Qeyri-bərabər ”savaş”

Əslində hələ uzun müddən bu mövzuda yazmaq fikrim yox idi, çünki çox yazmışam, zəhlətökənlik kimi çıxır

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Əslində hələ uzun müddən bu mövzuda yazmaq fikrim yox idi, çünki çox yazmışam, zəhlətökənlik kimi çıxır. Amma elə bir şey baş verdi ki, özümü saxlaya bilmədim.

Bir həftə əvvəl böyük bir əyləncə parkına getmişdik ailəlikcə. Bizim kimi uşaqları ilə parka gələn xeyli İraq, Suriya, İrandan olan ailələr də vardı. Əyləncə növləri müxtəlifdi. Elə seçilib ki, həm balacalar, həm də böyüklər həzz ala bilsin. Attraksionlar, əyləncəli qurğular, yelləncək, katamaran və s.

Katamarana biz də minmək istədik. Ailəlikcə növbədə durduq. Bizdən əvvəlki 5 katamaranı 5 ailə götürmüşdü. Ailələrdən biri Suriyadan olan bir qadın və iki uşağı idi. Hər qrupa ayrılan vaxt bitdi. Suriyadan olan, hicablı bir qadın uşağı ilə sürdüyü katamaranı fırlayıb, sahilə gətirə bilmirdi heç cür. Ətrafdakılar zarafat edir, qadın özü hamını gözlətdiyinin fərqinə vararaq, utanıb-qızarır, amma nə qədər əlləşirdisə, qurğunu idarə edə bilmirdi.

Bu vaxt yaxında olan bir norveçli kişi öz katamaranı ilə yaxınlaşdı, qadına kömək elədi. Birtəhər sahilə yaxınlaşdılar və qadın oğlu ilə düşüb gəldi. Bayaqdan bu mənzərəyə tamaşa edən həyat yoldaşım birdən dedi:

Bax, sonra deyirsiz ki, qadınlara qarşı haqsızsınız, bizim heç bir fərqimiz yoxdur. Görürsən, texnika, maşın söhbətlərində yenə kişi asanlıqla bacardı.

Onun bəlkə də zarafatla dediyi bu sözlər mənə çox pis təsir elədi. Ən azı ona görə ki, bayaqkı qadının hansı ölkədən gəldiyini, davranışlarını, fağırlığını görən adam üçün, onun necə, hansı şəraitdə böyüdüyünü, tərbiyə aldığını, nələrə məhrum qoyulduğunu, nələrinə məhdudiyyət qoyulduğunu təsəvvür etmək çətin deyildi. Və belə bir qadının bacarığını 2-3 yaşından gününü parklarda, əyləncələrdə, müxtəlif attraksionlarda keçirən, dünyanın uşaqlar üçün ən ideal ölkələrindən birində, müasir valideynlərin evində böyüyən norveçli kişinin bacarığı ilə müqayisə etmək ən azı insafsızlıq idi. Ən pisi də bu idi ki, hələ mənim həyat yoldaşım kifayət qədər müasir adamdır, cinslərarası bərabərliyi qəbul edir-filan. Bununla belə, şərtlərdən xəbərdar olduğu halda, yenə də düşünür ki, məsələn, bu qadın texnika ilə ona görə bacarmadı ki, qadındır, qadınlarda bu alınmır.

Bir aydan sonra doğulacaq qızıma nəsə almaq üçün oyuncaq dükanına girirəm. Dükanın girişində, “Oğlan uşaqları” üçün yarlıqlanmış bölmədə maşınlar, kombaynlar, gəmilər, qayıqlar, futbol, tennis, xizək və başqa idman növəri üçün aksesuarlar, musiqi alətləri, dəniz quldurları və başqa maskulin personajların paltarları satılır. “Qızlar üçün” yarlıqlı bölməyə adlayıram.

