Qiyas İbrahim DTX-ya aparılıb (yenilənib)

“Deyəndə ki, “hərbi komissarlıqdanıq, səbərbərliyə görə Qiyası cəbhəyə aparmağa gəlmişik”, onlara bildirdim ki, bu mümkün deyil”.

Foto: Meydan TV

***


20.45.


Sentyabrın 28-də evində saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə aparılan gənc fəal Qiyas İbrahimov axşam saatlarında sərbəst buraxılıb. Onun sözlərinə görə, "Facebook" hesabında İctimai Televiziyanın aparıcısını tənqid etdiyinə görə DTX-nın İstintaq Baş İdarəsinə aparılıb. Orada ona indiki həssas məqamda yaydığı statuslarda diqqətli olmaq tapşırılıb.


Q.İbrahimov bildirib ki, iradlarla razılaşıb. Həmçinin şəxsi fikrini yazdığını bildirib: “Müəyyən məsləhətlər verdilər, mən də öz fikirlərimi çatdırdım”.


Gənc fəal ona qarşı fiziki və psixoloji təzyiq göstərilmədiyini də qeyd edib.

***


“Özlərini Hərbi Komissarlığın əməkdaşları kimi təqdim etsələr də, sonradan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) gəldiklərini bildiriblər”

Gənc fəal Qiyas İbrahimovun saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə onun anası Şura Əmiraslanova məlumat verib.

Ş.Əmiraslanovanın bildirdiyinə görə, evlərinə gələnlər öncə özlərini Hərbi Komissarlığın əməkdaşları kimi təqdim etsələr də, sonradan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) gəldiklərini, Qiyası da ora aparacaqlarını bildiriblər.

“Deyəndə ki, “hərbi komissarlıqdanıq, səbərbərliyə görə Qiyası cəbhəyə aparmağa gəlmişik”, onlara bildirdim ki, bu mümkün deyil. Çünki Qiyas ağır cinayətə görə məhkum edilib, hərbi xidmətə aparıla bilməz. Amma əhəmiyyət vermədilər. Sonradan dedilər ki, Dövlət Təhlükəsizliyi Xidmətin əməkdaşlarıdır”, – deyə Ş.Əmiraslanova bildirib.

Ş.Əmiraslanovanın dediklərinə DTX-dan münasibət öyrənmək mümkün olmayıb.

İctimai fəalın DTX-ya aparılmasına səbəb kimi sosial şəbəkədə müharibə əleyhinə paylaşımları göstərilir.

Q.İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüayı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi. Beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu “vicdan məhbusu” adlandırmışdı.

Ana səhifəSiyasətQiyas İbrahim DTX-ya aparılıb (yenilənib)