Milli Təhlükəsizlik Komitəsində dindirilən “Kloop” əməkdaşlarının yanına vəkilləri buraxmırlar
Bu gün, mayın 28-də Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları “Kloop” nəşrinin üç jurnalistini və keçmiş əməkdaşını saxlayıb.
Bu haqda məlumatı paylaşan nəşr əməkdaşlarının dindirilmək üçün aparıldığını, vəkillərin yanlarına buraxılmadığını, bununla da onların müdafiə hüququnun pozulduğunu bildirir.
Hazırda “Kloop”un iki jurnalisti – Oş şəhərində Zıyagül Bolot qızı və Bişkekdə Aleksandr Aleksandrovun evində axtarış aparıldığı məlumdur. Onların bütün avadanlıqları müsadirə edilib.
Nəşrin digər jurnalisti Aiday Erkebayeva saxlanılması barədə məlumat ötürməyə imkan tapmadığı üçün, onun evində axtarışın aparılıb-aparılmadığı barədə hələlik heç bir məlumat yoxdur.
Bundan əlavə, “Kloop”un keçmiş əməkdaşı Zara Sadıqəliyevanın da dindirildiyi bildirilir.
Dindirilmə və axtarışların səbəbləri, eləcə də saxlanılanların statusu barədə də məlumat verilmir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Mərkəzi (OCCRP) jurnalistlərin saxlanmasını Qırğızıstanda mətbuat azadlığına artan təzyiq kimi qiymətləndirib.
2024-cü ilin əvvəlində yalan məlumat yaymaqda ittiham edilən “Kloop”un barəsində fəaliyyətini dayandırmaqla bağlı məhkəmə qərarı verilib. Buna baxmayaraq, nəşr fəaliyyətini davam etdirir. Onun diqqətəlayiq araşdırmaları arasında gömrük sistemindəki korrupsiyanı ifşa edən “Talan və himayəçilik” seriyasını göstərmək olar.
2007-ci ildə yaradılan “Kloop” hökumətin güclü təzyiqi, həbsləri və senzurasına baxmayaraq, korrupsiya hallarını üzə çıxarmaqda davam edir.