Vəkil Elçin Sadıqov şəxsi facebook səhifəsində yazıb ki, müdafiə etdiyi gənc fəal Qiyas İbrahimovun valideyni ilə görüşə icazə verməyiblər.
O həmçinin əlavə edib ki, 22 iyun tarixində Qiyas İbrahimovun anası Şurasına Əmiraslanova oğlu Qiyas İbrahimovla görüşmək üçün Bakı İstintaq Təcridxanasına gedib: “Anası Qiyas ilə görüşmək üçün müraciət etsə də, ona görüşməyə icazə verilməyib. Bildirirəm ki, anaya oğlu ilə görüş verilməməsi tamamilə qanunsuzdur. Ona görə ki, qanunvericiliyin tələbinə uyğun olaraq həbsdə saxlanılan şəxs ən azı həftədə bir dəfə qohumları ilə görüşmək hüququna malikdir”.
Şura Əmiraslanova isə Meydan TV-yə bildirib ki, 3 həftəyə yaxındır oğlunu görə bilmir:
“Dəftərxanaya yaxınlaşdım ki, mənə bu gün görüş verilməlidir. Dedi: “Get, qapıdakılara de”. Onlar da dedi: “Bizlik deyil, görüş olsa, deyəcəklər”. 40 dəqiqə gözləyəndən sonra bildirdilər ki, sovqat göndərilib. Görüşü soruşdum, dedilər ki, olsa idi deyərdilər, yəqin yoxdur. Heç sovqat gətirən də yox idi. Bir-iki nəfər adam var idi. Qiyas danışanda demişdi ki, müstəntiqə ərizə yazacaq. Heç bir səbəb göstərmirlər, hamı deyir: “mənlik deyil”. Bizə də bir yol göstərən yoxdur ki, kimdənsə xəbər alaq.”
Qiyas İbrahimovla birgə Bayram Məmmədov da həbs edilib. Onlar mayın 10-da eks-prezident Heydər Əliyevin heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazdıqlarından sonra saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternotional” Qiyas İbrahimovu “vicdan məhbusu” elan edib.