Yetkin şəxs sənədində atasının deyil, anasının adını yazdıra bilər
“Novaya qazeta. Yevropa”nın materialı
Qırğızıstanın Konstitusiya Məhkəməsi 16 yaşına çatmış vətəndaşlar üçün matronim/analıq institutunun işlənib-hazırlanmasının zərurətini tanıyıb. Bu barədə fəal Altın Kapalova öz səhifəsində yazıb.
Kapalova qeyd edib ki, qərarın iki maddəsi var. Birincisi, analıq almaq imkanının tanınması və Nazirlər Kabinetinə hazırkı qanunvericiliyə müvafiq düzəlişlərin daxil etməsi üçün tövsiyədir.
“Qərar qətidir. Şikayət vermək olmaz. Elan edilən andan qüvvəyə minir”, – Konstitusiya Məhkəməsinin qərarında deyilir. Bununla yanaşı, məhkəmənin qərarına əsasən, Qırğızıstanın yalnız həddi-büluğa çatmış vətəndaşı analıq götürə bilər. Altın Kapalova yazırdı ki, tezliklə pasport almağa gedəcək 16 yaşlı oğlu (respublikada həddi-büluğa çatmışın yaşı) analıq qismində onun adını götürə bilər. Fəal qadının sözlərinə görə, o, bu qərarla bağlı beynəlxalq məhkəmələrə şikayət etmək niyyətindədir.
“Hər şeyə rəğmən, mən bunu qələbə sayıram. Qadınlar hələ də övladları doğularkən onlara öz adlarını verə bilmirlər, lakin uşaqlar yetkinlik yaşına çatanda anasının adını ala bilərlər. Mən hamını bu qələbə münasibətilə təbrik edirəm”, – Kapalova yazıb.
Altın Kapalova 2021-ci ilin yazında həddi-büluğa çatmamış övladlarının sənədlərini dəyişərək, ora analığı (matronimi) əlavə edib. Bundan sonra Qırğızıstanın Dövlət Qeydiyyat Xidməti onu məhkəməyə verib.
“Qərara aldım ki, uşaqlarımın sənədlərindən atalıq əvəzinə analıq olmalıdır, çünki onların atası yoxdur. Bu, ölkəmdə yaşayan minlərlə qadının gerçəyidir: sənəddə ata var, uşağın həyatında isə faktiki olaraq o yoxdur. Mən uşaqlarımla məsləhətləşdim. Onlar dərhal dedilər: “Əla, ana! İşə başla!” Onlar patriarxal adət-ənənlərin qurbanları olmadığı üçün buna rahat və sevincək yanaşdılar”, – fəal qadın “Novaya qazeta”ya müsahibəsində söyləmişdi.