Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılır

Vəkilin vəsatəti təmin edilməyib

Source:


Vəkilin vəsatəti təmin edilməyib

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs edilən gənc fəal Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi ilkin baxış iclasında Qiyas İbrahimovun anket məlumatları dəqiqləşdirilib.

Q. İbrahimovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində işə baxılan zaman əhəmiyyətli şahidlər dindirilməyib: “Baxmayaraq ki, hakim bu haqda vəsatəti təmin edərək, onların dindiriləcəyinə söz vermişdi. Biz Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şirəli Babayevin və 25-ci polis bölməsinin əməliyyatda iştirak etmiş iki əməkdaşının məhkəmədə dindirilməsini istəyirdik. Məhkəmə bu barədə vəsatətimizi təmin etsə də, sonradan o adamları dindirməkdən yayındı. Bəhanə gətirdi ki, bu adamlar məzuniyyətdədir. Şirəli Babayev hansı ixtiyarla başqasının icraatında olan cinayət işi üzrə ekspertiza keçirilməsinə qərar verib? Məzuniyyətdə olmaqla iş bitmir, bunlara aydınlıq gətirilməlidir”.

E. Sadıqov çıxışında bildirib ki, Qiyas İbrahimovun cibindən və evindən tapıldığı iddia olunan narkotik vasitə üzərindəki əl-barmaq izlərinin kimə məxsusluğu, narkotikin istifadəyə yararlı olub-olmaması kimi məsələlərin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb: “Bu adama narkotik satışı ittihamı veriblər. Birinci müəyyənləşdirilməlidir ki, bu narkotik istifadəyə yararlıdır, yoxsa yox. Ali Məhkəmənin Plenumunun qərarı da bunu tələb edir. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün qismən məhkəmə istintaqının keçirilməsinə ehtiyac var”.

Məhkəmə vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra saxlanılıblar. Onların hər iki narkotik vasitə dövriyyəsində ittiham olunub. Hüquq-mühafizə orqanları onların üzərindən və evlərindən narkotik vasitə tapılması haqqında məlumat yayıblar. Hər iki şəxsin cinayət işi üzrə istintaq araşdırması və məhkəmə prosesi ayrı-ayrılıqda keçirilib. Onların hər iki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Q. İbrahimov və B. Məmmədov ittihamları qəbul etmirlər. Onlar heykələ şüar yazdıqlarına görə, şərlənərək həbs olunduqlarını, ittihamların saxta olduğunu və istintaq zamanı təzyiqə məruz qaldıqlarını deyirlər. Beynəlxalq təşkilatlar hər iki gənci vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərQiyas İbrahimovun apellyasiya şikayətinə baxılır