Qeyri-rəsmi məşğulluqla bağlı monitorinqlər başlayıb

“İnşaatda işləyənlərin 70 faizdən çoxu qeyri-rəsmi məşğulluğa aid edilib”

Source:
Tikinti arxiv foto
Tikinti arxiv foto


“İnşaatda işləyənlərin 70 faizdən çoxu qeyri-rəsmi məşğulluğa aid edilib”

ASAN Xidmət tikinti şirkətlərində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı monitorinqlərə başlayıb.

APA yazır ki, bugünədək doqquz səyyar monitorinq keçirilib. Çoxmənzilli binaların inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla 30 hüquqi və fiziki şəxsə aid şirkət yoxlanıb.

Məlum olub ki, bu şirkətlərdə çalışan 232 işçidən 170-i müqavilə, 62-si isə müqaviləsiz işlədilib:

“İşçilərin 27 faizi əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edilib. Faktlarla bağlı tədbirlərin görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokurorluğa müraciət olunub.

Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev deyir ki, rəsmi statistika ASAN Xidmətin monitorinqinin nəticələrinin əksini deyir. 2016-cı ilin nəticəsinə görə, tikinti sektorunda çalışanların cəmi 26 faizi əmək müqaviləsi əsasında çalışıb:

“Rəsmi statistika tikinti sektorunda çalışanların 70 faizdən çoxunu qeyri-rəsmi məşğulluğa aid edib”.

İqtisadçı deyir ki, bu iki rəsmi rəqəm arasında kəskin fərqin bir ağlabatan cavabı ola bilər:

“Dövlət statistika orqanı real işsizlik səviyyəsini gizlətmək üçün işləməyən böyük işçi kütləsini “qeyri-rəsmi məşğullar” statusuna daxil edir. Tam siyasiləşmiş statistikaya görə, işsizliyin rəsmi və ya qeyri-rəsmi olmasının fərqi yoxdur. Əsas odur ki, işsizlik göstəricisi yüksək görsənməsin”.

Monitorinqlər 2017-ci il oktyabrın 9-da prezident İlham Əliyevin qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamasından sonra başlayıb.

Sərəncamda qeyd edilir ki, tədbirlər planı ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə təsdiq edilir.

Bu sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.

Ana səhifəXəbərlərQeyri-rəsmi məşğulluqla bağlı monitorinqlər başlayıb