Ramil Osmanov: ”Hökumətin indiki şəraitdə belə tədbirlərin icrasına başlaması inandırıcı deyil”
“Bakı rayonlarından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 68 planlaşdırma həlli daxil olub. Onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb. Digərləri isə təsdiqini gözləyir”, – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun sözləridir.
O, APA-ya bildirib ki, yerli icra hakimiyyətləri tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid mənzillərin qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur:
“Torpaqdan istifadə planında tikinti altında olan ərazilərin mümkün ayrılma sərhədləri koordinat nişanları ilə birlikdə göstərilməsi tövsiyə olunur. Belə təfsilatlı layihəqabağı prosedur tikinti altında olan ərazinin ayrılmasının düzgün seçimini nəzərdə tutur”.
Abbas Ələsgərov planlaşdırma həllərinin 185 hektar ərazidə 450 min kvadratmetr qəzalı və yaşayış üçün yararsız tikilinin söküntüsünün nəzərdə tutduğunu deyib:
“Ümumi yaşayış sahəsi 2 milyon 200 min kvadratmetr olan 200-dən çox orta və çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Hazırda Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Nizami rayonlarında 20-dən çox bina tikilir”.
A. Ələsgərov bildirib ki, qəzalı və yaşayış üçün yararsız binalardan əhalinin köçürülməsi mürəkkəbliyinə görə sahibkarlara kompensasiya üçün planlaşdırma həllərində bəzən tikinti sıxlığı 30 faizədək artırılır.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov bəzi ərazilərdə tikinti getdiyini təsdiqləsə də, ümumilikdə səslənən rəqəmlərin böyük olduğunu deyir.
O hesab edir ki, indiki ağır iqtisadi şəraitdə şəhərsalma üçün belə fundamental tədbirlərin keçirilməsi mümkün görünmür:
“1-2 ildən sonra “Yol xəritəsi”nin icrasıyla bağlı ciddi addımlar atıla bilər. İndiki halda Abbas Ələsgərovun dedikləri inandırıcı deyil. Bəlkə komitə rəhbərinin fərqli arqumentləri var. Amma Bakı şəhər rəhbərliyi, yaxud digər icra strukturları bu məsələyə hazır görünmürlər”.
Ramil Osmanov deyir ki, əslində sosial mənzil layihəsinin icrası müəyyən mənada çoxmənzilli binaların tikintisinin aktivləşməsi, bu sahədə irəliləyişə nail olmaq üçün ortaya qoyulub:
“Onunla paralel hökumətin indiki şəraitdə bu cür tədbirlərin icrasına başlaması inandırıcı deyil”.