Gəlinciklər, çəhrayı və zərli paltralar, ayaqqabılar, gəlincik körpələr üçün beşik və paltarlar, oyuncaq qaz pilətəsi, qab-qacaq və bir sözlə, standart düşüncə üçün qadına aid olacaq tematika – ev, uşaq, bəzək əşyaları…

Təsəvvür edirəm. Sən 2 və ya 3 yaşlı uşaqların əllərindən tutub, bu dükana girirsən və oğlana da, qıza da “öz” bölmələrini göstərirsən. 2-3 yaşlı uşağa sən bəri başdan deyirsən ki, oğlan, sənin işin texnikadır, idmandır, əyləncə və yaradıcılıqdır. Qızı isə körpə, ev, məişətlə bağlı əşyalara “təhkim” edirsən. Sən, oyuncaq istehsalçıları, marketinq, dükanda satıcı – birləşirsiz, bu uşaqlara seçim vermirsiz ki, özləri seçsin nə ilə oynamaq maraqlıdır onlara. Hələ təsəvvür edin ki, Norveç dünyanın ən feminist ölkələrindən biridir. Amma cinslərin gələcəkdə münasibətlərini, özlərini ifadəsində komfortunu məhv edəcək stereotiplər burda da hər addımdadır.

Bəli, hələ də dünyanın heç bir yerində cinslər üçün şərtlər eyni deyil. Dünyanın heç bir ölkəsində stereotiplər bitirilməyib. Dünyanın heç bir yerində güclər eyni deyil. Bu isə təkcə qadını deyil, bütün cinsləri diskomforta, seksizmə, diskriminasiyaya məruz qoyur. Kişilərin də boynuna məhz cinsi kişi olduğuna görə bəzən gücləri çatmayan öhdəliklər qoyulur, onlardan nələrsə gözlənilir, onlara da çox şey yüklənir. Bəzi yerlərdə ailənin maddi qayğısı, bəzi yerlərdə “qeyrət yükü”, bəzi yerlərdə müdafiə yükü və s…

Yoldaşımdan onun hansı şərtlərdə təhsil aldığını soruşuram. Müəllimə anası, təhsilə çox önəm verən atası onu oxutmaq üçün əllərindən gələni ediblər. Anası qənaət etdiyi puldan onun repetitorlarının haqqını ödəyib. Bir kəsiri olanda anası ondan daha çox həyacanlanıb, bütün sakitliyi, şəraiti yaradıb ki, oğlu rahat oxusun, imtahanlara hazırlaşa bilsin. Əlini atanda hazır yemək, təmiz paltar, sakit ev, gülərüz valideynlər görüb. Bütün bunları ona görə ediblər ki, “oğlumuz oxusun, başımızı uca eləsin”.

Sonra özümün təhsil şərtlərimdən danışıram. 7-8 yaşımdan qardaşlarıma baxmalı olmuşam, 10 yaşımdan evin yeməyini və təmizliyini eləmişəm, 11-12 yaşımdan valideynlərim oxumayım deyə daha çox iş buyurub, əlimdə kitab görəndə döyülmüşəm, üzümə tüpürüb, döyüb, alçaldıb, “qız qələt edər, qab yumaq öyrənər, ərə gedər, ata-ananın başın uca edər” kimi sözləri illərlə eşitmişəm. Ağlım kəsəndən ər terroru yaşamışam, cehiz almaqla, hər gün ərə getməli olduğumu xatırlatmaqla, başqa qızların “uğurlu” evliliklərini gözümə soxub, natamamlıq kompleksi yaşatmaqla, ailə qurmaq istəmədiyimi görəndə göz yaşları, köksötürmələrlə şantaj etməklə başıma oyun açıblar.

Mən dayanmışam, dözmüşəm, bəs axı daha zəif olan, davam gətirə bilməyən, sınan, məcbur başını götürüb ər evində xilas axtaran, bunla da özünü daha ağır cəhənnəmin içinə atıb, məhv edən yüzlərlə, minlərlə qız olub axı…

Bununla belə, qulağımız hər gün cinsimiz barədə bir alçaldıcı, təhqierdici söz eşidir, boynumuza qoymağa çalışırlar ki, biz məhz cinsimizə görə nəyisə pis bilir, nəyisə bilmir, nə iləsə maraqlanmır, nəyisə bacarmırıq…

Halbuki, dünyanın ən müasir ölkələrində belə, qaydalar, şərtlər bərabər deyil. Heç bərabər deyil.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəQeyri-bərabər ”savaş”