Hacıbala Abutalıbovun sərəncamı prezidentin çıxışına hesablanıb.
Aprelin 16-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtdakı qeyri-qanuni yaradılmış avtomobil duracaqlarının ləğv edilməsi barədə sərəncam imzalayıb (APA).
Sərəncamda qeyd edilir ki, şəhərdə müasir tələblərə cavab verən avtomobil duracaqları yaradılmasına baxmayaraq, hələ də şəhərin bəzi küçə və prospektlərində yol kənarlarında sürücülər tərəfindən bir-iki, hətta üç sıra avtomobillərin saxlanılması hallarına yol verilir. Bu da həmin küçə və prospektlərdə uzun tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, xüsusi avtomaşınların (təcili yardım, yanğınsöndürən və s.) hərəkətlərində çətinliklərin yaranmasına gətirib çıxarmaqla vətəndaşların haqlı narazılığına səbəb olur.
Eyni zamanda, DİN-dən Bakı şəhərində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Baş Polis İdarəsinə tapşırıqlar vermək, Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin sahiblərinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün Nəqliyyat Vasitələrinin Qeydiyyatı bazasından istifadə etməyə müvafiq şərait yaratmaq istənilib.
Sərəncamın prezidentin Nazirlər Kabinetinin 13 aprel müşavirəsində tənqidi çıxışından sonra imzalanması diqqət çəkib. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nurənə Mərdanova da AzadlıqRadiosuna açıqlamasında sərəncamın prezidentin son müşavirəsində səsləndirdiyi iradların aradan qaldırılmasına hesablandığını təsdiqləyib.