“Həbsdə olanlara qarşı isə pis rəftar edilməsi halları ardıcıl xarakter alıb”
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsini Leyla Yunusa və digər xəstə siyasi məhbuslara baş çəkməyə, habelə onların sağlamlıq vəziyyətini nəzarət altına götürməyə çağırıb. Bu barədə Komitənin Meydan TV-yə göndərilən bəyanatında deyilir.
Bəyanat müəllifləri Azərbaycan hakimiyyətinin Leyla Yunusun və digər siyasi məhbusların səhhəti haqqında həyəcanlı xəbərdarlıqlara reaksiya verməməsindən təəssüflərini bildirirlər.
Komitə növbəti dəfə hakimiyyəti qanunsuz olaraq həbsdə olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırır.
“Bütün mümkün nəticələrə görə Əliyev rejimi məsuliyyət daşıyacaq”, – deyə bəyanatda qeyd edilir.
“Ölkə ictimaiyyəti və bir sıra beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların gün-gündən artmasından narahatçılıq ifadə etdikləri, onların müdafiəsi və azadlığa buraxılması istiqamətində ciddi tələblər irəli sürdüyü indiki dönəmdə hakimiyyətin azad düşüncəli insanları ağlasığmaz bəhanələrlə şərləyərək həbs etməsi, həbsdə olanlara qarşı isə pis rəftar edilməsi halları ardıcıl xarakter alıb”.
Bu fikirlər isə Müsavat Partiyasının siyasi məhbuslarla bağlı yaydığı bəyanatında yer alıb. Bəyanatda deyilir: “Hazırda həbsxana və
təcridxanalarda saxlanılan Leyla Yunus və Arif Yunus, İlqar Məmmədov, Tofiq Yaqublu, Sirac Kərimli və digərlərinin sağlamlıq durumlarının pisləşdiyi, bəzən isə son təhlükəli həddə yaxınlaşdığı haqda yayılan məlumatlar repressiyaların daha da gücləndiyini göstərir.
İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan xüsusi rejimli həbsxanaya köçürülməsi, ilahiyyatçı Taleh Bağırov və Abgül Süleymanovun da bu aqibətlə üzləşmə ərəfəsində olduğu xəbəri də baş verən proseslərin yaxşılığa doğru getmədiyini təsdiqləyir.
Son günlər AXCP Təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin narkotika, tanınmış vəkil Elçin Namazovun polisə tabe olmamaq maddələri ilə inzibati qaydada həbs edilməsi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin dələduzluqda və sənədlərin saxtalaşdırılması ittihamı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi Azərbaycan hakimiyyətinin müxalif düşüncəli insanlara qarşı daha aqressiv mövqe sərgilədiyini göstərir”.
Müsavat Partiyası siyasi və vicdan məhbuslarının həbsdə saxlanılmasını, onlara qarşı saxlanma yerlərində qeyri-insani münasibətlərin göstərilməsini və bu yöndəki həbslərin davam etdirilməsini qətiyyətlə pisləyir.
“Bu faktların Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gün-gündən itirməsinə səbəb olduğunu bildirərək, siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını və siyasi həbslərin dayandırılmasını tələb edir”- deyə bəyanatda qeyd olunur.