Qəyyumluq Komissiyası Nurayın xalasında qalmasını istəyib

Nuray Bayramzadənin problemi araşdırılır

Source:


Nuray Bayramzadənin problemi araşdırılır

Quba rayonunun Alekseyevka kəndində yaşayan 10 yaşlı Nuray Bayramzadənin məhkəməsindən yayılmış görüntülər sosial şəbəkələrdə rezonans yaradıb. Meydan TV məsələni araşdırmağa çalışıb.



“Uşaq atasını istəmədiyi demişdi”

Quba Rayon İcra Hakimiyyəti məlum video görüntülərdən sonra Nurayı, atası və xalasını, o cümlədən məhkəmə icraçılarını çağıraraq dindirib.

İcra Hakimiyyətinin Qəyyumluq Komissiyasından Meydan TV-yə verilən məlumata görə, tərəflər arasında uzun müddətdir məhkəmə çəkişməsi olub.

“Bizə azyaşlı Nuray Bayramzadə tərəfindən müraciət daxil olmuşdu, biz də müraciətin araşdırılması üçün tərəfləri çağıraraq danışmışdıq. Uşaq müəlliminin, xalanın, psixoloqun yanında atasını istəmədiyini demişdi. Komissiya uşağın istəyini nəzərə alaraq rəy vermişdi. Amma sonuncu qətnamədən komissiyanın xəbəri olmayıb”,- icra hakimiyyətinin müavini, qəyyumluq komissiyasının sədri Rəqşəndə Bayramova deyib.



“Məhkəməyə təqdim olunan sənəd saxtadır”

Nurayı böyüdən Eldar Eldarov isə atanın aliment ödədiyinə dair məhkəməyə təqdim etdiyi sənədin saxtalaşdırdığını iddia edib. Onun sözlərinə görə, keçmiş bacanağı nə həyat yoldaşı-Rübabə Xudaverdiyevaya, nə də Nuraya baxmayıb:

“Nurayın anası Rübabə Əvəzin ikinci arvadı olub. Əvəz onun xərçəng xəstəsi olduğunu bilən kimi ayrılıb. Deyirlər ki, üçüncü ailəsini də dağıdıb. Nuraydan başqa 1, ya 2 uşağı var. Rübabənin müalicəsi üçün mən evimi satmışam. İndiyədək olan məhkəmələrdə isə yolpulu, vəkilə ödəniş və digər xərclərə 30 min manat xərcləmişəm”.



Nuray hazırda xalasındadır

Videoda cərəyan edən hadisə dekabrın 7-də baş verib. Nuray elə həmin gün atasının yanından xalasının yanına qaçıb. Atasının əlindən çıxan uşaq ayaqqabılarını soyunaraq qaçıb və xalasının ayağından yapışıb. Bundan sonra ailə Nurayı evə gətirib. Lakin məhkəmənin qərarı qüvvədə qaldığından azyaşlının təkrar ataya veriləcəyindən narahatdılar.

foto APA
foto APA

Nurayın xalası Mehriban Eldarova deyir ki, bacısı 2008-ci ildə yoldaşından ayrılıb, 2010-cu ildə isə uzun sürən xəstəlikdən sonra vəfat edib:

“2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib. Sonralar keçirilən məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də mənimlə həyat yoldaşımı Quba Rayon Məhkəməsinə çağırdılar”. Elə məhkəmədə də qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən onun yanına qayıdıb.

Nuray Bayramzadə isə APA-nın müxbirinə deyib ki, o, xalası ilə birgə qalmaq istəyir. Onun sözlərinə görə, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.

Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.



Mülk davası?

Ailənin yaşadığı kənddən isə Meydan TV-yə deyiblər ki, mübahisə mülk üstündədir. Ev Nurayın mərhum anasına məxsusdur.

“Ailələrin bir-birini görməyə gözü yoxdur. Kənddə hamı bu məsələdən xəbərdardır. Dünəndən jurnalistlər gəlirlər, ailələri danışdırırlar”,-kənd sakini deyib.

Eldar Eldarov isə mülklə balı deyilənlərlə razılaşmır: “İstənilən şəxs kəndə gəlib araşdırma apara bilər. Kənd evi nədir ki, onun üstündə uşaq alət edilsin?”



“Ata övladını istəyir”

Nuray 11 noyabr 2006-cı il doğumludur. Hadisə baş verəndən o, cəmi 1-2 dəfə məktəbə gedib. Uşağın psixoloji sarsıntı keçirdiyi deyilir. İcra hakimiyyəti isə azyaşlıya qarşı zorakılığa yol verənlərin cəzalandırılacağını vəd edib.

Uşağın atası Əvəz Bayramzadə mediaya açıqlama vermir. Ona məxsus mobil telefon bağlıdır. Lakin o, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə danışıb. Hazırda birlik sədri faktı araşdırmaq üçün Qubaya gedib. Onun sözlərinə görə, ata övladı ilə görüşə bilmədiyini, buna görə də məhkəməyə müraciət etdiyini deyib.

“Ata övladını istəyir, indiyədək aliment ödədiyini söyləyir. Bu məsələ hərtərəfli araşdırılmalıdır. Mən Qubada hər iki tərəflə görüşüb məsələni araşdıracam”.

Ali Məhkəmə iddiaya baxarkən azyaşlının fikri dinlənilib, lakin qızın 10 yaşının tamam olmaması əsas gətirilərək onun fikri nəzərə alınmayıb.

Vəkil Vəfa Seyidova isə deyir ki, Ailə Məcəlləsinə uyğun olaraq qızın xalası təkrar məhkəməyə müraciət edə bilər. “Məhkəmə Qəyyumluq Komissiyasının rəyini mütləq nəzərə almalıdır. Mətbuatda yazılanlara görə, Qəyyumluq Komissiyası uşağın xalanın himayəsində qalmasına dair rəy verib. Məhkəmə bu rəyi niyə nəzərə almayıb?”

Vəkil deyir ki, uşağa psixi və fiziki zorakılıq edən məhkəmə icraçıları ilə bağı Ədliyyə Nazirliyinə şikayət olunmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.



“Uşaq zorla atasından alınıb”

Vahid Əhmədov foto sosial şəbəkə

Qubadan olan millət vəkili Vahid Əhmədov “Report”-a açıqlamasında məsələni araşdırdığını deyib. Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları bildirib:

“Lap tutaq ki, məhkəmə qərar qəbul edib… İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür”.



Quba rayon Məhkəməsinin sədri: “Qərar könüllü icra olunmadığı üçün məcburi şəkildə icra edilib”


Quba rayon Məhkəməsinin sədri: Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov isə APA-ya açıqlamasında deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən, uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.

Füzuli Pənahov foto sosial şəbəkə
Füzuli Pənahov foto sosial şəbəkə

“Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb”, – deyə hakim söyləyib.

Ana səhifəXəbərlərQəyyumluq Komissiyası Nurayın xalasında qalmasını istəyib