlərinə, müasir insan ləyaqətinə yaraşmayan ibtidai bir bayram adına hər il bir xalq alçalırdı. Körpə bağça uşaqlarından tutmuş, yekə kişilərə, qadınlara qədər hamını məcburi ora yığıb yalandan sevincli görünməyə, güya bayramdan feyziyab olmağa və əlbəttəki büt haqqında təriflər yağdırmağa, yaltaqlanmağa məcbur edirdilər.
13 il idi. Bu il isə, heç gözlənilmədən, 20 yaşlarında bir gənc ortaya çıxıb, lazımi vaxtda və əsl yerində bu hadisəyə öz tarixi qiymətini verdi. “Qul Bayramı”, F.ck the system. Bu həm də, ona görə tarixi əhəmiyyət baxımından qiymətlidir ki, gözünü açıb yaltaqlıq, qorxaqlıq, qorxu və repressiya görmüş gənc nəsil heç də onlar görmək istədiyi qədər avam deyil, hər şeyi başa düşür və hətta onu bu qədər açıq deməyə cəsarəti də çatır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.