”QİÇS-lə Mübarizə Mərkəzində hər kəs müalicədən və yeməkdən narazıdır”

QİÇS daşıyıcısı: ”Adi şprisi belə bizdən istəyirlər”

Source:


QİÇS daşıyıcısı: ”Adi şprisi belə bizdən istəyirlər”

Mayın 20-də bütün dünyada QİÇS-dən vəfat etmiş insanların Ümumdünya Anım günü qeyd edilir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov mayın 18-də keçirdiyi mətbuat konfransında virusun ilk dəfə aşkarlandığı 1987-ci ildən bugünədək Azərbaycanda 904 QİÇS daşıyıcısının vəfat etdiyini bildirib.

Direktor əvəzi deyib ki, qeydiyyatda olanlardan 45 faizi cinsi yolla, 42,2 faizi narkotik istifadə etməklə, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə digər yollarla virusa yoluxub.

Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycanda İİV/QİÇS-li insanların müayinə və müalicəsi pulsuzdur, qeydiyyatda olanlara pulsuz dərmanlar verilir. İİV/QİÇS-li şəxslər üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyası (ARV) tətbiq olunur.

42 yaşlı Həmid Məmmədli (adı şərti verilib) narkotika istifadəçisidir, 2006-cu ilin fevralında virusa yoluxduğunu bilib. O, Meydan TV-yə deyib ki, indi xəstəliyi QİÇS-in 4-cü, yəni sonuncu mərhələsindədir. Deyir ki, sonuncu dəfə martda Respublika QİÇS-lə Mübarizə Mərkəzində müalicə alıb:

“Əvvəl dərmanlardan tutmuş qidaya qədər Qlobal Fond (Vərəm, QİÇS və Malyariya ilə mübarizə üzrə Qlobal Fond) tərəfindən verilirdi. Bir kurs müalicədən sonra yaxşılaşırdım. İndi dərmanlar keyfiyyətsizdir, çünki dövlət daha ucuz dərmanlar alır”.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Tibbi Klinik Mərkəzlə eyni həyətdə yerləşir. Bu üçmərtəbəli bina “morq”un yaxınlığındadır.

Mərkəzdə qadın və kişi pasiyentlər üçün ayrı-ayrı palatalar var. Palatalar çox səliqəsiz, çirklidir. Həmid söyləyir ki, palatalar gündə bir dəfə süpürülür. Pasiyentlər üçün qoyulmuş “tumboçka”ların üstü isə daim kirli olur, ya şəxs özü təmizləməlidir, ya da qanlı pambıqlar, istifadə olunmuş şprislər günlərlə orada qala bilər. Müalicə olunanlara pulsuz verilməli olan dərmanların siyahısı palataların qarşısındakı divara yapışdırılıb. Amma adi şprislər müalicə olunanların yaxınlarından tələb olunur:

“İndi müalicə olunan hər kəs həm dərmanlardan, həm də yeməkdən şikayət edir. Qlobal Fond tərəfindən keyfiyyətli yeməklər verilirdi. Heç olmasa həftənin 3 günündə səhər yumurta, kəsmik, hətta cem yeyirdik. Meyvə, meyvə şirələri, ətli yeməklər, şokolad verilirdi. İndi səhər duru mannı yeyirik, günorta şorbanın içindəkiləri qaşıqla tuta bilmirik”.

Həmid Məmmədli iddia edir ki, Qlobal Fond maliyyə yardımlarını dayandırandan sonra palatalardan televizorlar “yoxa çıxıb”. Deyir ki, onsuz da tezliklə öləcəyini bilir. Ona görə də həkimlərdən keyfiyyətli yemək, keyfiyyətli dərman tələb etməyi artıq hesab edir. Yeganə istəyi insanların, xüsusilə cavanların narkotika ilə bağlı məlumatlandırılmasıdır.

“Bura hərdən jurnalistlər gəlir. Ancaq Səhiyyə Nazirliyinin göndərişi ilə gəldiklərindən pis heç nə yazmırlar. Hətta bir neçə nəfər var, xüsusi qulluq görürlər, onlar da jurnalistlərin, yoxlamağa gələnlərin qarşısına çıxıb tərifləyirlər” – bunu isə hazırda orda müalicə alan Vahid (ad şərtidir) adlı pasiyent deyir. Sonra söhbətinə davam edir:

“Burda yatanlar arasında narkomanlar da var, homoseksuallar da, bədənini satıb dolanarkən yoluxanlar da. Homoseksuallar demək olar zorla gətirilir, özləri gəlmirlər. Çünki burda onlara münasibət yaxşı deyil, narkomanlar onları qəbul etmir, yanlarına buraxmaq istəmirlər”.

Vahid deyir ki, burda ciddi qaydalar da var, hər kəsin anonimliyi qorunur, reseptlər belə kodla yazılır. Elə bu səbəbdən də müalicə üçün rahat gələ bilirlər.

“Di gəl, müalicə və verilən ərzaq keyfiyyətsizdir. Əvvəllər çox yaxşı idi”- Vahid vurğulayır.

Mərkəzin direktor əvəzi Eldəniz Muradov isə mətbuat konfransında səsləndirib ki, dövlət xəstələri tam pulsuz tibbi avadanlıqlarla və keyfiyyətli dərmanlarla təmin edir.

Qlobal Fondun Səhiyyə Nazirliyi ilə ilk əməkdaşlığı İİV/QİÇS komponenti üzrə 2005-ci ildə “Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” layihəsi ilə başlayıb. Fondun dəstəyi ilə bütün QİÇS daşıyıcıları antiretrovirus dərmanları ilə təmin edilib. Fond Azərbaycanın iqtisadi inkişafına görə orta inkişaf səviyyəsindən yuxarı hesab olunması səbəbindən 2013-cü ildən yardımları dayandırıb. Lakin Səhiyyə Nazirliyi ötən il mətbuata fondla yenidən əməkdaşlığa başlanıla biləcəyini açıqlayıb.

Ana səhifəXəbərlər”QİÇS-lə Mübarizə Mərkəzində hər kəs müalicədən və yeməkdən narazıdır”